"Palata bankların normal işləməsi üçün tədbirlər görməyə borcludur" - MÜSAHİBƏ

15:13 | 04.08.2016

"Palata bankların normal işləməsi üçün tədbirlər görməyə borcludur" - MÜSAHİBƏ

ANN.Az-ın müsahibi sabiq maliyyə naziri Fikrət Yusifovdur. Sabiq nazir müsabihə zamanı son zamanlar bank sektorunda baş verən ciddi dəyişiklikləri şərh edib. 

- Maliyyə Bazarlarına Nəzarət Palatası yeni yarananda bankları qoruyacağını deyirdi. Amma buna baxmayaraq həmin qurum Maliyyə Nazirliyi və Mərkəzi Bankla birgə 4 bankın bağlanması haqda qərar verir. Burada təzadlı məqam yaranır. Banklara kim yardım etməlidir?

- Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasında maliyyə bazarlarının səmərəli fəaliyyətini və dayanıqlığını təmin etmək, kreditorların, sığortalıların, investorların və maliyyə bazarlarının digər istehlakçılarının hüquqlarını qorumaqdır.  Banklarla bağlı Palatanın əsas hədəfi ölkədə yeni, müasir tələblərə cavab verə biləcək bir bank sisteminin qurulmasına dəstək olmaqdan ibarətdir. Burada söhbət bankların qorunmasından daha çox, öz fəaliyətini günün tələbləri səviyyəsində qura bilməyən, maliyyə bazarında müəyyən problemlərin yaranmasına səbəb olan bankların işinin yenidən qurulmasına köməklik göstərməkdən, bu mümkün olmadıqda isə onların bazardan tamamilə çıxarılmasını təmin etməkdən ibarətdir. Ona görədə Maliyyə Bazarlarına Nəzarət Palatası bankların normal fəaliyyət etməsi yolunda zəruri tədbirlər görməyə borcludur. Əgər hansısa banklar yarıtmaz fəaliyyət  göstərib,  maliyyə bazarında sabitliyin pozulmasına şərait yaradacaqlarsa, onda belə bankların bağlanması barədə Palatanın qərarlarını alqışlamaq lazımdır.

- 4 bankın bağlanması iqtisadi duruma necə təsir edəcək? Digər bankların aqibəti necə olacaq? Lisenziyası ləğv edilən banklar sayı artacaqmı? 

- Ölkə iqtisadiyyatına dəstək verə bilməyən, müştərilərlə münasibətlərdə bir qayda olaraq problemlər yaradan, bank fəaliyyətindən daha çox lombard fəaliyyətinə yaxın olan bir fəaliyyətlə məşğul olan banklar sıradan çıxdıqdan sonra, yerdə qalan bankların böyük əksəriyyətinin birləşərək iri banklara çevrilməsi və bu əsasda ölkədə normal bank sisteminin yaranması mümkündür. Bank islahatlarının əsas hədəfləri bundan ibarət olmalıdır. Banklar nəhayət ki, üzlərini ölkənin iqtisadiyyatına tutmalıdırlar. Yeni iqtisadi situasiya bunu bizdən tələb edir. Dövlət bu gün bank sisteminin yenidən qurulması, banklara, milli valyutaya olan inamın bərpası istiqamətində çox ciddi addımlar atır. Bu məsələdə dövlətin əsas marağı, sonda, ölkə iqtisadiyyatına dəstək ola biləcək normal bank sistemini yaratmaqdan ibarətdir. 

- Artıq ölkədə bağlanan bankların sayı artır. Əhalinin də banklara əmanət qoymağa marağı azalır. Hansı tədbirlər görülməlidir ki, banklara olan maraq yenidən əvvəlki səviyyəyə qayıtsın?

- Əmanətlərin üç il müddətinə tam sığortalanması artıq hər bir əmanətçi üçün bir dövlət zəmanətidir. Belə zəmanət olan yerdə banklara əmanət yerləşdirməkdən çəkinmək lazım deyil. Dövlətin bu addımının əsas məqsədi də banklara olan inamın bərpa edilməsindən ibarətdir. Hesab edirəm ki, manatla olan əmanətlər üzrə faiz dərəcələrini bir qədər də artırmaqla müsbət nəticələr əldə etmək mümkündür. Bunu elə bir şəkildə etmək lazımdır ki, insanlarımız ən qısa zaman kəsiyində dollarla olan əmanətlərin böyük bir hissəsini manatla olan əmanətlərə çevirsinlər. Bu realdır, sadəcə burada bəzi  incəlikləri gözləmək  gərəkdir.  

- İqtisadçılar ölkədə bankların sayının çox olduğunu bildirirlər. Konkret olaraq Azərbaycan üçün neçə bankın fəaliyyət göstərməsi kifayətdir? 

- Mən bu suala mətbuat səhifələrində bir neçə dəfə cavab vermişəm. Həmən cavabı bir də təkrar edirəm. Azərbaycan böyüklükdə məmləkət üçün hər kənddə, hər qəsəbədə filialları, nümayəndəlikləri,  xidmət avadanlıqları olan, müasir bank texnologiyaları ilə təchiz edilmiş 5-6 bank kifayətdir.

- Maliyyə naziri Samir Şərifov qənaət rejiminin tətbiq edildiyini deyir, bu hansısa strukturların ləğvinə və ya ixtisarlar olunmasına bir xəbərdarlıqdırmı?

- Qənaət rejiminin tətbiqi hansısa bir strukturun mütləq ləğv edilməsi demək deyil. İndiki şəraitdə əsas məsələ xərclərin səmərəliliyini artırmaq və təbii ki, lüzumsuz xərcləri ixtisar etməkdən ibarətdir. İqtisadiyyatın idarə olunmasında çevikliyin təmin olunması məqsədilə son aylarda struktur islahatları çərçivəsində çox işlər görüldü. Bəzi strukturlar ləğv edilsə də, bir sıra yeni qurumların yaradılması barəsində də qərarlar qəbul olundu. Bu qrumlar ilk növbədə iqtisadi islahatların daha sürətlə aparıla bilməsi məqsədilə yaradıldı. Bu çox mühüm bir məsələdir.  Bütövlükdə struktur islahatları davam edir və bu prossesin qısa zamanda başa çatması mümkün deyil.

- Türkiyədə baş verən hadisələr Azərbaycanın maliyyə bazarına necə təsir etdi? 

Deməzdim ki, Türküyədə baş verən hadisələr bizim iqtisadiyyatımıza hər hansı bir mənfi təsir edə bildi. Əksinə orada baş verən harisələr bir çox turistlərin ictimai-siyasi sabitliyi kifayət qədər yüksək olan Azərbaycana üstünlük verməsi ilə nəticələndi. Yəni bu hadisələrdən sonra Azərbaycana gələn turistlərin sayı bir qədər də artdı.  

Söhbətləşdi: Orxan Aslanlı
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM