Ohanyanın mina hədəsinə kəşfiyyatçılarımızdan tutarlı cavablar gəldi

12:17 | 19.07.2014
Ohanyanın mina hədəsinə kəşfiyyatçılarımızdan tutarlı cavablar gəldi

Ohanyanın mina hədəsinə kəşfiyyatçılarımızdan tutarlı cavablar gəldi

“İlham Ağalarov:  “Düşmən nə qədər minalasa da, yenə kəşfiyyatçılar üçün cığırlar var, olub və olacaq...”
Rey Kərimoğlu: “Düzdür, bu, risklidir, amma lazım gələndə ikiqat minalanmış sahəni də keçmək mümkün olur...”
Qarabağ əsilli azərbaycanlıların rahat şəkildə Kəlbəcərə keçməsi, orda hətta ocaq qalayıb kabab çəkməsi, bu kadrları videoya çəkmələri Azərbaycanın işğal altındakı ərazilərində yaşayan erməniləri, həmçinin Ermənistan hökumətini ciddi şəkildə narahat edib. Müxtəlif ianələr hesabına və şirnikləndirici vədlərlə Qarabağ torpaqlarında ermənilərin sayını artırmağa çalışan, bunun üçün hətta Suriya ermənilərini torpaqlarımıza köçürən İrəvan 3 azərbaycanlının öz dədə-baba yurdlarına getməsindən sonra müşkül durumla üzləşib. 
Gələn məlumatlara görə, son günlər bəzi ermənilər Qarabağda yaşamağın perspektivini görmədiklərini qətiləşdirib buradan köçməyə qərarlı görünürlər və hətta artıq şələ-şüləsini yığışdırıb gedənlər də var. Odur ki, Ermənistanın baş naziri Ovik Abramyan təcili kabineti toplayaraq görüş keçirib. O. Abramyan müdafiə naziri Seyran Ohanyandan məsələ ilə bağlı açıqlama verməsini tələb edib. Ohanyan bildirib ki, hazırda Kəlbəcərdə yaşayan ermənilərlə iş aparılır. Əraziyə əlavə nəzarət-buraxılış postları qoyulub və həmin istiqamətlərə əlavə hərbi bölmələr göndərilib. Ön cəbhədə minalanma işləri aparılır. “Kəlbəcərə gedən bütün mümkün yollar minalanacaq. Dağlıq Qarabağ ordusu hazırda Kəlbəcərə aparan bütün mümkün yolların müəyyənləşdirilməsi və həmin yolların minalanması üçün tədbirlər görür. Təmas xəttində xidmət rejimi gücləndirilib” - deyə Ohanyan hökumət üzvləri qarşısında məruzə edərkən bildirib.
Xatırladaq ki, iyulun 11-də 3 azərbaycanlı, Cəbrayıl sakini Həsən Həsənov, Kəlbəcər sakinləri Dilqəm Əsgərov və Şahbaz Quliyev öz doğma torpaqlarında ermənilər tərəfindən əsir götürülüb. Həsən Həsənov ermənilərlə qarşıdurma zamanı qətlə yetirilib. Şahbaz Quliyev və Dilqəm Əsgərov barəsində isə tanınmamış Qarabağ respublikasının baş prokurorluğu cinayət işi qaldırılıb. Ermənilər tərəfindən diversant kimi qələmə verilən Şahbaz Quliyev sərhədi qanunsuz keçməkdə, Dilqəm Əsgərov isə bir erməni hərbçisinin və iyulun 15-də dağlarda meyiti tapılan kənd sakininin ölümündə ittiham olunur. Bununla yanaşı, Ermənistan tərəfi atışma zamanı erməni mayoru Sarkis Abraamyanın öldürüldüyünü və Karine Davtyan adlı qadının yaralandığını iddia edir.
Bəs işğalçı ölkə, yaxud Qarabağdakı terrorçu-cinayətkar rejim təmas xəttinə minalar düzməklə Azərbaycanın və ya azərbaycanlıların yolunu birdəfəlik kəsə bilərmi? 
Qarabağ müharibəsində Füzulidəki N saylı briqadanın kəşfiyyat bölüyünün komandiri olmuş İlham Ağalarov deyir ki, onsuz da təmas xətti minalı idi. Hardan tank keçə bilərsə, ora tank əleyhinə, yaxud hardan piyada keçə bilərsə, ora piyada əleyhinə minaların qoyulduğu məlumdur: “Amma elə yerlər var ki, ermənilər oranı heç cür minalaya bilməz. Deyək ki, relyefinə görə çətin yerlər var. Yaxud vəhşi heyvanlar həmişə insandan qabaq gedib minanı partladırlar. Bu mənada həmin yerlərin minalanması elə də sərfəli deyil. Həmçinin piyadaların gəldiyi vaxt partladılmalı olan minalar üçün də radioidarəedici sistem yaradılmalı, üstəlik, o sistem qorunmalı, bunun üçün daimi nəzarətçi qoyulmalıdır. Bu da əlavə, böyük resurslar tələb edir. Ona görə də hər yerin minalanması faktiki olaraq mümkün deyil. Ermənilərin iddiaları yalandır. Onlar nə qədər minalasa da, yenə ”yaşıl cığırlar" var. İstənilən briqada və ya tabor səviyyəsində  kəşfiyyatların hərəsinin özləri üçün gedib-gəlmək üçün cığırları, yolları var, daha doğrusu, olmalıdır". 
Kəşfiyyatçı deyir ki, o, vaxtilə çoxsaylı əməliyyatlarda iştirak edib: “Hətta atəşkəs dövründə də biz öz məxfi yollarımızla gedib-gəlirdik, düşmən arxasından məlumatlar gətirirdik. Atəşkəsdən sonra müxtəlif qərarlar oldu, bir dəfə dedilər Qarabağa getmək olar, sonra dedilər olmaz. Daha sonra yenə fərqli qərar verildi, dedilər ki, Qarabağ bizim torpağımızdır, getmək olar. Beləcə, biz həmin o köhnə yerlərdən istifadə edib getdik də, gəldik də. Ohanyanın dedikləri gözdən pərdə asmaq, camaatı sakitləşdirmək üçündür. Yolları nə qədər minalasalar da, effekt verməyəcək, o cığırlar yenə qalacaq. Düşmən nə qədər minalasa da, yenə kəşfiyyatçılar üçün cığırlar var, olub və olacaq”. 
İlham Ağalarov Kəlbəcərdə girov götürülən azərbaycanlılarla bağlı da danışdı: “Mən Rusiyada çalışanda onların çəkdiyi bir videokasetə baxmışdım. Sonra mən o kadrların bir hissəsini ANS-də də gördüm. Onların bu gediş-gəlişimi təbii qarşılayıram. Kəlbəcər elə yerdir ki, hər ağacın dibində bir erməni oturub gözləyə bilməz ki. Daim gedib-gələnlər var. Naxçıvandan da keçib qəbirləri ziyarətə getmişdilər. Düzdür, o, artıq dövlət sərhədidir, bir az başqa məsələdir. Amma Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Kəlbəcərə gedənlərin kəşfiyyat məqsədi olmayıb. Kəşfiyyatın qarşısında birinci əsas tələb olur - ona məqsədyönlü kəşfiyyat deyirlər. Yəni gedib-gəlməkdə məqsəd ümumi ordunun və dövlətin məqsədinə uyğun olmalıdır. Yəni biz  əgər hücum etmək istəyiriksə, gedib düşmənin qüvvələrini, hücum üçün yerləri, yaxud üstümüzə hücum edəcək qüvvələrin tərkibini, durumunu öyrənirik. Amma mülki şəxslər, sadəcə, ata-babalarının məzarını ziyarətə gediblər. Düzü, mən fəxr edirəm, halal olsun onlara. Gedirlər də, gəlirlər də".  
Kəşfiyyatçı hesab edir ki, azərbaycanlıların girov düşməsində onlarla bağlı əvvəllər yayılan məlumatlar da rol oynamamış deyil: “Kiminsə onları satması da istisna deyil. Amma neçə vaxt idi bu videokadrlar yayılırdı. O videolara biz baxdığımız kimi ermənilər də baxırdı. Deyək ki, ermənilərin başında dayananlar tələb edirlər aşağıdakılardan ki, siz burda necə dayanıbsınız, azərbaycanlılar arxanıza keçib istədiklərini edirlər. Üstəlik, indiki şəraitdə ora Suriyadan, digər ölkələrdən çoxlu erməni köçürüblər, Amerikanın da müəyyən dəstəyi var, infrastrukturu bərpa  edirlər, belə vaxtda onlar təhlükəsizliyi tam təmin etmək üçün çalışırlar. Ona görə ”polis", “təhlükəsizlik orqanları”, “ordu” hərəkətə keçib və təxmin ediblər ki, bu adamlar hardan bura gələ bilər. Ola bilər pusqu qurublar, kimsə məlumatlı olub". 
İ.Ağalarov bir məqamı da vurğuladı: “Kəşfiyyatın da qanunu var, əgər getmisənsə, səni lap bir günahsız çoban görübsə belə, sən mütləq onu öldürməlisən”. Kəşfiyyatçı şübhə etmir ki, düşmən bundan sonra çalışacaq ki, biz tərəfdən gediş-gəlişi məhdudlaşdırsın: “Amma bundan əvvəl də gedib-gəlirdilər. Hər bir tabor və ya briqada kəşfiyyatının düşmən tərəfdə müəyyən dərinliyi və eni olan, xəritədə göstərilən ”ərazisi", sahəsi var. Mən qonşu briqadanın kəşfiyyat ərazisində əməliyyat işi aparacağamsa, heç olmasa həmin briqadanın kəşfiyyat rəisini məlumatlandırmalıyam, o, bu barədə bilməlidir. Çünki bəlkə elə onun da həmin ərazidə əməliyyatçıları var və əməliyyat şəraitində qarşılaşa bilərik, bir-birimizi qırarıq. Qarabağ bizim ərazimizdir. Odur ki, bizim qruplarımız orda işləməlidir". İ.Ağalarov deyir ki, düşmən tərəfdən müəyyən adamları tutub girovlarla dəyişmək olar: «Hətta Ohanyanın harda qohumu varsa, onu müəyyənləşdirib tutub gətirmək olar. Qabaqlar bizdə elə siyahılar var idi, operativ məlumatları yığıb sistemləşdirirdilər". 
Maraqlıdır, təcrübəli kəşfiyyatçılar bu mərhələdə dövlətə öz xidmətini təklif edə bilərmi? İ.Ağalarov: “Mən bir dəfə dövlətə təkliflərimi vermişəm. Hardansa biz də erməniləri tutub gətirə bilərik. Bu yollarla istənilən vaxt getmək olar. Diletant gedirsə, peşəkar niyə getməsin? Kəlbəcər olmasın, başqa yerlər olsun. Amma Kəlbəcər gediş-gəliş üçün daha əlverişlidir. Çünki ora elə bir sahədir, dəqiq qorunmur. Mən özüm son dəfə kəşfiyyatda 1996-cı ildə olmuşam. Mənim özümün yerim var idi. O vaxt erməni zabitini tutub gətirmişdim, Qobustan təcridxanasında saxlayırdılar, sonra dəyişdilər. Onda bizim əsir və girovlarımız çox idi”.
İ.Ağalarovun sözlərinə görə, hazırda Azərbaycan kəşfiyyatı əvvəlki dövrlə müqayisədə çox irəli gedib: “Bizdən də təcrübəli kəşfiyyatçılar var. O vaxt bütün Qarabağ cəbhəsi üzrə zəruri rabitə avadanlığı təkcə məndə idi. İndi bizim müasir avadanlıqlarımız, xüsusi təyinatlılarımız var. Kəşfiyyatın sülhə, müharibəyə dəxli yoxdur, o, hər zaman öz işini görməlidir. Ancaq girov düşən kəlbəcərlilər həmişə gedib-gələn adamlardır, onlar kəşfiyyatçı deyildilər. Onlar gedirsə, deməli, bizim peşəkarlar daha asan gedib-gələ bilər”. Kəşfiyyatçı deyir ki, diversiya tədbirlərinə Azərbaycan daim hazır vəziyyətdə olmalıdır: “Sabah qəfil müharibə əmri verilə bilər və o gün üçün bizim diversiya-kəşfiyyat qüvvələrimizi hərəkətə keçməlidir. Necə ki, 1941-ci ilin 22 iyununda Hitler müharibəyə başlayan kimi onun xeyli diversiya qrupları Rusiyada hərəkətə keçdi. Yəni həmin gün nəqliyyatın işini iflic edir, rabitəni kəsirsən, idarə orqanlarını sıradan çıxarırsan. Bu mənada bizim gizli planımız həmişə olmalıdır”.  
Qarabağ qazisi, keçmiş kəşfiyyatçı Rey Kərimoğlu da hesab edir ki, Ohanyanın açıqlaması xofda, qorxu içində olan erməni əhalini sakitləşdirməyə hesablanıb: “Erməni təbliğatı dəfələrlə yazıb ki, bunlar panika içindədir. Digər tərəfdən də o əraziləri minalamağa böyük vəsait lazımdır. Ermənistanın isə ona gücü və qüdrəti çatmaz. Minalasalar belə, ordan keçməyin də öz metodu, qaydası var. Düzdür, bu, risklidir, amma lazım gələndə ikiqat minalanmış sahəni də keçmək mümkün olur. Bu, o demək deyil ki, daha ordan keçmək mümkün olmayacaq”. 
Qeyd edək ki, R.Kərimoğlu 1992-ci ilin 9 avqustunda Əsgəran-Xankəndi istiqamətində - erməni kəndi olan Noraguhdan keçib Xocalıya getmək istəyəndə piyada əleyhinə minaya düşüb və ağır xəsarət alıb. Ancaq keçmiş döyüşçü deyir ki, ona qədər ermənilərin ikiqat mina xəttindən keçib gedə bilibmişlər: “Bilirsinizmi Qarabağa uzanan nə qədər dağ, dərə, cığır, yol var? O qədər olub ki, müharibədə əməliyyatlar zamanı düşmənin ikiqat minaladığı ərazilərdən keçib getmişik. Bu mənada Ohanyanın Azərbaycanı mina ilə qorxutmaq cəhdi absurddur”. 
“Girov götürülən əli silahsız, hərbi təcrübəsi olmayan 3 Azərbaycan vətəndaşı prezidentdən tutmuş, müdafiə nazirinə qədər bütün erməni cəmiyyətinin canına böyük vəlvələ salıb, yuxularına haram qatıb”. Bunu isə modern.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun fikrincə, ötən 20 il ərzində 30 nəfər əli silahlımız torpaqlarımıza getsəydi, yəqin ki, ermənilər hər şeyi qoyub qaçardılar: “Biz hüquqi müstəvidə həmin məsələni ermənilərin qarşısına qoyub deməliyik ki, siz ermənilər, BMT-nin məlum qətnaməsinə görə məsuliyyətə cəlb olunmalısınız. Seyran Ohanyan haranı istəyir minalatdırsın. Bir şeyi xatırladım, əsgərlərimiz həmin ərazilərə qayıdan zaman mütləq Azərbaycan istehkamçıları tərəfindən ərazilər təmizlənəcək. Amma Ohanyan unutmasın ki, minalatdıracağı ərazilərdə daha çox öz əsgərləri və vətəndaşları var, onlar bundan daha çox əziyyət çəkəcəklər. Təklif edirəm ki, o, özününkülərin qeydinə qalsın, bizim çəkinəcəyimiz heç nə yoxdur. Mən şəxsən Ohanyanın bu açıqlamasını ermənilərin panik vəziyyətdə olması ilə bağlayıram”.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM