Ön cəbhədən REPORTAJ

13:00 | 10.08.2014
Ön cəbhədən REPORTAJ

Ön cəbhədən REPORTAJ

Soçidə Prezidentlərin görüşü ərəfəsində də Ermənistan silahlı qüvvələri cəbhə xətti boyunca təxribatlarına ara vermir. 
Bu gün də Tovuzun Hacıalılı kəndi ərazisində Azərbaycan vətəndaşına aid avtomobil atəşə tutulub. Cəbhəyanı kəndlər mütamadi olaraq güləbarana məruz qalır.
ANS TV-nin məlumatına görə, mülki şəxslər atəşkəsin pozulmasından zərər görsə də buna baxmayaraq səngərlərdə xidmət çəkən əsgərlər döyüş ruhuna köklənib. Onlardakı bu ruh yüksəkliyi bir qrup jurnalist və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə səngərdə olan bölgə müxbirimizin də diqqətini cəlb edib. 
"Dağların ətəyi boyunca çəkilmiş bu yollar bizi cəbhənin ön xəttinə aparır. Hərbi avtomobildə irəliləmək bu şəraitə uyğunlaşmayanlar üçün elə də asan deyil. Yol boyunca qarşı tərəfin hərbi postları görünür. Bəzi ərazilərdə Azərbaycan hərbi postları, əksəriyyətin də isə erməni postlarının yüksəklikdə yerləşdiyi müşahidə olunur. Budur qoşunların təmas xəttindəki posta çatırıq. Buradan qarşı tərəfin hərbi məntəqələri və kəndləri görsənir".
Hərbçilər deyir ki, gecə-gündüz ermənilər onları hədəfə almağa çalışırlar, lakin səngərdəki əsgərlər ayıq-sayıq görünür. 
Tağım komandir Nurlan Səfərov deyir ki, "Ön cəbhədə xidmət çəkmək hər bir oğul üçün şərəf olduğu kimi bizim üçün də şərəfdir. Bu bir şərəfdir və qürur hissidir. Bu gün səngərdə xidmət eləməkdən, xalqımızı qorumaqdan mən şərəf duyuram. Son zamanlar atəşkəs intensiv pozulmağına baxmayaraq düşmən layiqli cavabını alır, hər zaman bu belə olub, belə də olacaq. Ali Baş Komandanın əmrini icra etməyə və torpaqlarımızı azad etməyə hazırıq və buna qadir bizim güclü ordumuz var.” 
“Hazırda dayandığımız səngər Tovuz rayonun Hacıallı kəndindəki N saylı hərbi hissədə yerləşir. Buradan Ermənistanın Berd rayonunun əraziləri və qoşunların təmas xətti açıq-aydın görünür. Ermənistan hərbi birləşmələrinin ən yaxın postu bu ərazidən təxminən 300 metr uzaqlıqdadır".
Jurnalistlərdən, QHT nümayəndələri və həbçilərdən ibarət qrup da səngərdəki vəziyyətlə tanış olmaq üçün buradadır. 
Ehtiyatda olan zabit Gülarə Musayeva bildirir ki, “Azərbaycan oğulları, türk oğulları - yeni nəsillər dünyaya gətirmək üçün bu oğullar yaşamalıdır. Yaşamalıdırlar ki, bizim sayımız qat-qat çox olsun və düşmən həmişə bizim qarşımızda tir-tir əssin, necə ki, indi əsir". 
Hərbi məntəqədə hər şey nizam-intizamlıdır. Hərbçilərimiz hər bir hücuma hazır görünür. Gənc əsgərdən tutmuş komandirə qədər hər kəs ön cəbhədəki gərgin və qeyri-sabit vəziyyətə baxmayaraq qonaqlarn gəlişindən məmnundurlar.
Əsgər Fərhad Həsənov vurğulayır ki, “Mən fəxr edirəm ki, ön cəbhədə xidmət edirəm, burda xidmət çətin olsa da mən bununla şərəf duyuram".
Bu ərazilərdə Ermənistan silahlıları bu gün Azərbaycan vətəndaşının avtomobilini də vurub. Biləsuvar sakini 25 yaşlı Əflat Məmmədliyə məxsus VAZ 2107 markalı avtomobil Tovuzun Hacıalılı kəndi ərazindən keçərkən qarşı tərəfdən atəş açılıb, nəticədə avtomobil yanaraq yararsız hala düşüb. Lakin xəsarət alan olmayıb. Bu cür təxribatlar qarşı tərəfdən mütəmadi törədilir. Bununla belə səngərlərdə əsgərlər ruhdan düşməyib.
Ön xətti tərk edib geriyə qayıdırıq. Əsgər və zabitlər isə gecə-gündüz demədən vətənin keşiyini çəkməyə davam edir.
Qaynar.info
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM