Müsavat Partiyasında qurultayın keçirilməsi ilə bağlı fikir ayrılığı yaranıb.Partiyadan APA-ya verilən məlumata görə, bir qrup partiya funksioneri Müsavatın qurultayının bu il keçirilməsinin tərəfdarı olsa da, digər qrup qurultayın 2015-ci ildə keçiriləcək parlament seçkilərindən sonraya saxlanmasını istəyir. Partiyanın Divan üzvü Tural Abbaslı APA-ya faktı təsdiqləyib. Partiya daxilində qurultayın gecikdirilməsi kimi təkliflərin olduğunu deyən T. Abbaslının sözlərinə görə, parlament seçkilərinə bir il qaldığı halda, qurultayın keçirilməsi Müsavatı əsas hədəfindən yayındıra bilər: “Düşünürəm ki, partiyanın əsas hədəfi seçkilər olmalıdır. Ancaq Nizamnaməyə görə, qurultay 4 ildən bir keçirilməlidir. Buna görə bizim siyasi, hüquqi baxımdan qurultayın gecikdirilməsinə qərar vermək səlahiyyətimiz yoxdur. Yəni, bu, bir arzu olaraq qala bilər. Bu kimi təkliflərin rəsmiləşdirilməsinin hüquqi qaydası yoxdur”. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da APA-ya açıqlamasında bildirib ki, partiyanın bir neçə funksioneri tərəfindən qurultayın parlament seçkilərindən sonra keçirilməsi barədə təklif irəli sürülsə də, bu, nə partiya rəhbərliyində, nə də Təşkilat Komitəsində dəstək tapıb: “Çünki qurultayın keçirilməsini Nizamnamə tələb edir. Bizə qurultayı keçirmək üçün yer ayrılmaması ciddi problemlər yaratdı. Ancaq təxminən bir ay əvvəl yaranmış vəziyyəti hərtərəfli müzakirə edərək, qurultayın sentyabrın 27-də keçirilməsini qərara aldıq”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !