"Google" parçalanır

19:06 | 22.11.2014
"Google" parçalanır

"Google" parçalanır

Avropa Parlamenti internet nəhəngi “Google”u bir neçə şirkətə bölməyə, o cümlədən onlayn axtarışı digər kommersiya servislərindən ayırmağa çağıra bilər. Bu barədə “The Financial Times” nəşri parlament tərəfindən təklif olunan layihəyə istinadən məlumat verib.

ANN.Az  Rabitə və Yüksək texnologiya Nazirliyinin rəsmi saytına isinadən xəbər verir ki, Avropa ölkələrinin hökumətləri ilk dəfə deyil, ABŞ servislərinin internet bazarına təsirini məhdudlaşdırmağa çalışırlar. Bu yaxınlarda irəli sürülən təşəbbüslər arasında Avropa istifadəçilərinə axtarış nəticələrindən fərdi məlumatların silinməsini tələb etmək hüququnun verilməsi, məxfilik siyasətinə, mobil əlavələrin yayılması mexanizminə qarşı iradlar və s. yer alıb. Şirkətin bölünməsinə açıq çağırış “Google” və digər internet şirkətləri üçün Avropa İttifaqı hakimiyyətinin irəli sürdüyü bütün tələblərinin ən təhlükəlisi ola bilər.

“Reuters” agentliyinin məlumatına görə, Avropa Parlamentinin layihə sənədində konkret axtarış sistemlərinin adı çəkilmir. Lakin “Google”un Avropada emal edilən axtarış sorğularının həcmində payının 90 faizə yaxın olması səbəbindən potensial antiinhisar iradlarının ona aid olması güman edilir.

Sənəd Avropa Komissiyasını internet axtarış sistemlərinin və kommersiya servislərinin bölünməsi barədə təklifə internet bazarında rəqabətin təmini üçün yeganə uzunmüddətli həll kimi baxmağa çağırır. Maraqlıdır ki, Avropa Parlamenti şirkətləri bölmək səlahiyyətinə malik deyil və bu səbəbdən onun bütün çağırışları yalnız tövsiyə xarakterli ola bilər.

Lakin “The Financial Times”ın məlumatına görə, son illər Avropa Parlamentinin Avropa Komissiyasına - Avropa İttifaqı ölkələri üçün bütün qanunların qəbulunun təşəbbüskarı olan orqana təsiri artıb. Avropa Komissiyası tərəfindən təzyiq bundan əvvəl “Google”u Avropa istifadəçilərinin axtarış nəticələrində “Right to be forgotten” qanununu nəzərə almağa məcbur edib. 

Onu da qeyd edək ki, “Google” nümayəndələri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb