Etirazlar dalğası öz nəticəsini verdi
ANN.Az xəbər verir ki, 26 sentyabrda Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Dövlət Ermitaj muzeyində Şərq Numizmatikası üzrə II Beynəlxalq Konfrans fəaliyyətə başlayıb.
Konfransın başlamasına qədər sözügedən konfrans Azərbaycanda birmənalı qarşılanmayıb. Belə ki, erməni alim Aleksandr Akopyan rusiyalı alim P.N. Petrvola birlikdə "17471827-ci illərdə Şərqi Ermənistanda Sikkə Məsələsi. İrəvan, Naxçıvan, Gəncə və Qarabağ Xanlıqları" başlıqlı məqalə ilə çıxış etmək istəyib. Bununla azərbaycan sikkələri geniş ictimaiyyətə erməni pulları kimi təqdim ediləcəkdi.
Ancaq yerli azərbaycan medianın müdaxiləsi, AMEA-nın, Z.Tağıyev adına Tarix Muzeyi, Azərbaycanın Sankt-Peterburqdakı konsulluğunun müraciətindən sonra Ermitaj rəhbərliyi sözügedən məqalənin adını "İrəvan, Naxçıvan, Gəncə və Qarabağ Xanlıqlarının sikkə məsələsi" şəklində dəyişib. Bundan əlavə, tanınmış numizmat Əli Rəcəbli və AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi işçisi Rizvan Hüseynov konfransda Azərbaycanı təmsil etmək imkanı əldə ediblər.
Dövlət Ermitajının direktoru M.B. Piotrovskiy azərbaycanlı alimləri qəbul edərək bu tədbirdə Azərbaycanın da təmsil edilməsindən məmnun olduğunu dilə gətirib. O qeyd edib ki, Akopyanın məqaləsinin adı dəyişdirilib.
Piotrovskiyin sözlərinə görə, erməni əsilli alimin çıxışı onun şəxsi təşəbbüsüdür və konfransın təşkilat komitəsi ilə razılaşdırılmayıb.
"Siyasətlə elmi qarışdırmaq olmaz. Qafqaz tarixinin siyasiləşdirilməsinə yönəlmiş oxşar cəhdlər narahatlıq doğurur", - deyə Ermitajın direktoru qeyd edib.
O, numizmatika sahəsində azərbaycanlı alimlərin rolunu yüksək qiymətləndirib və Ermitajla Azərbaycanın elmi dairələri ilə əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb.
Rəşid MUSTAFAZADƏ
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !