Mərkəzi Elmi Kitabxananın 2015-ci ildəki fəaliyyətinə dair hesabat
Mərkəzi Elmi Kitabxananın (MEK) 2015-ci ildəki fəaliyyətinə dair hesabat iclası keçirilib.
Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq iştirakçıları salamlayıb. 2016-cı ildə AMEA Mərkəzi Elmi Kitabxananın fəaliyyətini yüksək qiymətləndirən akademik İsa Həbibbəyli il ərzində kitabxanada yüksək səviyyədə mötəbər tədbirlər təşkil olunduğunu diqqətə çatdırıb.
Sonra MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxananın 2015-ci ildəki fəaliyyətinin yekunlarına dair təqdimatla çıxış edib. Bildirilib ki, ötən il MEK-in elmi-tədqiqat fəaliyyəti ölkə prezidenti və Nazirlər Kabinetinin fərman və sərəncamlarının, dövlət proqramlarının, eləcə də AMEA-nın qərar və sərəncamlarının icrasına yönəlib. Bu istiqamətdə müxtəlif tədbirlər düzənlənib, o cümlədən bir sıra görkəmli mütəfəkkir, dövlət, elm və mədəniyyət xadimlərinin, yazıçıların yubileylərinə həsr olunmuş tədbirlər çərçivəsində yubilyarların əsərlərindən ibarət materiallar sistemləşdirilərək rəqəmsallaşdırılıb, Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib, materialların rəqəmsal və çap formatda sərgisi hazırlanaraq nümayişə qoyulub.
Kitabxananın il ərzində gördüyü işlər və əldə etdiyi mühüm nəticələr haqqında məlumat verən L.İmanova qeyd edib ki, ötən il kitabxananın köçürülmə planına uyğun olaraq MEK-in işçi heyəti tam şəkildə səfərbər edilmişdir. Köçürülməyə əlavə işçi qüvvəsi və könüllülər cəlb edilərək kitablar AMEA-nın Əsas binasında yerləşən fondlardan daşınmış, yeni binaya gətirilərək saxlanclarda yerləşdirilmiş, onlar nömrələnərək kataloq və kartotekalar yenidən yığılmışdır. Köçürülmənin effektivliyini təmin etmək məqsədilə modul hazırlanaraq hər iki binada paralel işlər görülüb.
Hesabatda L.İmanova bildirib ki, ötən il MEK-də bir sıra struktur islahatları aparılıb və kitabxananın yeni Nizamnaməsi təsdiq edilib. Hesabat ilində bir-birini təkrar edən şöbə və bölmələr ləğv edilib, daxil olan informasiya vahidlərinin konveyer üsulu ilə komplektləşdirilməsi, kataloqlaşdırılması və fondların mühafizəsi bölmələrinə sistem şəklində hərəkəti təmin edilib. Milli Rəqəmsal Yaddaş, İnformasiya texnologiyalarının hazırlanması və tətbiqi, İnnovativ layihələr adlı yeni şöbələr, həmçinin İctimai Səhiyyə bölməsi yaradılıb. Bundan başqa, kitabxananın Elmi Şurası ləğv edilib, əvəzində isə İdarə Heyəti, Daxili Nizam-intizam komissiyası və İnformasiya Mənbələrinin Qiymətləndirilmə Komissiyası yaradılıb.
Vurğulanıb ki, ötən il kitabxananın strukturunda İnformasiya Resursları Mərkəzi yaradılıb, mərkəzə informasiya texnologiyalarının hazırlanması və tətbiqi, milli rəqəmsal yaddaşın formalaşdırılması, innovativ layihələrin hazırlanması və icrasına nəzarət funksiyaları həvalə edilib.
Sonra MEK rəhbəri kitab, qəzet, jurnal və digər nəşrlərin yoxlanılması, əsas və yardımçı fondlarda yerləşdirilməsi və sənədləşdirilməsi, biblioqrafik sorğu kitablarının tərtibi, eləcə də informasiya texnologiyalarının hazırlanması və tətbiqi sahəsində İT üzrə texniki dəstək, dizayn, tərtibat və rəqəmsallaşdırma istiqamətində görülmüş işlərdən bəhs edib. İnnovativ layihələrin tətbiqi, Vahid İdarəetmə Sistemi üçün kitabxana modullarının hazırlanması və sınaq məqsədi ilə istifadəyə verilməsindən danışan natiq əməkdaşların iş prosesindəki inkişafına nail olmaq üçün təşkil edilən təlimlərə də toxunub. Eyni zamanda L.İmanova informasiya mənbəyinin konveyer üsulu ilə emal edilməsi və prosesin tam şəkildə Vahid İdarəetmə Sisteminə inteqrasiyası ilə bağlı elektron resurslarla iş üzrə təlimlərin düzənləndiyini vurğulayıb.
Tədbirdə beynəlxalq və ictimai əlaqələrin fəaliyyəti, ictimai əhəmiyyətli tədbirlərin təşkil olunması, həmçinin işçilərin müdafiəsi ilə əlaqədar kitabxanada sosial layihələrin həyata keçirilməsi istiqamətində görülən işlər xüsusi vurğulanıb.
Sonra kitabxananın direktoru müəssisənin fəaliyyətindəki son yeniliklərdən danışıb. Bildirib ki, köçürülmə prosesindən sonra Mərkəzi Elmi Kitabxana istifadəçilər üçün xidmətə hazırlanıb və bu ilin sentyabrından oxucuların istifadəsinə verilib. Ötən il bir sıra mühüm proqramların reallaşdırılmasında təşkilatın yaxından iştirak etdiyini bildirən Leyla İmanova respublika əhəmiyyətli tədbirlərin təşkilində MEK-in fəaliyyəti barədə geniş məlumat verib.
Elektron avadanlıq və məlumat bazalarının köçürülməsi zamanı İRBİS proqramındakı verilənlər bazasının çox çətinliklə də olsa bərpa edildiyini bildirən MEK rəhbəri işçilərə məxsus elektron məlumat, sənəd və faylların surətinin çıxardılaraq yeni binada işçilərin istifadəsinə verildiyini qeyd edib.
Kitabxana ilə yanaşı, İnformasiya Resursları Mərkəzinin də fəaliyyətinin uğurla davam etdiyini deyən L.İmanova xüsusi olaraq bu mərkəzdə hazırlanan vahid idarəetmə proqramının ilkin mərhələlərdə AMEA-nın elmi müəssisələrində, sonra isə tərəfdaş kitabxana və digər müəssisələrlə birgə kənar qurumlarda da tətbiq ediləcəyini diqqətə çatdırıb.
Daha sonra akademik İsa Həbibbəyli çıxış edərək Mərkəzi Elmi Kitabxananın hesabat ilində səmərəli fəaliyyət göstərdiyini vurğulayıb. Mərkəzi Elmi Kitabxananın region ölkələrinin elmi kitabxanaları ilə müqayisədə daha müasir olduğunu deyən akademik Milli Rəqəmsal Yaddaşın formalaşdırılması, Elektron idarəetmə sisteminin qurulması, fondların nizamlanması, yeni və mövcud resursların inteqrasiyası, eləcə də elmi-ideoloji tədbirlərin uğurla keçirilməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirildiyini söyləyib.
Tədbirdə ötən il icra edilmiş tapşırıqlar və həyata keçirilmiş təşəbbüslərə dair müzakirələr aparılıb, suallar cavablandırılıb.
Sonda Milli Rəqəmsal Yaddaş layihəsi üçün elmi informasiyanın qarşılıqlı mübadiləsini təmin etmək məqsədilə AMEA-nın institut və təşkilatlarının aidiyyatı şöbələrindən olan nümayəndələrin, o cümlədən elmi katiblər, elmi işlər üzrə direktor müavinlərinin iştirakı ilə informasiya nübadiləsinin əlaqələndirilməsinin müzakirəsinə dair tədbirlərin keçirilməsi tövsiyə olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox