Rasim Əliyevin işinə daha bir vəkil qoşuldu

11:53 | 01.12.2015
Rasim Əliyevin işinə daha bir vəkil qoşuldu

Rasim Əliyevin işinə daha bir vəkil qoşuldu

"Oğlumuz Rasim Əliyevin ölüm faktı üzrə aparılan araşdırmanın daha effektli olması üçün prosesə yeni vəkilin qoşulmasını məqsədəuyğun hesab etdik” -  ANN.Az-a açıqlamasında mərhum jurnalistin anası Teyfurə Əliyeva vəkil Elçin Sadıqovla razılığa gəlindiyini deyib. 

Vəkil Elçin Sadıqov istintaqda zərərçəkmiş tərəfin hüquqlarını müdafiə edəcək. İndiyə qədər zərərçəkmiş tərəfin vəkili qismində Əsabəli Mustafayev çıxış edirdi və bundan sonra hər iki hüquqşünas prosesdə birgə iştirak edəcəklər.

T.Əliyevanın sözlərinə görə, noyabrın 19-dan vəkil Elçin Sadıqova müraciət ediblər: "Onun prosesə qoşulması ilə istintaqda müəyyən irəliləyişin olacağına inanırıq”.
 
 
 
Vəkil Elçin Sadıqov 

Qeyd edək ki, avqustun 8-də Bakı şəhər sakini Əliyev Rasim Məmmədəli oğlu bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada ölüb. 

Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. 

İlkin araşdırmalarla müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl rayonunda anadan olmuş Cavid Hüseynov avqustun 6-da «Qəbələ» futbol klubunun heyətində Kipr Respublikasının «Apollon» futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi "Facebook"səhifəsində tənqidi fikirlər yazmış ANN.TV-nin videoreportyoru Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib. Bundan sonra C.Hüseynovun bibisi oğlu, 1994-cü ildə Bakı şəhərində anadan olmuş Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə, özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq onunla görüşüb və R.Əliyevi döyərək ağır xəsarət yetiriblər. 

İş üzrə C. Hüseynov və digərləri barəsində həbs qətimkan tədbiri seçilib.   

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM