Keçmiş döyüşçülərə görə, onların təcrübələrindən istifadə etmək zamanı yetişib...Qarabağ cəbhəsində atəşkəsin geniş miqyasda pozulduğu bir həftəyə yaxın müddətdə diqqət çəkən xəbərlərdən biri də dinc azərbaycanlıların qatili olan 200 erməni müharibə veteranının hərbi əməliyyatlarda iştirak üçün Qarabağa gəlməsi ilə bağlı oldu. Qeyd edək ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan xəbəri təsdiqləyib.1-ci Qarabağ müharibəsi zamanı ölkəmizdə də yetərincə könüllülər dəstəsi yaradılıb. Maraqlıdır, müharibə başlayarsa, yenidən könüllülər batalyonu yaratmaq mümkündür? Bu sualla bir neçə keçmiş batalyon komandirinə müraciət etdik.“Şuşa könüllü ərazi özünümüdafiə batalyonu”nun komandiri olmuş, baş-leytenant Fəxrəddin Səfərov bu barədə təşkilat olaraq, müraciət hazırladıqlarını bildirdi: “Biz təşkilat olaraq mövqeyimizi hər zaman bildiririk. Əgər hazırda dövlətin bizə ehtiyacı varsa, təcrübəli döyüşçülər olaraq, yenidən müharibədə iştirak edərik. Öz övladlarımız yaşda olan gənclərimizlə birlikdə çiyin-çiyinə mübarizə apararıq. Keçmişdə bizdə xəbərlər var idi ki, ermənilər tərəfdə döyüşənlərin çoxu xaricdən alınmış muzdlulardır. Yenə bu barədə xəbər almışıq. Bütün bunlar doğru olsa, istər-istəməz əsgərlərimizə mənfi təsir göstərər. Çünki o muzdlu döyüşçülər təcrübəli ola bilərlər. Artıq bu barədə müraciətlər hazırlayırıq. Hər zaman dövlətimizə dəstəyik. Keçmiş komandir olaraq, bu dəqiqə səngərdə olmaq arzusundayam. Müharibənin başlanmasını, övladlarımıza dəstək olmağı istəyirik. Şəxsi fikrimdir ki, 18 yaşlı bir gənci itirməklə gələcəyin ailəsi məhv olur. Hazırda 62 yaşım, ailəm və övladlarım var. Bundan sonra da evlənməyim mümkün deyil. Bu baxımdan mənim kimi yaşlıların ölməsi ilə gənclərimizin həyatlarını itirmələri arasında ciddi fərqlər var. Torpaq uğrunda döyüşmək, ölmək üçün bizdən istifadə olunmalıdır. Dövlət səviyyəsində bu problem həll yolunu tapmalıdır. Bunu ürəkdən arzulayırıq”.Cəbrayıllılı məcburi köçkün, rayonun özünümüdafiə batalyonlarının formalaşmasında böyük xidmətləri olmuş Vaqif Əlisoy da könüllülər dəstəsinin yaradılmasının vacibliyindən danışdı: “Bu yaxınlarda biz QAT-da bu barədə toplantı keçirdik. Mən eyni zamanda QAT Ali Məclisinin üzvüyəm. Tədbirdə keçmişdə könüllü şəkildə döyüşmüş, batalyon yaratmış veteranlar iştirak edirdilər. Biz indiki şəraitdə dövlətə əlimizi uzadırıq. Bununla bağlı müraciətlərimizi artıq ünvanlamışıq. Müvafiq orqanlara çatıb. Düşünürəm ki, çox vacib məsələdir. Son günlərdə cəbhədə həyatlarını itirən şəhidlərimizə Allah rəhmət eləsin. Fikir versək, görərik ki, onların əksəriyyəti 18-21 yaşlarında olan gənclərdir. Təcrübələri isə olduqca azdır. Ordu sıralarına çağırış tarixlərinə baxsaq, dəhşət bizi bürüyər. Belə təcrübəsi az gəncləri ön cəbhəyə göndərmək düzgün deyil. Amma bizlər artıq hazırıq. Yaxın zamanlarda fikrimiz var ki, Qarabağda döyüşmüş veteranları özündə birləşdirən təşkilatların birliyini yaradaq və birlikdə bir daha dövlətə müraciət edək. Mətbuatdan oxudum ki, ermənilər könüllü dəstələr yaradır. Hazırda Ukraynada da bu cür könüllü batalyonlar yaradılıb. İnanıram ki, bunlar həyata keçsə, müsbət addım olar. Gənclərimizin həyatlarını itirmələrinin qarşısını alardıq. Bu yolda fəaliyyətimizi davam etdirəcəyik”.Laçın alayının keçmiş komandiri Arif Paşa da hesab edir ki, könüllülərin dövlətə, millətə verəcəyi faydalı işlər çoxdur: “Müharibənin başlamasının tərəfdarlarındanam. Düşünürəm ki, belə davam edərsə, müharibə qaçılmaz olacaq. Bu baxımdan könüllülərdən ibarət batalyonların yaradılması çox vacibdir. Yetərincə təcrübəli döyüşçülərimiz var. Onlardan istifadə etmək lazımdır. Təbii ki, müharibə başlayarsa, belə döyüşçülərdən istifadə etmək zərurəti yaranacaq. Hazırda ölkəmizdə torpaqlarımızı azad etmək üçün böyük vətənpərvərlik ruhu var. Könüllülərin dövlətə, millətə verəcəyi faydalı işlər çoxdur. Sadəcə, onların potensialından düzgün istifadə etmək lazımdır”. (musavat.com)
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !