Dağlıq Qarabağ məsələsi ilə bağlı problem və çətinliklər dərinləşsə də, Azərbaycan tərəfi yaranmış vəziyyətdən hər zaman istifadə etməlidir.
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan və Ermənistan prezidentlərinin sentyabrda gözlənilən görüşünün gündəmdə olmamasına münasibət bildirərkən politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, görüşün təşkil olunmasında aparıcı dövlətlərin mövqeyindən çox şey asılıdır:
"Təşkil ediləcək görüşlərin konkret gündəliyi olmalı və müəyyən fayda əldə edilməlidir. Ermənistan tərəfi belə görüşləri hər zaman görüntü xətrinə təşkil edir. Azərbaycan aparıcı dövlətlərlə birgə iş planını gücləndirməli və hücumedici diplomatik addımlar atmalıdır. Sentyabrda Nyu Yorkda Azərbaycan və Ermənistan prezidentlərinin BMT meydançasında görüşü baş tuta bilər. Ancaq bu görüş keçirilirsə, deməli, onun konkret bir gündəliyi olmalıdır. Çünki Ermənistan tərəfinin etinasız mövqeyi sayəsində növbəti görüş də nəticəsiz qala bilər”.
Sözügedən məsələyə münasibət bildirən politoloq Adıgözəl Məmmədov bildirib ki, Ermənistan-Azərbaycan arasındakı mövcud münaqişənin dinc yolla tənzimlənməsi istiqamətində ATƏT-in Minsk Qrupunun müəyyən fəaliyyəti müşahidə edilir:
"Dəfələrlə öncədən təyin edilmiş görüşlər bu və ya digər səbəblərdən, xüsusən də Ermənistan tərəfinin işğalçı mövqeyindən geri çəkilməməsi üzündən bir çox hallarda baş tutmayıb. Həmçinin Ermənistanın imitasiya xarakterli bəyanatlar toplusu ilə fəaliyyət göstərməsi artıq görüşlərin ciddiyyəti baxımından zaman-zaman gündəmə gəlir. Sualınızdakı həqiqət payı Azərbaycan-Ermənistan prezidentlərin növbəti görüşünün baş tutmayacağına dair fikirlər formalaşdırır. Görünən odur ki, Ermənistanın məsuliyyətsizliyi ucbatından artıq belə görüşlərin səmərəsizliyi və ciddi addımların atılmaması həm ictimaiyyətdə, həm də Azərbaycan siyasi rəhbərliyində görüşlərə qarşı müəyyən inamsızlıq yaradıb”.
Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentləri arasında son görüş ötən il oktyabrın 27-də Parisdə baş tutub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !