Fazil Mustafa: aylıq gəliri 400 manatdan az olanlara pulsuz hüquqi yardım göstərilsin
Pulsuz hüquqi yardımın kimlərə göstəriləcəyini müəyyənləşdirərkən sosial kateqoriyalara deyil, vətəndaşın gəlirinə əsaslanmaq lazımdır. Milli Məclisin deputatı Fazil Mustafa hüquqi yardımın minimum əməkhaqqı meyarı əsasında, aylıq gəliri 400 manatdan aşağı olan şəxslərə şamil edilməsini təklif edib.
O bildirib ki, qanunda şəhid ailələri və müharibə veteranları kimi kateqoriyaların ayrıca müəyyənləşdirilməsi əvəzinə, şəxslərin real maddi vəziyyəti əsas götürülməlidir.
Deputatın sözlərinə görə, müharibə veteranları arasında yüksək gəliri olan şəxslər də var, eyni zamanda sosial təminat ala bilməyən və ailəsinə cəmi 100-200 manat gəlir daxil olan insanlar da mövcuddur.
“Minimum əməkhaqqı 400 manatdır. Tutaq ki, 400 manatdan aşağı gəliri olan vətəndaşın hamısına bunun şamil olunması daha doğru olar, nəinki biz kateqoriya bölək”, - Fazil Mustafa bildirib.
Deputat hesab edir ki, qanun daha çox ilkin hüquqi xidmətə yönəlməlidir. Onun fikrincə, hüquqi təhsili olan, lakin Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin də ilkin hüquqi yardım göstərməsinə imkan verən mexanizm nəzərdən keçirilməlidir.
Fazil Mustafa qeyd edib ki, nümayəndəlik institutunun ləğvindən sonra bəzi vətəndaşlar hüquqi xidmətlərin bahalığı səbəbindən məhkəməyə müraciət etməkdən çəkinirlər. O, hüquqi təhsili olan qohum və yaxınların dövlət büdcəsi hesabına maliyyələşdirilmədən ilkin hüquqi yardım göstərməsinə şərait yaradılmasını təklif edib.
Deputat dövlət hesabına hüquqi yardımın maliyyələşməsinin artırılmasının da vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ayrılan vəsait keyfiyyətli xidmət göstərən mütəxəssislərin əməyinin adekvat ödənilməsinə imkan verməlidir.
Fazil Mustafa əlavə edib ki, pulsuz hüquqi yardım mexanizmi formal xidmətə çevrilməməli, həqiqətən ehtiyacı olan insanların hüquqlarının müdafiəsinə xidmət etməlidir.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox