Sahibə Qafarova Çin səfiri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova mayın 15-də Çin Xalq Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb.Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Qafarova Azərbaycanın və Çinin bütün sahələrdə fəal qarşılıqlı fəaliyyət göstərdiyini, siyasi sahə ilə yanaşı, digər sahələrdə də uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olduğunu söyləyib. O, bu gün ölkələr arasında münasibətlərin özünün ən yüksək inkişaf mərhələsinə qalxdığını vurğulayıb.
Söhbət zamanı Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərinin əhəmiyyəti qeyd olunaraq, iki ölkə arasında imzalanan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"ın münasibətlərin yüksək səviyyəsinin daha bir göstəricisi olduğu vurğulanıb. Prezidentin Çinə səfəri çərçivəsində Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Cao Leji ilə görüşündə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldığı qeyd olunub.
Görüşdə parlamentlər arasında əlaqələrin ölkələr arasında münasibətlərin mühüm tərkib hissəsini təşkil etdiyi diqqətə çatdırılıb, parlamentlərin dostluq qrupları və komitələri arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Spiker Sahibə Qafarova, özünün Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Cao Leji ilə görüşünü xatırlayaraq, bu cür təmasların əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini bildirib.
Görüşdə Azərbaycan və Çinin beynəlxalq müstəvidə də əməkdaşlıq etdikləri qeyd olunub,ölkələrin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla vurğulanıb.
Səfir Lu Mey Cao Lejinin salamlarını Milli Məclisin sədrinə çatdıraraq, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə digər sahələrlə yanaşı, qanunvericilik orqanları arasında da əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylər göstərəcəyini bildirib.