Rusiya Ermənistanı “buraxmır”

Rusiyanın Prezident Administrasiyası (PA) Ermənistanla bağlı informasiya gündəmini gücləndirmək və bu ölkədə 2026-cı ildə keçiriləcək parlament seçkilərinə qədə rusiyapərəst siyasətçiləri aktivləşdirmək niyyətindədir. Bu istiqamətə nəzarət Rusiyanın Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiryenkoya və onun tabeliyindəki idarələrin əməkdaşlarına həvalə olunub. Bu barədə "Vedomosti" nəşrinə məlumatlı mənbələr məlumat verib.
“Ermənistan rəhbərliyi getdikcə daha çox Qərbə yaxınlaşır ki, bu da Rusiyanın dövlət siyasəti baxımından qəbuledilməzdir”, — mənbələrdən biri bildirib.
Digər mənbənin sözlərinə görə, Kiryenkonun qarşısında Ermənistan ərazisində Rusiyanın maraqlarını vasitəsilə təbliğ etmək vəzifəsi qoyulub.
O bildirib ki, artıq təbliğat işi başlayıb, seçkilər yaxınlaşdıqca qarşıya yeni məqsədlər qoyulacaq. Hazırda Ermənistanda açıqrusiyapərəs mövqedə olan siyasətçilər demək olar ki, yoxdur — yalnız keçmiş prezidentlər Serj Sarqsyan və Robert Koçaryan qalıb, buna görə də “Rusiya naminə danışacaq bir kəs yoxdur”.
Mənbə əlavə edib ki, növbəti seçkilərdə yenə də Baş nazir Nikol Paşinyanın qalib gələcəyi gözlənilir, lakin məsələ təkcə seçkilərdə deyil, “Rusiyanın Ermənistandakı varlığındadır”.
"Vedomosti" məlumatına görə, Kiryenkonun rəhbərliyi altında Ermənistana dair işlərə Rusiya Prezident Administrasiyasının Daxili Siyasət İdarəsi (rəhbəri Andrey Yarin), Sosial Proseslərin Monitorinqi və Təhlili İdarəsi (Aleksandr Xariçev) və İctimai Layihələr İdarəsi (Sergey Novikov) cavabdeh olacaq.
2024-cü ilin fevralında Baş nazir Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyünün dondurulduğunu açıqlamışdı. Ardınca hökumət ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı prosesə başlamaq üçün qanun layihəsini qəbul edib. 2026-cı ildə Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək və həmin seçkilər nəticəsində yeni hökumət formalaşacaq. Hazırda parlamentdə çoxluğu Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Sazişi” partiyası təşkil edir.
N.Təbrizli