Bugün Ağdamın "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasında qrup mərhələsində çıxış edir. Ancaq klubun Qarabağ adının ermənilərin əlindən necə alınması, hansı çətinliklərdən keçməsi barədə çox az adam məlumatlıdır.
"Qarabağ" klubunun Qarabağ adını alarkən proseslərin birbaşa iştirakçısı olmuş Elbrus Mustafayevlə təkcə "Qarabağ” klubunun adının alınması ilə
bağlı yox, o zaman baş verən hadisələrlə bağlı geniş söhbətimiz oldu.
Mustafayev Elbrus Zülfüqar oğlu 05 may 1959-cu ildə Ağdam
rayonu Xıdırlı kəndində dünyaya göz açıb. Atası Mustafayev Zülfüqar
Qayıb oğlu 1960-cı illərdə Azərbaycanın məşhur nefçilərindən olub və
1964-68-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı seçilib.
Atası "Siyəzən Neft Qazma İdarəsi"ndə çalışdığından Elbrusun
usaqlığı Siyəzən qəsəbəsində keçib. Birinci-ikinci siniflərə Siyəzən
şəhər 2 nömrəli orta məktəbdə, Soltanov Heybətağa müəllimin sinfinə
gedib.
1985-ci ilin yazından 1991-ci ilin yazına kimi Aqrar sənaye
işçiləri həmkarlar ittifaqı Ağdam rayon komitəsində əvvəlcə
təlimatçı-müfəttiş, sonra da baş mühasib vəzifəsində çalışıb.
Elbrus 1988-ci ildən xalq hərəkatına qoşulub. 1991-ci ilin
iyul ayında Qarabağda müharibə vüsət alanda, kənd camaatının ümumi
yığıncağında, könullülərdən yaradılan 50 nəfərlik hərbi dəstəyə komandir
seçilib, 1 noyabr 1991-ci ildən Azərbaycanın Milli Qəhrəmanı Şirin
Mirzəyevin yaratdığı Ağdam ərazi özünümüdafiə batalyonunun tərkibinə
qəbul olub və dəstə komandiri təyin olunub. 1992-ci ilin aprel ayında
836-cı alayın nəzdində Xıdırlı kəndində rota yaradılanda o həmin rotaya
komandir təyin olunub. 1992-ci ilin noyabr, dekabr aylarında 836-cı
alayın komandir müavini vəzifəsinə təyin edilib. Alay dağıdıldıqdan
sonra 1993-cü ilin yanvarından aprel ayının ortasına qədər 708-ci
briqadanın nəzdində 2-ci batalyonun qərargah rəisinin müavini olub.
- Zeynal Məmmədovun etdikləri barədə çox az adam bilir,
ümumiyyətlə, onun haqqında çox az adam məlumatlıdır. Bizə Zeynal
Məmmədovla tanışlığınız və bu insan haqqında danışardınız.
1987-ci ilin noyabr ayında xalq şairimiz Bəxtiyar Vahabzadə Zeynal Məmmədova bir stenoqramma göndərmişdi. Stenoqramma Adibekyanın Qarabağ haqqında Fransada çıxışı idi. Zeynal Məmmədov bu tip məsələlərə çox həssas idi. Zeynal Məmmədov bir mətn hazırladı, mətnin bir üzünü Mərkəzi komitəyə, SSRİ Ali məhkəməsinə, prokururluğa, ölkə daxilində də yenə bütün yüksək dövlət orqanlarına göndərmək üçün mənə verdi ki, poçtla yola salım. Yeri gəlmişkən Zeynal müəllim Balayanın "Ocaq" kitabı çıxanda da çox sərt reaksiya vermişdi. Və dövlətə bildirirdi ki, ermənilər ara qarışdırır, nə vaxtsa bu işlər pis nəticələnəcəkdir.
Göndərdiyimiz məktubların cavabını gözləyirdik. Ancaq Qarabağda
yavaş-yavaş vəziyyət dəyişirdi. Xankəndində camaatı sıxışdırırdılar, işə
buraxmırdılar. Camaat Ağdama gəlirdi. Ağdamda da Sadıq Murtuzayev iki
əli avtomatlı polisi icra hakimiyətinin qarşısına qoymuşdu. Bizim idarə
ilə İcra Hakimiyətinin binası qonşu idi. Dərdi olanlar İcra
Hakimiyyətinə yox, Həmkarlar komitəsinə gəlirdi. Zeynal Məmmədov gördü
ki, vəziyyət çətindir, "Qarabağa dayaq" cəmiyyətini yaratdı. Cəmiyyətin
sədri Xuraman Abbasova oldu, ictimai əsaslarla mən də mühasibi oldum.
Bütün respublikadan o cəmiyyətə pul gəlirdi. Rayonda yüksək vəzifədə
işləyən qadınlar - Cəmilə, Çimnaz, Zəminə xanım gəlib bizim idarədə
otururdular. Dağlıq Qarabağdan gələnlər pasportlarını verirdilər,
onların hərəsinə 50 manat yardım verilirdi. İdarədə pul olmayanda Zeynal
müəllim dostuna, tanışına zəng edib, borc alıb gətirib camaata pul
paylayırdıq. Bu minvalla 1988-ci ilin fevral ayının 11-ə qədər gəlib
çıxdıq. Fevralın 11-də bibimoğlu gəlib dedi ki, Zeynal müəllimi Bakıya
KQB-yə çağırırlar, deyəsən kişini tutacaqlar.
İldə 1-2 dəfə Ağdamdan Ukraynaya turist göndərirdik. Həmin gün
axşam dəmiryol stansiyasında durub, camaatı oraya yığırdıq ki, getsinlər
Ukraynaya. Zeynal müəllim demişdi ki, axşam saat 11-in yarısında
gələcəm, onlara yaxşı bir nitq söyləyib, yola salacam. Gördük saat
23:45-dir ancaq Zeynal müəllim yoxdur. Bir də gördük ki, kişi təlaşla
gəlir. Gəlib çatan kimi dedi ki, çıxış olmayacaq, camaatı göndərin
getsin. Bibimoğlundan soruşdum ki, nə baş verib? Bibimoğlu dedi ki, bu
dəqiqə Xocavənddən 2 avtobus adam gəlib, ermənilər avtobusları
daşlayıblar, arvad, uşaq, qız gəlin deməyiblər, hamısının başı, gözü
yarılıb. Bu hadisə həm də Zeynal müəllimin əlində bir "kozır" oldu ki,
KQB-yə getməsin və dedikləri sübuta yetdi. O vaxt Ağdamda ilk dəfə
mitinq oldu və insanlar gecə səhərə qədər meydanı tərk etmədilər. 11
fevraldan 21 fevrala qədər 10 gün meydan boşalmadı. İnsan sayı
günü-gündən də çoxalmağa başladı. 21 fevral oğlumun 1 yaşı tamam olurdu.
Oğlumun ad gününü qeyd edib, gəldik meydana. Meydana çatanda gördüm ki,
iynə atsan yerə düşməzdi. Çıxışlar gedirdi. Tirbunaya Eldar Səmədov
çıxdı. Eldar Səmədov Əfqanıstanda döyüşmüşdü və dəzgahqayırma zavodunda
işləyirdi, çox ürəkli oğlan idi. Çıxdı tirbunaya 2 kəlmə söz dedi:
"Sabah səhər saat 08:00-da Əsgərana hücum!".
Bu sözlərdən sonra mitinq dağıldı. Axşam getdik kəndimizə. Səhər
tezdən Ağdama gedəndə gördüm ki, insan əlindən Ağdama getmək mümkün
deyil. Ara yolla gəlib çıxdım idarəyə. Ağdamda insan əlindən tərpənmək
olmurdu. Ətraf rayonlardan çoxlu insan gəlmişdi. Yadımdadır,
Ağcəbədinin Ovşar kəndindən atla gəlmişdilər. Ovşar uşaqları
univermağın qabağından "Zil" maşınla keçəndə beşatılanlarının ucu
görsənirdi. Göyə güllə ata-ata keçdilər. Ağdam uşaqlarının həmin gün
qarşılarına 5-6 erməni maşını çıxıb, maşında onları döyüb, maşınlarını
çevirib yandırıb gəlmişdilər. Ermənilər dama-dama kepka qoyurdular, bir
kişini başında dama-dama kepka olduğu üçün öldürdülər, elə bilmişdilər
ermənidir.
Bu hadisələrin qızışmasına əsas səbəb isə Ağdamda "Mərkəzi
komitədən 4 nəfər gələcək və Dağlıq Qarabağı Ermənistana verəcəklər"
xəbərinin yayılması idi.
- Fevral ayının 22-də Əsgərana doğru yürüş başladı və ilk şəhidlərimizi verdik. O zaman gördüklərinizi danışardınız.
- Zeynal Məmmədovla, Xudu Məmmədov komitəyə gəldilər və bizə
tapşırdılar ki, idarədən çölə çıxmayın. Hər an hər şey ola bilərdi və
Bakıya məlumat çadırmaq lazım idi. İş yoldaşımızın oğlu rəhmətə
getmişdi, icazə alıb işdən çıxdıq, əslində bu həm də bir bəhanə idi. Biz
Şelli kəndinə Qarqar çayının sağ tərəfi ilə gedirdik, camaat isə Qarqar
çayının sol tərəfi ilə Əsgərəna tərəf gedirdi. Camatın qarşısını almaq
mümkün deyildi. Rayonun ağsaqqallarını aparmışdılar ki, camaatın
qarşısını kəssinlər. Seyid Lazım Ağanı da camaatı sakitləşdirmək üçün
aparmışdılar. Rövşən Cavadov da orada olub.
- Niyə camaatı sakitləşdirmək istəyirdilər ki?
- Xuraman Abbasovanın camaatı sakitləşdirmək üçün başının
yaylığını açıb camaatın qabağına atdığı deyilir. Ancaq bildiyim qədər
belə bir şey olmayıb. Bunun dəqiqini siz bilərsiniz…
- Xuraman xanım başına yaylıq bağlamırdı. O, həmişə norka papaq
qoyurdu. O söhbəti Zeynal Məmmədov yaratdı. Zeynal Məmmədov belə bir mif
uydurdu ki, ermənilər bilsinlər ki, Xuraman xanım yaylığı atmasaydı
gəlib sizi məhv edəcəkdik. Zeynal müəllim o vaxt müsahibə vermişdi və
orada özü bunu demişdi.
Yaralıları xəstəxanaya gətirdilər. Xəstəxananın qarşısına gəldik
gördük ki, xəstəxananın həyətinə insan əlindən girmək olmur. Bəxtiyar da
içəridə yaralı idi. Yarım saat keçdikdən sonra xəstəxananın içərisindən
ağlaşma səsi gəldi, bildik ki, Bəxtiyar öldü.
Baş verən bu hadisədən sonra Xankəndində bizim millətdən olanları
işdən çıxardılar, başladılar onları sıxışdırmağa. Xankəndindən qaçanlar
üz tuturdu Ağdama, onlara da yardımı bizim komitə edirdi.
- Gələk "Qarabağ” klubunun Qarabağ adının alması məsələsinə. Bu proses necə baş verdi?
- 1988-ci il fevral ayının 22-də yuxarıda danışdığım hadisələr
baş verəndən sonra Zeynal Məmmədovun fikri tam milli məsələyə yönəldi. O
vaxt indiki Qarabağ klubu "Kooperator" adı altında çıxış edirdi. Zeynal
Məmmədov o zaman klubun baş məşqçisi olan Adil Nadirovu və məni yanına
çağırdı. Adil Nadirova dedi ki, dayın qurban, gedirsən Bakıya, deyirsən
ki, klubun adını "Qarabağ” kimi qeydiyyata alsınlar. Adil Nadirov isə
dedi ki, respublikada Xankəndinin "Qarabağ” adlı klubu var, ikinci
"Qarabağ” adını qeydiyyata almazlar. Zeynal Məmmədov dedi ki, get
Bakıya, əgər kimsə razılaşmasa mənə zəng edərsən, özüm həll edəcəm.
Zeynal müəllim də mənə tapşırdı ki, Bakıya gedənlərə pul ver, gedib
gəlsinlər. 2-3 gündən sonra Adil Nadirov sevincək gəldi ki, heç kəs
etiraz etmədi, klubun adı "Qarabağ” oldu.
Təsəvvür edin, mart ayının 1-də çempionat başlayırdı, 1 həftə ərzində ad məsələsi həll edildi.
Zeynal müəllim Adil Nadirovdan soruşdu ki, başqa nəyə ehtiyacınız
varsa, deyin. Adil dedi ki, uşaqların çoxusu işsizdir, maaş almırlar.
Zeynal müəllim mənə tapşırıq verdi ki, kimlər işləmirsə onları idmançı
kimi qeydiyyata alırsan, onlara maaş verirsən. Təbii ki, bizim idarənin
elə bir ştatı yox idi. Biz futbolçuların maaşını qeyri-qanuni verirdik.
Təxminən 17 nəfərə 1 il 120 manatdan maaş vermişəm. Adil Nadirov
gedəndən sonra Zeynal müəllim mənə tapşırdı ki, Rayon pərakəndə ticarət
idarəsinə get, futbolçulara geyim götür. Getdim, idarədən 25 dəst idman,
25 dəst də klassik kostyum, 25 dəst ayaqqabı, idman ayaqqabısı, toplar
götürüb gətirdim "İmarət”ə, verdim uşaqlara. Aradan bir neçə saat
keçmişdi, Adil Nadirov mənim onlara apardığım paltarların hərəsindən bir
dəst götürüb gətirib ki, klubun adından sənə hədiyyə veririk.
Klubun pulunu rəsmi verə bilməzdik, ona görə də, əldə olan
pullarla müəyyən əməliyyatlar aparıb, faizini çıxarıb futbolçulara
verirdim.
Mövsüm bitəndən sonra klubun sponsoru Ağdamın şərab zavodu oldu. Siyavuş Fərzəliyev kluba canla-başla sponsorluq etdi.
"Məhsul": 1951—1977
"Şəfəq": 1977—1982
"Kooperator": 1982—1987
"Qarabağ": 1987—2001
"Qarabağ-Azərsun": 2001—2004
"Qarabağ": 2004-cü ildən indiyə kimi
O cür məşəqqətli günlərdən gələn klub indi Çempionlar Liqasında
oynayacaq. Ağdam işğal altındadır, "Qarabağ” üzümüzü güldürür.
"Qarabağ”ın bu günə gəlməsində Adil Nadirovun çox böyük əməyi var,
Qurban Qurbanov qədər, ona da təşəkkür düşür.
Elbrus Mustafayevin keçdiyi döyüş yolu ilə bağlı reportajı yaxın günlərdə diqqətinizə çatdıracağıq.
Səxavət Məmməd
Ölkə.Az www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !