Deputat Ombudsman Aparatı ilə bağlı fikrini radikal şəkildə dəyişdiyini açıqlayıb
Deputat Razi Nurullayev Ombudsman Aparatının fəaliyyəti ilə bağlı əvvəlki tənqidi fikirlərinin institutu daha dərindən öyrəndikdən və vətəndaşların müraciətləri, qeydləri və rəyləri ilə tanış olduqdan sonra radikal şəkildə dəyişdiyini açıqlayıb. Bu barədə deputat İnsan Hüquqları komitəsinin iclasında çıxışı zamanı deyib.
O, qurumun fəaliyyətindən razı qaldığını və Ombudsman institutunun Azərbaycan üçün vacib olduğunu deyib.
Nurullayev Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında çıxışı zamanı Prezident tərəfindən irəli sürülən hər üç namizədi layiqli hesab etdiyini bildirib.
“Mən düşüncəm bundan ibarətdir ki, Azərbaycanın mövcud reallığı, mövcud imkanlar və mövcud qanunlar çərçivəsində Ombudsman aparatı və Səbinə xanım doğurdan da öz fəaliyyətini yerinə yetirib. Mən onların fəaliyyətindən razı qalmışam”, - deputat bildirib.
O qeyd edib ki, əvvəllər Ombudsman Aparatının fəaliyyəti ilə bağlı müəyyən tənqidi fikirləri olub.
“Amma o institutu daha dərindən öyrənəndən və müraciətlər, vətəndaşların qeydlərindən və rəylərindən sonra fikrimdə tamamilə bir radikal bir dəyişiklik əmələ gəlib. Ona görə də mən düşünürəm ki, Ombudsman aparatı və Səbinə xanım da onun sədri kimi doğrudan da fəaliyyətini mövcud imkanlar çərçivəsində həddindən artıq yüksək səviyyədə yerinə yetirə bilib”, - Razi Nurullayev vurğulayıb.
Deputat Ombudsman institutunun insan hüquq və azadlıqlarının müdafiəsində əhəmiyyətli rol oynadığını qeyd edərək, qurumun gələcək fəaliyyətində uğurlar arzulayıb.
Gülnar Nazimqızı