20 Yanvar faciəsinin 32-ci il dönümündə Qarabağda rus ordusu yerləşdirilib və onlara asayişi qorumaq tapşırılıb. Bir qrup insanın fikrincə, 2020-ci ildən rus ordusunun Qarabağda sülhməramlı fəaliyyəti ilə 1990-cı ildə sovet ordusunun törətdiyi 20 Yanvar hadisələrinin hər ikisində Rusiya aparıcı mövqedədir, lakin birində dağıdıcı, digərində nəzarət funksiyasını yerinə yetirir.
Maraqlıdır, siyasətçilər bunu necə şərh edirlər?
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü deputat Fəzail Ağamalı hesab edir ki, 20 yanvar faciəsi ilə indiki rus sülhməramlılarının fəaliyyətini eyniləşdirmək doğru olmaz.
"1990-ci ildə 20 Yanvarda baş verən hadisələri 1956-ci il Macarıstandakı, 1968-ci il Çexislovokiyadakı hadisələr ilə eyniləşdirmək olar. Çünki "Qanlı Yanvar" o ölkələrdə baş verən sovet ordusunun ölkəyə yeridilməsi nəticəsində baş verən faciə kimi qiymətləndirilə bilər. Hazırda Qarabağda yerləşdirilən sülhməramlı kontigentin missiyası isə tamam fərqlidir. Ona görə hadisələrə oxşar prizmadan yanaşmaq səhvdir. Ümumilikdə, Rus ordusu mahiyyət etibarı ilə hər bir müstəqil ölkə üçün təhdid və təhlükə mənbəyidir", deyə deputat bildirib.
Beynəlxalq münasibətlər üzrə siyasi şərhçi Əziz Əlibəylinin sözlərinə görə, milli maraqlara zidd hadisələr baş verəcəyi təqdirdə lazımı ciddi tədbirlər görüləcək.
"Sovet dönəmində xüsüsilə Azərbaycanda başlayan Milli Azadlıq Hərəkatını cəzalandırmaq məqsədilə "20 Yanvar"da Bakıya yeridilən sovet qoşunları hansı ki, əsas hissəsi erməmi və ruslar təşkil edirdi onların vasitəsilə bu qırğın törədildi. Bu Azərbaycan xalqının qan yaddaşına yazıldı. Qarabağda rus sülhməramlılarının yerləşdirilməsi 20Yanvar hadisə ilə müqayisədə həm zamana həm də fəaliyyətinə görə fərqlənir. Bu gün proseslər Azərbaycanın işğaldan azad olunmuş ərazilərində baş verir və burda konkret tərəf Rusiya Federasiyasıdır.R us sülhməramlılarının Azərbaycanın ərazisi olan Qarabağda yerləşdirilməsinə icazə Azərbaycan Respublikasının prezidenti tərəfindən verilib. Missiyaları müvəqqəti şəkildə qiymətləndirilib.Təxminən 1 il 3ay ərzində biz tam şəkildə deyə bilərik ki, Azərbaycan tərəfinin qeyd etdiyi siyasi şərait formalaşdırılıb. Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyası üçün Rusların orda fəaliyyəti nəzərdə tutulub və hələ ki bu missiya davam edir. Prezident son açıqlamalarında da qeyd etdi ki,sülhməramlıların fəaliyyəti bizi qane etmir. Müəyyən nüanslar var, xüsüsilə Laçın dəhlizinə nəzarətdə. Biz hər an buna müdaxilə edə bilərik və həmin əraziyə Azərbaycan qoşunları yerləşdirilə bilər. Bu o deməkdir ki, Rusiyadan bu məsələdə hansısa səmiyyət gözləmirik.O, bir Cənubi Qafqaz ölkəsidir.Azərbaycan üzərində maraqları var. Bizim milli maraqlarımıza zidd hadisələr baş verərsə prezidentin dediyi kimi həlledici addımlar ata bilər", deyə şərhçi Əlibəyli bildirib.
Millət vəkili Razi Nurullayev isə bu hadisələrin eyni ordu tərəfindən törədildiyini və bunun qəbulolunmaz olduğunu hesab edir.
"Rus ordusu 20 Yanvarda Azərbaycan xalqının üzərindən keçdi onları əzdi, amma iradəsini sındıra bilmədi. Eyni ordu indi Xankəndində sülhməramlı adı altında fəaliyyət göstərir. Bizim qan yaddaşımız onları nə unudar, nə qəbul edər, nə də bağışlayar. Rus sülhməramlılarına bizim inamımız yoxdur. Bəzən ruslar deyir nə üçün Azərbaycanda heç rus bayrağını görə bilmirik? Bunlar anlamır ki, 20 Yanvarda rus ordusu Azərbaycanın günahsız insanlarını gülləbaran ediblər və bunu ermənilərin səyləri nəticəsində ediblər. İndi eyni ordu ermənilərin təzyiqi və dəvəti ilə gəlib sülhməramlı adı altında fəaliyyət göstərir. Bunu qəbul edə bilmərik. Rus qoşunları 5 ilin tamamında mütləq şəkildə çıxıb getməlidir. Bu, Azərbaycan xalqının müstəqilliyinə,suverenliyinə təhdiddir və xalqımızın hissiyyatını incidir. Rusiya Qarabağa öz subyekti kimi yanaşmaq istəyir. Erməniləri ağuşuna alıb. Hətta bir gün eşidə bilərik ki, ermənilərə pasport paylamaq istəyir. Ruslardan bunları gözləmək olar. Bizim mövqeyimiz qətidir və qəbul edə bilmərik. Buna görə biz indidən mesajlarımızı veririk. Rusiya girdiyi yerdən çıxması biraz çətin olur, amma bizim ölkə olaraq tam açıq mövqeyimiz var", deyə Razi Nurullayev əlavə edib.
Siyasi şərhçi Kənan Novruzovun fikrincə rus ordusuna heç bir halda etibar yoxdur.
"20 Yanvar hadisələrindən 30 ildən çox vaxt keçir, zaman və illər dəyişir. Hazırkı durumla 20 Yanvar faciəsini müqayisə etmək doğru olmaz. Nə Azərbaycan o dövrdəki kimi deyil, nə də Rusiyanın münasibəti Azərbaycana qarşı əvvəlki kimi deyil. Rusiya indi təkcə Azərbaycanla deyil, Azərbaycanın yanında olan dövlətlərlə hesablaşmalıdır. Rusiya əvvəlki ölkə deyil, zəifləməkdədir. Sülhməramlılar məsələsinə gəldikdə isə onların yerləşdiyi ərazilərdə müxtəlif vaxtlarda təxribatlar olur. Dövlət başçısı səviyyəsində sülhməramlılarla bağlı tənqidlər eşidilir. Bunlar da əsas verir ki, sülhməramlılar daimi nəəzarətdə olmalıdır. Üçtərəfli bəyanətdə qeyd olunan 5 illik vaxt bitdikdən sonra elə etmək lazımır ki, sülhməramlılar çıxıb getsin. Ola bilər ki, 4 ilin tamamında elə bir təxribat yarada bilərlər ki, sülhməramlıların qalma müddəti uzansın. Bunların qarşısını almaq üçün qabaqlayıcı bütün tədbirləri görmək lazımdır", deyə şərhçi bildirib.
"Sülhməramlıların fəaliyyətinin 20 yanvarda Bakıya yeridilən Sovet qoşunları ilə müqayisə etsək onu deyim ki, belə müqayisə qüsurlu olar. Bilirsiniz ki, bir neçə gün öncə yerli televiziyalara müsahibəsində Rusiya sülhməramlı qüvvələrin fəaliyyəti ilə bağlı Dövlət başçısı çox incə bir sərhəd müəyyən edərək ümumi fəaliyyət və fəaliyyətin ayrı-ayrı istiqamətləri arasında fərq qoyulmasının vacibliyini bəyan etdi. Dövlət başçısının özünün dediyi kimi sülhməramlıların Xankəndiyə Azərbaycandan icazəsiz ayrı-ayrı şəxslərin səfərlərinə göz yumması, habelə, demoqrafik prosesə müdaxilə cəhdləri kimi özfəaliyyəti haqlı olaraq Azərbaycan tərəfdə qıcıq doğurur. Amma, cənab İlham Əliyev açıq şəkildə mövqe ortaya qoymaqla Azərbaycanın bölgədə əməliyyat şəraitinə tam nəzarət etiyinin göstərdi. Lakin, dövlət başçısının da qeyd etdiyi kimi "Sülhməramlıların fəaliyyətini qiymətləndirmək üçün daha geniş prizmadan yanaşmalıyıq”. Məsələn, sülhməramlıların bölgədə ötən bir il ərzindəki mövcudiyyəti ilə bizim Rusiya ilə münasibətlərimizdə yeni bir element yaradıb, əlaqələrimizi daha da dinamik edib, prezidentlər və digər səviyyələrdə təmasları intensivləşdirib. Rusiya bölgənin ciddi hərbi-siyasi gücüdür, üstəlik, Rusiya-Azərbaycan münasibətlərinin korlanması başda Ermənistan olmaqla bizi qəbul etmək istəməyənlər üçün başlıca hədəfdir, demək ki, Moskva-Bakı arasında əlaqələrin güclənməsi milli maraqlarımıza tam cavab verir. Mediada Rusiya-Azərbaycan münasibətlərinə qiymət verilməsi zamanı məhz bu tezisi yol xəritəsi kimi qəbul edilməlidir. Çünki, hər bir halda ölkənin ən informasiyalı şəxsi, bizi son bir neçə yüz il ərzində ilk dəfə qalib xalqa çevirən bir lider əgər sülhməramlıların fəaliyyətinin bütün aspeklərini, mənfi və müsbət cəhətlərini ümumiləşdirib belə qənaətə gəlibsə, indi 20 Yanvar hadisələri ilə paralel apararaq süni gərginlik yaratmaq milli maraqlarımıza xidmət etmir", deyə millət vəkili deyib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !