Ağ buludların arasında yaşamaq - MÜSAHİBƏ
Nərminə Əliyevanın rəsmləri yuxulara bənzəyir, onlar realdan daha realdırlar, keçici adi məişətdən yox, əbədi nəsnələrdən bəhs edirlər. Xışıltılar, qoxular, işığın rəngləri və təəssüratların yarımçalarları – bunlar zamanın axan və Nərminin vadisinə dolan çayıdır. Onun şəkilləri tərpənir, onlara daxil olmaq lazımdır, onda görəcəksən ki, onun hər bir kətanı məna və təfərrüatlarla bol bütöv bir qalereyadır.
- Sizin atanız, görkəmli rəssam Kamil Əliyev mürəkkəb, böyük ölçülü portret xalçaları yaradırdı. Onda xalçaçılığa olan bu coşğun sevgi hardandır?
- Onun uşaqlıqla bağlı ilk xatirələri xalça dəzgahının arxasında oturmuş anasıyla bağlıdır. 20 yaşında o cəbhəyə getdi, bütün müharibəni keçdi, qələbədən sonra isə 4 il Almaniyada qaldı. Atam daha çox pul qazanmalıydı, çünki bacılarının hamısının ərləri müharibədə həlak olmuşdu, beləliklə, atam ailədə ən balaca olmasına baxmayaraq, hamını doydurmalıydı.
O, yalnız 1949-cu ildə vətənə qayıtdı, gələn kimi də dərhal ənənəvi "Azərxalça”ya, surətçıxan-rəssamlar birliyinə üzv yazıldı. Atam bir müddət zərgərlik sənətiylə məşğul oldu, gözəl işlər yaratdı. Sonra isə hər zaman sevdiyi işi görməyə, portret xalçaçılığı ilə məşğul olmağa başladı.
Onun ilk işləri arasında Nizami, Füzuli, Nəsimi kimi şairlərin portretləri vardı. 80-cı illərdə, yenidənqurma dövründəysə atam siyasətçilərin portretlərini yaratmağa başladı. Ölkənin önəmli simaları ölkə xaricinə gedəndə, atama Rabindranat Taqor, İndira və Raciv Qandi, Bil və Hillari Klinton kimi xadimlərin portretlərini sifariş verirdilər. Amerikalı prezident və xanımı belə böyük xalçanı görəndə, qarşılarındakı gözəllikdən riqqətə gəlmişdilər.
Növbəti nəsillərin yaddaşında atam İçəri Şəhər muzeyində saxlanılan özünün unikal xalça kolleksiyası ilə qalacaq.
- Belə görünür, sizin başqa alternativiniz olmayıb və faktiki olaraq, siz atanızın taleyini təkrarlayırsınız!
- Bəli, uşaqlıqdan xalça üzərində işləyən atamı görürdüm. Yunla işləmək üçün hazırlığa başlamaq necəsə sehrbazlığı xatırladırdı. Atamız şəhərkənarı evimizə gedir, yekə qazanlarda yun bişirirdi ki, onlar lazım olan rəngə düşsünlər, mən, anam və qardaşlarım birgə ona kömək edirdik. O həyatdan gedəndən sonra, mən xalçaçılıqdan uzaqlaşdım, çünki bu çox ağır zəhmətli işdir, atamın köməyi olmadan, bunun öhdəsindən gələ bilməzdim. Həm də artıq başqa dövrdür...
- Nəyə görə, doğrudanmı xalçalar dəbdən düşüb?
- Yox, əlbəttə! Xalçaçılıq əbədi və çox bahalı incəsənətdir, ancaq indi onu dəyərləndirən insan azdır, çünki çox sayda saxta və əldəqayırma xalçalar peyda olub. Orta ölçülü xalçanın hazırlanması 3 toxucuyla 10 ay vaxt alır. Bu ağır zəhmətli və baha işdir, əgər mağazadan 300 dollara almaq mümkündürsə, kim xalçaya 6 min dollar verər?
- Bizim imkanlı şəxslərimiz belə Azərbaycan milli incəsənəti nümunələrini almaq istəmirlər? Axı bu xalçalar yüz ildən sonra miras qala bilər.
- Təəssüf ki, bizdə qədim sənəti demək olar ki, qiymətləndirən yoxdur. Əgər çox zəngin olsaydım, mən gerçəkləşdirmək istədiyim təsvirlər əsasında xalçalar yaradardım. Biz atamızla qohum və tanışlarımızdan onların nənələrindən qalan və artıq yamaq halında olan xalçaları alır və onlar üzərindəki keçmiş klassik naxışları bərpa edirdik. Biz bu yamaqların əsasında yeni xalçalar yaradırdıq, "Azərxalça” isə onları istehsalata verirdi. Atam bu holdingin icraçı direkoru, mənsə baş rəssamı idim, mənim sərəncamımda isə yeni təsvirlər gözləyən 4500 toxucu vardı.
- Ən yaxşı ustalar Azərbaycanın hansı bölgəsində yaşayır?
- Lahıçda və digər rayonlarda gözəl xalçalar toxuyurlar. Bizdə elə rayonlar var, məsələn, Qusar, Xaçmaz, Qubanın bəzi yerlərində xovsuz xalçalar hörürlər, Lahıc, Astara, Lənkəran kimi rayonlarda isə əksinə, xovlu xalçalar yaradırlar.
Ancaq xovlu xalçanın hörülməsində bir incəlik var, onları hörən ustaların hamısı eyni şiddətlə zərbə vurmalıdırlar, yoxsa xalça əyri, nahamar olacaq, heç kim də onu almayacaq. Əyri xalça yalnız bir halda, əgər onun 200 yaşı varsa alına bilər.
- Bəs siz hansı xalçaları üstün tutursunuz?
- Əlbəttə, atamın xalçalarını. Mənim evimdə mebel minimum saydadır, əgər onlar atamdan qalmasaydı, mən onlardan da xilas olar, evimi xalçalara bürüyərdim. Mən məişət sadəliyində atama oxşamışam. Bizim evdə əsas olan iş və təhsil idi. O, o qədər əməksevər insan idi ki, biz daim "hazır” vəziyyətdə dayanardıq. Rahatçılıq yoxuydu! Atam çox ciddi adam idi, amma mən buna görə ona minnətdaram, çünki məhz onun ciddiliyi məni həyatın çətinliklərinə sinə gərən qadın döyüşçü kimi tərbiyə edib. Bu mənimçün çox vacibdir, çünki indiki halda, atasız, qardaşsız, ərsiz qaldığım zaman belə mən öz ayaqlarım üstündə dura bilirəm, özüm qazanıram, qız böyütmüşəm və ona yaxşı təhsil vermişəm. Atamın sayəsində...
Mən çox tez, düşünmədən ərə getdim, tez də ayrıldım. Türkiyədən qayıdanda cəmi 22 yaşım vardı. Atam çox imkanlı olsa da, hətta bir neçə dayə saxlamaq imkanı olsa da, bir neçə gündən sonra mənə dedi: "Uşaq baxçaya, sənsə fabrikə getməyə hazırlaş”. Vəssalam! Və mənim qızım adi qarabaşaq supu verilən uşaq baxçasına getdi.
- Siz də uşağınızı belə tərbiyə edirsiniz?
- Yox, mən yumşaq anayam. Mən onu tamam başqa cür tərbiyə etmişəm və indi başa düşürəm ki, səhv etməmişəm. O məktəbdə yaxşı oxuyub, Türkiyədə Bilkent universitetində ciddi fakültə olan interyer-dizaynı üzrə təhsil alıb, bir neçə dil bilir. Mən onu sərbəst böyütdüyümə görə razıyam, çünki ona hər zaman inanmışam. O çox məqsədyönlüdür, öz həyatını özü qurur.
- Siz nəyə görə qərara gəldiniz ki, rəsmlərinizdə ənənəvi xalça təsvirlərdindən istifadə edəsiniz?
- Mən xalçalardan ayrıla bilmirəm, ona görə də naxış və təsvirləri kətana da gətirirəm, həm də çalışıram köklərdən uzaqlaşmadan onlara müasirlik qazandırım. Axı bunlar təkcə naxışlar yox, Azərbaycanın genetik kodlarıdır! Qarşıma böyük ağ vərəqi qoymaq mənim həyatımın ən böyük həzlərindən biridir. Bundan başqa, istəklərimdən biri bədii elementlər baxımından çox quru olan müasir otellərin hollarını bəzəməkdir! Belədə ki, bu ucuz kitab kopyaları yox, Azərbaycan rəssamlığıdır. Mən öz şəkillərimin mövzusunu özüm tapıram, onları başqa yerdə görə bilməzsiniz.
Təkcə naxışlar çəkmirəm. Kifayət qədər rəsmim var ki, səyahət təəssüratları əsasında yaradılıblar, məsələn, "Fil”, "Zürafə”, "Kəpənəklər”, "Portağal dilimləri”. Mənim işlərim fərqlidir, natürmotlar, peyzajlar və və ya depressiv portretlər çəkmirəm. Mənim işlərimdə sevinc var, çünki həyat elə belədir. Təbiətcə çox şən, həyat dolu insanam, hər zaman da ürəyimin dediklərinə qulaq asıram.
- Hətta həyatdolu insanın da bəzən stimula ehtiyacı olur. Sizin üçün stimul nədir – dostlarla söhbət etmək, mağazalara baş çəkmək?
- Mən təkliyi, sakitliyi, uzun məsafələrə velosipedlə gəzintiləri və yoqanı seçirəm. Rəfiqələrim yoxdur, artıq çoxdandır ki, yoxdur!
- Qadınlara etibar etmirsiz?
- Yox, sadəcə illər keçdikcə insanlara ehtiyacımın qalmadığını anladım. Mənimçün vacib olan daxili dincliyimdir, o mənə rəfiqələrlə ünsiyyətdən daha çox həyat və həqiqətlər barədə dərslər keçir. Ancaq mənim daha bir enerji mənbəyim var. Ola bilsin, bu, bayağı səslənsin, bu dənizdir. Saatlarla sahildə gəzişə və otura, günəşin çıxmasına tamaşa edə bilərəm. Balıqqulaqları yığmaq çox xoşuma gəlir, bəlkə də bu, həyatımdakı ən sevimli məşğuliyyətdir. Şəhərkənarı evimin tikintisi yekunlaşanda, ora birdəfəlik köçəcəm, sırf dənizə yaxın olmaq üçün.
- Bəs, səs-küylü şəhər həyatı?
- O məni çoxdandır maraqlandırmır... Əvvəllər mən çox ünsiyyətcil idim, şən kompaniyaları, vernisajları, sərgiləri sevirdim, amma bununla belə spirtli içkilər içmir, siqaret çəkmirdim, çünki bizim evdə bu yaxşı qarşılanmır. Ancaq son 10 ildə mən insanlardan uzaqlaşmağa və inzivaya qapılmağa başlamışam.
- Amma bunun üçün hansısa səbəb olmalıdır?!
- Məncə, insan daimi ünsiyyətə can atırsa, onda özünü-tətminsizlik var, ona görə də o, daim başqalarından ünsiyyət, emosiya, informasiya qoparmalıdır. Mən özümü bütöv insan hesab edirəm, ona görə də ünsiyyət məni yorur.
- İnsanlarda sizi kədərləndirən nədir?
- (Fikirləşir) Hər şey – geyim tərzindən tutmuş insani münasibətlərə və tamahkarlığa qədər hər şey. Bu cəhətləri yaxın insanlarda görəndə, ələlxüsus kədərlənirəm.
- Siz maksimalistsiz?
- Bəli, əgər xırda çatışmazlıq görsəm, istənilən şeyi öz həyatımdan silib ata bilərəm. Açıqlamasız, qalmaqalsız, tamaşasız. Nöqtə, vəssalam. Sonra yüz zəng, yüz sual gəlsin, xeyri yoxdur, uzun illər tanıdığım insan mənimçün artıq yoxdur. Bu pisdir, amma tanıdığım məşhur bir psixoloqun dediyi kimi "Nərminə, bu ki möhtəşəmdir! Sən niyə təəccüblənirsən? Sən başqa mərhələyə keçmisən, daha yüksək pilləyə qalxmısan, ona görə də o, artıq səninçün maraqsızdır. Öz səviyyəndə olan insanları axtar”. Bu məni sakitləşdirmişdi və indi mən tamamilə tək yaşayıram və çox az ünsiyyətdə oluram... Evimdə hətta televizor yoxdur! Telefonum saatlarla, həftələrlə susur. Və çoxları məni başa düşmür...
- Bəs kinolar, kitablar, tamaşalar?
- Ümumiyyətlə, yoxdur! Mən mütaliəni sevirəm, ancaq kimlərinsə həyatından bəhs edən romanları yox. Ezoterikanı, parapsixologiyanı, tibbi ədəbiyyatı üstün tuturam, hətta bu barədə dəqiq məsləhətlər də verə bilərəm.
- Bürcünüz nədir?
- Dolça! Bu bürcdən olan insanları qələbəlikdə mehriban gülümsəməsinə görə seçə bilərsiniz, onlar azad insanlardılar, mənimçün ən dəhşətli şey də kiminsə azadlığımı məhdudlaşdırmağa çalışmasıdır.
- Sizin düşüncənizdə azadlıq nədir?
- Bu, nəfəs almaq imkanıdır. Azadamsa, demək, nəfəs alıram. Atamla bu barədə heç vaxt qarşılıqlı anlayışım olmamışdı. O çox zəhmli ataydı, baxmayaraq ki, mən həmişə çalışırdım ona sübut edəm ki, onun adını ləkələmərəm, onun utanmasına rəvac vermərəm, ona görə də mənim azadlığımı məhdudlaşdırmağa ehtiyac yoxdur. Atam mənim emosional nitqimə qulaq asır və həmişə deyirdi: "Mən sənə inanıram, insanlara inanmıram”. Yalnız indi başa düşürəm ki, o necə haqlı olub! Yetkin, təcrübəli kişi kimi o daim məni həyatda mövcud olan çirkabdan qorumağa çalışıb. Çox təəssüf edirəm ki, hələ indiyə qədər atam kimi müdrik kişiyə rast gəlmək mənə müvəffəq olmayıb...
- Və belə bir insan üçün siz öz azadlığınızı qurban verərdiniz?
- Heç vaxt nigah şərtlərində yaşaya bilmərəm, çünki istənilən kişi məni məhdudlaşdırmağa çalışacaq, zəif insana isə mən gedə bilmərəm. Ona görə də təkəm və xoşbəxtəm. Məndə kiminləsə əlaqəyə girmək kimi canatma yoxdur, ətrafımda kifayət qədər layiq insan var, ancaq mən onları qardaş adlandırıram. Ətrafımda 35 nəfər kişi olan velosipedçilərlə səfərə çıxıram və onlarla dostluq etmək, ümumi maraqlarımızın olması mənimçün olduqca xoşdur.
- Sizcə, qadın xoşbəxtliyinin əsasında nə dayanır?
- Hər bir halda, təkcə gözəl xarici görkəm yox. Mən incəsənət insanı olsamda, həddən artıq süniliyə qarşıyam. Koko Şanelin dediyi kimi: "20 yaşında sizin üzünüz təbiətin bəxşişidir; 30 yaşında üzünüz həyatın sizə verdiyidir; 50 yaşında isə sizin üzünüz layiq olduğunuzdur”. Əgər ürəyinizdə zülmət varsa, heç bir plastik əməliyyat, slikon sizə xoşbəxtlik verə bilməz. Hər bir qadın bu barədə düşünməlidir...
Söhbətləşdi: Bəhram Bağırzadə
www.ann.az
Son xəbərlər
Daha çox