Qürur yerimiz - Lütfi Zadə

18:30 | 02.11.2014
Qürur yerimiz - Lütfi Zadə

Qürur yerimiz - Lütfi Zadə

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Fikir şənbəsi” klubunda növbəti görüş keçirilib. ANS PRESS-in məlumatına görə, Bilik Fondunun informasiya təminatı sektorundan AzərTAc-a bildiriblər ki, dünya şöhrətli alim Lütfi Zadəyə həsr edilən tədbirin qonağı Azərbaycan Texniki Universitetinin dosenti Şahnaz Şahbazova olub. Lütfi Zadənin sevimli tələbələrindən olan Şahnaz xanım alimin həyat və yaradıcılığından, banisi olduğu qeyri-səlis məntiq nəzəriyyəsindən geniş söhbət açıb.

Gənc alimlərin, tələbələrin, ziyalıların iştirak etdikləri tədbirdə Lütfi Zadə şəxsiyyətinin, onun elmi yaradıcılığının Azərbaycan auditoriyasına az məlum olan tərəfləri açıqlanıb. Ş.Şahbazova bildirib ki, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi olan böyük alimin kəşfləri 20 ilə yaxın müddətdə Amerika elmi cəmiyyəti tərəfindən qəbul olunmayıb. Lütfi Zadənin savadı, məntiqi, iradəsi və işgüzarlığı sayəsində bu gün dünya Lütfi Zadənin nəzəri müddəalarını nəinki qəbul edir, onların tətbiqi böyük nəticələr verir.

Lütfi Zadənin həlim, dostcanlı, qayğıkeş, ailəsinə qarşı diqqətcil olduğunu deyən Şahnaz xanım müəlliminin daxili mədəniyyətini yüksək qiymətləndirib. Şahnaz xanım Lütfi Zadənin hər yerdə fəxrlə “azərbaycanlıyam” deməsini xüsusi vurğulayıb. Bildirib ki, Lütfi Zadənin dünyada azərbaycanlı alim kimi tanınması bütün soydaşlarımız üçün qürurvericidir.

“Fikir şənbəsi” klubunun iştirakçıları müzakirələrdə Lütfi Zadənin əsərlərinin ana dilimizə tərcüməsi, onun elmi nailiyyətlərinin geniş təbliği, böyük alimlə distant görüşlərin keçirilməsi ilə bağlı arzularını səsləndiriblər.

Canlı diskussiya şəklində keçən tədbirdə “Fikir şənbəsi” klubunun daimi üzvləri və iştirakçıları olan tələbələr, alimlər maraqlı fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda Lütfi Zadə haqqında sənədli film nümayiş olunub.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM