NATO İzmir Quru qüvvələri komandanı general-leytenant Frederik Hodqes Vaşinqtonda mətbuat konfransı keçirib.
Axar.az xəbər verir ki, general Hodqes Rusiyanın Ukraynada vəziyyəti gərginləşdirmək cəhdinin Qara dəniz ölkələri üçün ciddi təhlükə olduğunu bildirib.
Moskva Türkiyəyə kimi irəliləyəcək...
General çıxışında Avropanın şərqində ciddi proseslərin getdiyini bildirərək, Rusiyanın artıq aktiv hücuma keçdiyini dilə gətirib. Onun sözlərinə görə, artıq Rusiya yoxlama testinə keçib: “Rusiya reaksiya görməsə, irəliləməyə davam edəcək. Məqsəd Qara dəniz ətrafında olan ölkələri nəzarətə götürməkdir. Bu baxımdan rəsmi Moskva müqavimət görməsə, Türkiyəyə kimi gələ bilər. Baxmayaraq ki, Türkiyə hər zaman sayıqlığını saxlayıb”.
Avropa ölkələri xəritədən silinə bilər
Rusiyanın Ukraynada baş verən hadisələrdə düşmən kimi davrandığını deyən Hodqes Rusiya durdurulmasa, Avropanın başının üstünü qara buludlar alacağını deyib: “Əgər Rusiya atdığı addımların cavabsız qaldığını, Qərbin buna icazə verdiyini görərsə şərqi Avropa ölkələri xəritədən silinə bilər”.
Qara dənizdə olan təbii ehtiyatlardan danışan general Hodqes bunun mübahisəli olduğunu bildirib: "Qara dənizdəki ehtiyatlar mübahisəlidir. Öncə nəzərə almaq lazımdır ki, sahil ölkələrinin özündən də çox bura Avropaya hava-su kimi lazımdır. Çünki Qara dənizin dibində zəngin neft və qaz yataqlarının olduğu artıq məlumdur”.
Dunaya nəzarət
Ayrıca olaraq general getdikcə artan rus təhlükəsinə toxunaraq zamanın Qərbin xeyrinə işləmədiyini deyib: “Rusiyanın Dunay çayına getdikcə yaxınlaşdığını nəzərə alsaq, vəziyyət heç də ürəkaçan deyil. 12 Avropa ölkəsinin asılı olduğu bu çayın giriş-çıxışına Rusiya nəzarət edə bilər. Dunay çayının sahilində olan bütün ölkələr NATO-nun üzvüdür. Bu səbəbdən də məsələyə NATO vasitəsi ilə təzyiq olunmalıdır”.
NATO hərbi əməliyyatları və...
Hodqes Qara dənizdə Türkiyə və digər NATO üzvlərinin iştirakı ilə hərbi təlimlərin davam etdiyini xatırladaraq, bunu, NATO-nun Qara dənizdə hərbi əməliyyatlar keçirmək iqtidarında olduğunun göstəricisi kimi dəyərləndirdi: “Qara dəniz rus dənizi deyil. Rusiyadan başqa burada Türkiyə, Rumıniya, Bolqarıstan, Ukrayna kimi ölkələr də var. Hərbi təlimlər keçirmək onların hüququdur. Təlimlər göstərir ki, istənilən vaxt NATO Qara dənizdə hərbi əməliyyatlara başlaya bilər”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !