Psixoloqdan SOS: “Özünü öldürmə halları silsilə şəklini ala bilər”

19:31 | 22.08.2014
Psixoloqdan SOS: “Özünü öldürmə halları silsilə şəklini ala bilər”

Psixoloqdan SOS: “Özünü öldürmə halları silsilə şəklini ala bilər”

İntihar etmək istəyənlərin “Koroğlu” stansiyasının yaxınlıqdakı körpüyə çıxması artıq adət halını alıb. Dünən səhər saatlarında Fəqan Nəsibov adlı şəxs körpünün ən hündür yerinə çıxaraq özünü atacağını bəyan edib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin, Baş Prokurorluğun əməkdaşları gələrək, millət vəkili Qənirə Paşayeva gələrək onu fikrindən daşındırıblar. Xilas edilən şəxs probleminin dinlənilməsi üçün baş prokuror Zakir Qaralovun qəbuluna aparılıb.Qeyd edək ki, həmin körpüdə eyni hadisə bir müddət öncə də yaşanmışdı. Eləcə də bir neçə gün öncə, Qarabağ qazisi də özünü yandırmaqla problemini ictimailəşdirməyə nail olmuşdu. Hadisələrin gedişatı bu kimi nümayişli intihar hallarının ənənə halını alacağını ehtimal etməyə əsas verir.Məsələyə münasibət bildirən psixoloq Azad İsazadə nümayişli intiharların silsilə xarakter alacağı ehtimalını istisna etmir: “Bu cür intihar cəhdləri bir növ dəb xarakteri daşıyır. Normal bir insanın ağlına gəlməz ki, sabah gedib intihar etsin. Ancaq dərd içində olan və problemini həll edə bilməyən insanlar var. Onlar bu kimi hadisələri görəndə, özlərinə nümunə götürürlər. Bu bütün dünyada belədir. Eyni intihar növləri, özünü asma, yandırma və sair dəb xarakteri daşıyır.  Yəni mən yaşamaq istəmirəm, ancaq ölümün yolunu hələ seçə bilməmişəm. Haradansa məlumat gəlir ki, kimsə özünü asıb, mən də həmin hərəkəti təkrar edirəm. Nümunə kimi xatırladım ki, Səddam Hüseynin asılaraq edam edilməsindən sonra silsilə şəkildə özünü asıb intihar edənlər oldu, o cümlədən Azərbaycanda da bu baş verdi”.Psixoloq bildirib ki, nümayişli intiharlara dövlət səviyyəsində opertiv reaksiya gəldiyindən bu üsul daha cəlbedici görünür: “Mən saytlardan oxudum ki, Qənirə Paşayeva intihar edənin çağırışını qəbul edib, yüksək rütbəli şəxslər problemin həllinə söz verib. İnsan görür ki, kimsə onu eşitməyə hazırdır. Bu insanların sadəcə olaraq dərdini danışmağa və dinləyənə ehtiyacı var. Bu gün cəmiyyətimizin ən böyük problemi odur ki, biz bir-birimizi eşitmirik. Bəzən bizim problemimizi həll edənə yox, dərdimizə şərik olan adama ehtiyacımız olur. Bir qədər fasilədən sonra, yenidən intiharlar dalğası baş qaldıracaq”.Azad İsazadənin sözlərinə görə, bu kimi halların qarşısının alınması üçün təcili tədbirlər görülməlidir: “Bu intiharların səbəbini, yaş qruplarını, regionlarını, intihar üsullarını və o şəxslərin problemlərini araşdırmaq, təhlil etmək lazımdır.

İntihar etmək istəyən insan bəzən ölməkdən daha çox öz probleminə cəmiyyətin diqqətini çəkmək istəyir. Bu kimi nümayişli intiharların tərkibində belə amillər də olur. İntihar etmək istəyən insan cəmiyyətə göstərir ki, mənim ölümdən  daha ağır olan bu kimi problemim var. Nümayişli intiharlara əsasən, özünü yandırmaq və özünü ictimai yerdə hündür bir yerdən atmaq aiddir. Yəni insan ən ağır şəkildə ölməyə hazırdır, təki onun problemini dinləsinlər. Bu səbəbdən ilk növbədə insanların problemini dinləmək və həllinə yardımçı olmaq lazımdır". (musavat.com)

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM