"Neftin qiyməti qalxsa da vəziyyət dəyişməyəcək" - Nazim Məmmədov

10:00 | 11.01.2015

"Neftin qiyməti qalxsa da vəziyyət dəyişməyəcək" - Nazim Məmmədov

Dünyada, həmçinin Azərbaycanda neftin qiymətinin aşağı düşməsi prosesi davam edir. Azərbaycanda  büdcənin əsasını neftdən gələn gəlir təşkil etdiyi üçün neftin qiymətinin günü-gündən aşağı enməsi dövlət büdcəsində çətinliklər yarada bilər.
 
Büdcə gəlirlərinin artırılmasında neft şirkətindən başqa hansı sahələrin təsiri var?  Neftin qiymətinin ucuzlaşması ərəfəsində hökumət büdcəni necə icra edəcək? İlin ortalarında yenidən büdcəyə baxılma ehtimalı varmı? Neftin qiymətinin bu templə aşağı enməsi bir neçə il davam edərsə, Dövlət Neft Fondu hansı tədbirləri görəcək? Bu suallara aydınlıq gətirmək üçün sabiq millət vəkili, iqtisadçı - ekspert Nazim Məmmədova müraciət etdik.
 
Ekspert Nazim Məmmədov ANN.Az-a açıqlamasında bildirib ki, dövlət büdcəsində kəsr yarandığı halda Dövlət Neft Fondundan büdcəyə transfer edərək büdcə kəsiri bağlanılır: "Klassik iqtisadi nəzəriyyədə  və təcrübədə  büdcə kəsirləri yarandıqda hökumətlər qiymətli kağızlar yolu ilə, xarici investitorlardan vəsait cəlb etməklə, iqtisadi islahatlar aparmaqla, dövlət əmlakının özəlləşdirməsindən daxilolmalar və digər mənbələr hesabına büdcə kəsirini bağlayırlar. Yəni müxtəlif yollarla büdcə kəsrinin fəsadlarını aradan qaldırmaq üçün vəsaitlər tapırlar, ölkələrdə iqtisadi fəallığı stimullaşdırırlar ki, daha çox vergi gəlirləri toplasınlar. Bizim hökumətin isə çox yaxşı metodu var və bu Dövlət Neft Fondunun mövcudluğundan ibarətdir, sehrli çubuq işə salınaraq həmin fonddan vəsaitlər büdcəyə trasfer olunur, beləcə büdcə kəsri rahat bir şəkildə qapadılır".
 
N.Məmmədov qeyd edir ki, dövlət büdcəsinə 2015-ci ilin ortalarında yenidən baxılma ehtimalı var: "Əslində büdcəyə yenidən baxılması mümkündür. Büdcə qanunvericiliyinə görə, əgər hökumətin 10 faizə qədər büdcə xərclərini azaltmaq məcburiyyəti varsa, bunu sekvestr yolu ilə - yəni Maliyyə Nazirliyi – hökumət özü müəyyən xərc maddələrinə deyişiklik etməklə həll edə bilər. Bu həm də o deməkdir ki, ilin ortasında büdcəyə yenidən baxılmasına ehtiyac yaranmaya bilər, əgər bu 10% -i keçsə onda Milli Məclisin yenidən büdcə müzakirəsinə toplaşmağa ehtiyac yaranacaq. Onu da vurğulayım ki, son illər Azərbaycan praktikasında sekvestr olmayıb. Çünki həmişə profisit baş verib və əlavə vəsaitlərinin bölüşdürülməsi ilə bağlı zərurət yaranıb. Buna görə mənə elə gəlir ki, büdcəyə yenidən baxılacaq. Büdcəyə baxılması o demək deyil ki, çox ciddi problemlər yaşana bilər. Deyə bilərik ki, vergilər yolu ilə, Gömrük Komitəsinin yolu ilə daxilolmalar, eyni zamanda özəlləşmədən daxilolmalar bəllidir.  Büdcənin qeyd etdiyim kimi gəlirlər hissəsində bu mənbələr hesabına daxilolmalarda hər hansı bir problemin olmayacağını indidən əminliklə demək olar"

Dünya bazarında neftin qiymətinin aşağı enməsinə və bu prosesin Azərbaycanın dövlət büdcəsinə təsir etməsinə gəlincə, N.Məmmədov belə hadisənin 2009-cu ildə də baş verdiyini xatırladıb: "Amma 2009-cu ildə bu proses qısa çəkdi. Hazırda dünya bazarında neftin qiymətinin aşağı düşməsinin ciddi iqtisadi əsasları var. Bu əsaslardan ən başlıcası əsas istehlakçılar olan ABŞ və Avropa Birliyinə daxil olan ölkələrin enerji mənbələrinin diversifikasiyasında əhəmiyyətli artımlar və bunun nəticəsində enerji asılılığının azaldılmasıdır. Hətta qeyd etmək lazımdır ki, keçən ilin yayından başlayaraq ABŞ höküməti uzun illərdən sonra ABŞ-da neft ixracına qoyulmuş qadağanı aradan qaldırdı. Bir neçə böyük şirkətlərə neft ixracı ilə bağlı lisenziya verməyə başladı. Bu mənbələr, eləcə də yeni texnologiyalar hesabına ABŞ başda olmaqla onun tərəfdaşları neft ölkələrindən asılılığı azaldır".

İqtisadçı ekspertin sözlərinə görə, əslində bu gözlənilən idi: "Ancaq tez baş verməyinin səbəblərindən biri Rusiyanın beynəlxalq hüququ tapdalayaraq vaxtı ilə özünün də tərəfdaş çıxdığı və imzaladığı Budapeşt memorandumunu pozması, müstəqil və suveren ölkə olan Ukraynanın ərazisini işğal etməsidir. Belə hadisə 2008-ci ildə Gürcüstanla bağlı həyata keçirilmişdi. Qərb ölkələri Rusiyanın bu addımının davam etdirməməsi üçün böyük neft gəlirlərindən məhrum etmək niyyətini tezləşdirdi. Bu da xammal ölkəsi olan Rusiya Federasiyası üçün çox pis nəticələrə gətirib çıxartdı. Belə ehtimal var ki, imperiya  ambisiyalı siyasətçilərin hələ də Kremldə böyük qüvvəyə malik olmaları hətta 3-cü Dünya müharibəsinə də gətirib çıxardar. Ümid edək ki, Rusiya demokratikləşmə yolunu tutacaq və qonşularına, tərəfdaşlarına beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini yerinə yetirəcək. Qarabağın da işğalı Rusiyanın apardığı siyasətlə bağlıdır. Ümid edək ki, Rusiya qonşularına yuxarıdan aşağı baxmayacaq, doğru yola dönəcək və cəmiyyəti demokratikləşəcək".
 
Ekspertin fikrincə, bu ilin birinci yarımilliyində dünyanın iqtisadi durumunun hara istiqamətlənəcəyi bilinəcək: "Artıq beynəlxalq müqavilələrin də gedişatı onu göstərir ki, neftin qiymətinin 50 dollardan aşağı olmasına dair müqavilələr bağlanılır. Neftin qiyməti artıq stabilləşsə də bu proses birjalara yaxın aylarda təsir etməyəcək. Çünki neft alıcıları qiymətlərlə  bağlı bir neçə ay sonranın müqavilələrini bağlayıblar. Demək olar ki, bütün birjalarda mart, aprel aylarına və ya daha sonraya göndəriləcək neftin qiymətləri fiksasiya olunur. Neftin qiymətində müsbətə doğru dəyişikliklər olsa da, bu ilin ikinci yarım illiyində baş verəcək və o vaxta bağlanılacaq müqavilələrə təsir göstərəcək. Hələ ki mən güman etmirəm ki, neftin qiyməti tez bir zamanda qalxsın, yaxud stabilləşsin".


Orxan Aslanlı

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM