Prokurordan Elinanın intihar etdiyi məktəb direktoruna CƏZA TƏLƏBİ

12:32 | 16.10.2019
Səbail Rayon Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 

Axeber.az-ın məlumatına görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.  Prokuror çıxışında S.Abbasovanın ev dustaqlığı müddəti nəzər alınmaqla 2 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını istəyib.
S.Abbasova isə çıxışında prokurorun ona tələb etdiyi cəza ilə razılaşmadığını, barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.
Növbəti proses oktyabrın 18-ə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluq Elinanın ölümü ilə bağlı məlumat yayıb. Məlumatda xatırladılıb ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

www.anews.az
loading...