• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Elza Seyidcahan: “Vacib olan dövlətin və xalqın işimi dəyərləndirməsidir” – MÜSAHİBƏ

Elza Seyidcahan: “Vacib olan dövlətin və xalqın işimi dəyərləndirməsidir” – MÜSAHİBƏ
17.06.2016 12:03


O, insanların onu gündən günə cavanlaşan möhtəşəm qadın adlandırmasını və şou-biznesin bir parçası hesab etməsini sevmir. Onun bütün yaradıcı layihələri, səhnə imici çox qeyri-adidir və dərhal da müzakirə mövzusuna çevrilir. Ancaq şübhəsiz ki, onun cəsarəti tərifə və hörmətəlayiqdir. Eksperiment edərkən və yorulmadan yeni obrazlar yaradarkən, o, təbii olmaqdan qorxmur və öz daxili aləmini açır...

Oxucularımıza Azərbaycanın əməkdar artisti, Bəstəkarlar İttifaqının üzvü, bəstəkar, müğənni Elza Seyidcahanla müsahibəni təqdim edirik. 

- Elza xanım, nəyə görə siz gəncləşən qadın kimi təqdim edilməyinizi sevmirsiniz? Və özünüz özünüzü necə təqdim edərdiniz? 

- Birincisi, mən yaşlanmamışam ki, mənim haqqımda belə desinlər... İstərdim ki, insanlar mənə müraciət edərkən, elemenar etiket qaydalarına riayət etsinlər. Mən özüm doğma bacıma insanların arasında öz adıyla deyil, xanım kimi müraciət edirəm. Və mən məsafə qoymadan danışan insanları sevmirəm. Bundan başqa, məni əməkdar artist, Bəstəkarlar İttifaqının üzvü, bəstəkar, müğənni, aktrisa kimi təqdim edə bilərlər... Seçim çoxdu, elə deyilmi?

- Elza xanım, bəs sizdə musiqiyə həvəs hardandır? Uşaqlıqda nə arzu edirdiniz? 

- Mən Siyəzən rayonunun Dərəzərəd kəndində anadan olmuşam. Uşaq vaxtında mənim ritmik musiqi alətlərinə həqiqi böyük marağım var idi. Evdə bunu görəndə, mənə nağara aldılar. Sonra isə mən qarmona keçdim. Bu olduqca mürəkkəb alətdir, mən öz özümə çalmağı öyrənirdim, anamsa heyrətlə mənə baxırdı. Biz kənd toylarına gedirdik, oradan qayıdan da isə toyda oynayanları yamsılayırdım. 

- Belə çıxır, sizdə səhnə istedadı uşaqlıqdan var? 

-  Bəli. Mən bütöv tamaşalar göstərirdim. Adını təxəllüs kimi götürdüyüm mərhum nənəm Seyidcahan yaxşı qarmon ifaçısı idi. Mənə qarmonu öyrədən də əmim Alim Məmmədov olub, o özü də yaxşı qarmonçu idi və tələbələri vardı. Belə məşğələlər zamanı mən bir kündcə oturub diqqətlə qulaq asardım, uşaqlar çıxıb gedəndən sonra isə eşitdiklərimi əzbərdən çalardım, xaric ifa edəndə, əmim məni barmağıyla hədələyərdi (gülür).  

Mən birinci sinfi qurtaranda Sumqayıta gəldik. Mən artıq o vaxtlar şeirlər yazır və onları bəstəyə çəkirdim. Məni musiqi məktəbinə qarmon sinfinə yazdırmağa hazırlaşan anam mənim musiqi yazdığımı görəndə, dərhal "Ukrayna” pianinosu aldı. Ümumiyyətlə bir şeyi qeyd edim ki, erkən evləndiyindən məktəbi qurtarmayan anam olduqca uzaqgörən qadın idi və zəngin daxili aləmi vardı. Məhz o mənim fortepiano sinfinə yazılmağımı təkid elədi, halbuki mən ağlayırdım və yalnız qarmonda ifa etmək istədiyimi deyirdim. Ancaq anam dedi ki, əgər mən şeirlərimi bəstələyirəmsə, demək qabaqda bəstəkar ola bilərəm. Mən anama minnətdaram ki, o, həmin vaxt pianoda ifa etməyimdə təkid elədi və bu, bu gün mənim həyatımın ayrılmaz parçasına çevrilib. 

Beləliklə, mən Sumqayıtda Bülbül adına musiqi məktəbinin fortepiano sinfinə daxil oldum, eyni zamanda isə poeziya çevrələrinə baş çəkirdim. 

Sonralar mən bir müddət musiqidən uzaq düşdüm, musiqi buraxılışının 3-cü kursunda oxuyanda evləndim və növbəti illərdə musiqiylə deyil, uşaqlarımın tərbiyəsi ilə məşğul oldum. Ancaq eyni zamanda bəstəkarlıq fikri mənim başımdan çıxmırdı və musiqi yazmaqda davam edirdim... Mənim müəllimin Faiq Nəbiyev əvvəlki kimi mənimlə məşğul olurdu, ancaq ərə gedəndən sonra məni Konservatoriya üçün itirilmiş insan hesab edirdi (gülür). Ancaq yenə də məhz o, mənim prelüdlərimi Konservatoriyanın professoru, xalq artisti Arif Məlikova göstərməyimi istədi və dedi ki, əgər Arif müəllim onları qiymətləndirsə, mən musiqi təhsilimi davam etdirə bilərəm, yox əgər qiymətləndirməsə, onda vaxt itirməyin mənası yoxdur. Mən onun məsləhətinə əməl etdim, Arif Məlikov isə mənim çox istedadlı olduğumu, sadəcə prelüdlərimin sayını artırmalı olduğumu deyəndə isə çox həyəcanlanmışdım. Çox keçməmiş mən Konservatoriyanın bəstəkarlıq ixtisasına qəbul olundum və yaradıcılıq dünyasının sehrli aləminə qədəm qoydum.  

- Yəqin uzun müddətli gözləntidən sonra siz fəal tələbə olmusunuz? 

- Bəli! Təhsil almaq çox maraqlıydı, mən Alim Qasımov, Nəzakət Teymurova, Nazpəri Dostəliyeva kimi ifaçılarla; Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı kimi şairlərlə əməkdaşlıq edirdim. Nizami Gəncəvi, Məhəmməd Fizuli kimi dahilərin şeirlərinə mahnılar bəstələyirdim. Bir çox milli teatrlarla əməkdaşlıq edirdim. Bir çox televiziya tamaşalarına, məsələn, Əkrəm Əylislinin "Bağdada ezamiyyət”, Elçin əfəndiyevin ssenarisi əsasındakı "Mən sənin əminəm” tamaşalarına musiqi yazmışam. Ən maraqlısı isə odur ki, müğənnilərlə əməkdaşlığımız zamanı onlardan bəziləri mənə ifa etməyi məsləhət görürdülər, deyirdilər ki, bunun üçün məndə bütün imkanlar var və bu sahədə də öz sözümü deyə bilərəm. 

- Və sizi razı sala bildilər. 

- Mənim səhnədə ilk debütüm əməkdar artist Zabit Nəbizadə ilə oldu. Biz "Sizə güvəndiyim dağlar” mahnısını ifa etdik, mahnı tamaşaçıların çox xoşuna gəlmişdi. Sonra "Son vida”, "Tənha”, "Gözəllik” mahnıları gəldi. 

- Yazdıqlarınızdan ən çox bəyəndikləriniz hansılardır? 

- Mənim bütün bəstələdiklərim mənim uşaqlarımdır, uşaqlarınız arasında isə ayrıseçkilik edə bilməzsiniz. Son yazdıqlarımdan isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "İnsanlar” şeirini qeyd edə bilərəm. Bu şeir əsasında Rus dram teatrında tamaşa qoymaq kimi bir fikir də var. "İnsanlar”ın azərbaycancasını isə biz Ehtiram Hüseynəliyev ilə birlikdə oxumuşuq. 

-  Yeri gəlmişkən, aktrisalıq barədə: bu barədə planlar varmı? 

  -  Mən bir dəfə kinoda çəkilmişəm və o mənimçün çox maraqlıdır, ancaq təəssüf ki, indiyə qədər özümə uyğun rol tapmamışam. Bundan başqa, mən indi milli kinematoqrafımızın vəziyyətindən narahatam, rejissorlar öz bildiklərini deyil, sponsorun istədiyi kimi çəkirlər, həmçinin qonorar da ağrılı məsələdir. Ona görə də bir şey deyə bilmərəm, gələcək göstərəcək. 

 - Bir musiqi layihəsi ilə bağlı Ankara səfəriniz barədə danışa bilərsinizmi? 

- Bu Azərbaycan Bəstəkarlar İttifaqıyla Türkiyə Elm və Sənət Adamları Birliyinin (İLESAM) ümumi layihəsi idi. 16 oktyabrda Beynəlxalq Muğam Mərkəzində bu layihə çərçivəsində "Mahnıdan - Şarkıya” adlı konsert baş tutdu, AzTv canlı çəkiliş aparırdı. 19 noyabrda isə Anakarada analoji çəkilişləri TRT Avaz aparırdı. Layihənin məğzi ondan ibarət idi ki, 6 azərbaycanlı bəstəkar 6 türk şairinin şeirinə musiqi bəstələməli, 6 türk bəstəkar isə 6 azərbaycanlı şairin şeirinə musiqi bəstələməliydi. Bizim bəstəkarlar Firəngiz Əlizadə, Cavanşir Quliyev, Cəlal Abbasov, Cəlal Abbasov, Sərdar Fərəcov, Həsən Adıgözəlzadə idilər. Türk bəstəkarlar üçün şairlərimiz isə Rəsul Rza, Nigar Rəfibəyli, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Zəlimxan Yaqub, Nəriman Həsənsadə idilər. Layihədə Üzeyir Hacıbəylinin Əhməd Cavadın "Vətən” şeiri əsasında bəstələdiyi əsər xor kimi səsləndirilirdi. 

Mən layihədə Əkrəm Yalbuzun "Koy sinemin üstünə” sözlərinə yazdığım musiqiylə çıxış edirdim. Layihədə iştiral edənlər xüsusi fəxri fərmanla təltif edildilər, burada iştirak mənimçüm böyük şərəf idi. 

- Elza xanım, gəlin sizin şeirlərinizdən danışaq. Sizcə, nəyə görə şeirləriniz belə narazılıq dalğasıyla qarşılanır? Siz bunu necə qəbul edirsiniz? 

- Bilmirəm inanacaqsızmı, ancaq mən belə şərhləri ümumiyyətlə oxumuram, vaxtım yoxdur sadəcə olaraq. Bundan başqa, bilirəm ki, belə şeyləri yazanlar onları oxuyacağımı arzulayırlar və mənim bütün bunları görüb ruhdan düşəcəyimi güman edirlər... Bilirsiniz nə maraqlıdır? Belə məni ittiham edən adamların əksəriyyəti  heç nə təqdim etmirlər, nə cəmiyyətə, nə ailələrinə, nə özlərinə bir fayda verirlər. Mən onları pisniyyətli boş adamlar hesab edirəm: onlar mənə pislik etmək istəyirlər... Qoy Allah onların gübahlarından keçsin... Bilirsinizmi, Ankarada TRT Avaz-da mən "Bığ” şeirimi oxudum və o dərhal populyarlıq qazandı. Belədə ki, başqa oxucular da var və onların fikri mənimçün daha əhəmiyyətlidir.   

- Sizin xarici görkəminiz də tez-tez müzakirə, mübahisə, hətta gülüş obyekti olur... 

- Şeir məsələsində olduğu kimi, bu söhbətlərə də qulaq asmıram, qeybət məni maraqlandırmır. Vacib olan dövlətin və xalqın mənim işimi qiymətləndirməsidir (otaqdakı çoxsaylı diplomları, fəxri fərmanları, mükafatları göstərir), bu hələ mənim mükafatlarımın az qismidir. Neqativə sakit yanaşıram, çünki özümün dəyərini bilirəm və öz yolumla gedirəm. Deyilənlər faciə deyil, bu hər zaman belə olub – dahi insanlar öz dövrlərində hər zaman cəmiyyət tərəfindən qəbul edilməyiblər. Fikirləşməyin ki, mən özümü dahi hesab edirəm, bunu gələcək göstərəcək – o zaman hər kəs etdiklərinə, qazandıqlarını görə öz layiqli yerini tutacaq. Ancaq necə olmasa da mənim istedadım var. İstedadlı, yenilikçi insanlar da hər zaman cəmiyyətin müqavimətiylə, ağır tənqidlərlə, təzyiqlərlə üzləşiblər. Ona görə də buna fikir vermək lazım deyil. Zamanla hər şey yoluna düəcək. Azərbaycan mədəniyyəti də belə nümunələrlə boldur. Bizim görkəmli klassikimiz, bəstəkar Üzeyir Hacıbəylini yada salaq. O 1908-ci ildə "Leyli və Məcnun” operasını nümayiş etdirəndə təzyiq və ittihamlarla üzləşməmişdimi? Bəs yenilikçi Vaqif Mustafazadə? Onun yaradıcı yolu qızılgüllərləmi bəzənmişdi? Belə qarşıdurmalar tarix boyu olub. Mənə gəldikdə isə, mən ittihamlar üçün ideal insanam, çünki yaradıcılığım yeniliklərlə doludur. Bu Allahın mənə verdiyi vergidir və mənim borcum onu cəmiyyətə təqdim etməkdir. 

- Hansı modelyerlərlə işləməyi sevirsiniz? 

- Onların arasında Andrey Qoroçalov, Fəxriyyə Xələfova, Şəlalə xanım, mənim bacım Lalə var... Son illərdə Leyla Əhmədovayla fəal işləyirəm... O cümlədən mənim Anar Atakiiyev, Pərviz Mirzəyev kimi yaxşı stilistlərim var. Başqaları da var, ancaq əsasən bu insanlarla işləyirəm və onların yaradıcılığından həqiqi zövq alıram. 
 
- Sizin konsertlərinizin hər zaman orijinal mövzuları olub. Pərəstişkarlarınızı gələcəkdə də təəccübləndirməyi planlaşdırırsınızmı? Layihələri reallaşdırmaqda kim kömək edir sizə? 

-  Bilirsinizmi, heyvanların müdafiəsi ilə bağlı konsertdən sonra, bəziləri elə güman etdi ki, mən evdə bütöv zoopark saxlayıram (gülür). Ancaq mənim sadəcə bu pişiyim, Ceyla var. Onu mənə hədiyyə ediblər. O çox mehribandır, qonaqları sevir, hərdən məni cırmaqlasa da mənimçün çox əzizdir. 

Yeniliklərə qaldıqda isə, "Uçuş” layihəsi üçün proqram hazırlanır. Təfərrüatlar qoy hələlik sirr qalsın. Bircə onu deyim ki, hadisələr təyyarənin göyərtəsində baş verir. Vaxt qıtlığına, işlərdəki bəzi gərginliyə baxmayaraq, layihə mütləq həyata keçəcək. Mənim çox dostpərvər komandam var, bu insanlar neçə illərdir ki, mənim layihələrimdə səmimi qəlbdən çıxış edirlər. 

- Elza xanım, sizi parodiya edənlərə necə yanaşırsınız? 

- Buna olduqca sakit yanaşıram. Elə insanlar var, mənə deyirlər ki, onlar da parodiya olunmaq istərdilər, bununçün çalışırlar, ancaq heç cür diqqət mərkəzinə düşə bilmirlər. Axı parodiya o deməkdir ki, insan artıq məşhurdur və publika üçün maraqlıdır. Bundan başqa, biz parodiyaçılara da pul qazanmaq imkanı veririk (gülür). 

- Sizin rəsmi saytınız niyə belə pis işləyir?

- Yəqin mən çox işləyən və özünü reklam edən azsaylı adamlardan biriyəm. Səmimi deyirəm, vaxt yoxdur. Əgər mənim yeniliklərimin və yaradıcı kəşflərimin yarısı bir başqasında olsaydı, çox güman o adam artıq Ginnesin rekordları kitabına düşərdi. Ancaq mən özünüreklamla məşğul olmuram. Sadəcə bilirəm ki, bunların hamısı tarixdə qalacaq və gələcəkdə özünü göstərəcək. 

 -   Siz insanlardakı hansı xarakterik xüsusiyyətləri sevmirsiniz? Və sizin özünüzdəki qüsurlar hansılardır? 

- Biz hamımız bilirik ki, ideal insan mövcud deyil. Ona görə də insanlardakı çatışmazlıqlara da təmkinlə yanaşıram. Ancaq yalanı və riyakarlığı qəbul edə bilmərəm. Belə xasiyyətləri olan insanların nə işlər çevirəcəyini sadəcə olaraq duymaq mümkün deyil. Mənsə başa düşmədiyim adamlardan qaçıram. 

Bundan başqa, indilərdə kimlərinsə özünü kimlərəsə oxşadıb öz individuallıqlarını itirməsini bəyənmirəm. Söhbət dəbdən, plastik əməliyyatlardan gedir. Bu xaricdən gələn virus kimidir. Düz başa düşün: mən ümumiyyətlə plastikaya qarşı deyiləm. Elə insanlar var plastik əməliyyat etmələri sadəcə olaraq vacibdir. Amma bir çoxları tibbi səbəblərdən deyil, sadəcə dəb üçün bunu edirlər. Onlar başa düşmürlər ki, hər yaşın özünəməxsus fiziki dəyişiklikləri olur. Sonradan peşmançılıq çəkəcəyin bir şey üçün də əlləşib vuruşmaq düzgün deyil. Allah eləsin, belə hadisələr bizim cəmiyyətimizdə kütləvi xarakter daşımasın. 

Mənim xarakterimə gəldikdə isə, mənim bürcüm xərçəngdir, deməli, zəhmətkeşəm, səbrliyəm, öz məqsədimə addım-addım gedirəm. Mən boş xəyəlpərəst deyiləm, hər zaman öz arzularımı reallaşdırmağa çalışıram və həyata keçməyəcək şeylərin dalınca düşmürəm. Açıq desəm, xarakterimdə məni narazı salan bir şey yoxdur. Bunun üçün Tanrıya minnətdaram. 

- Dostlarınız varmı, onlara vaxt ayıra bilirsinizmi?

- Bəli, var və deyə bilərəm ki, uzun illər ərzində dostlarımın bircəciyini də itirməmişəm. Təbii ki, onlar üçün vaxt tapıram və ünsiyyəti saxlayıram. Onlar mənimçün ailəm qədər vacibdirlər. 

-   Yeri gəlmişkən, ailə barədə - siz necə anasız, ciddi yoxsa yumşaq? 

- Hamısından biraz. Mən erkən ailə qurmuşam və mənim yekin uşaqlarım var, öz həyatlarını qurublar. Ümumiyyətlə, mən ciddi, sərtəm, eyni zamanda isə qəddar və diktator deyiləm. Hətta ürəyiyumşağam. Əgər hansısa anda uşağa təzyiq göstərməli oluramsa, bunu onun yaxşılığı üçün edirəm. 

Bundan başqa, mənim yaxşı evdarlığım var. Qonaq qəbul etməyi, yeməklər bişirməyi çox sevirəm. Deyirlər ki, bu məndə çox yaxşı alınır. Azərbaycan yeməklərindən ən çox dovğanı, dolmanı və küftə bozbaşı sevirəm. Və əlbəttə ki, plovu. 

- Bizə gələcək planlarınızdan danışa bilərsinizmi?

- Adətən planlarımdan danışanda, onlar həyata keçirmirlər. Belə bir deyim var: "Əgər Tanrını güldürmək istəyirsənsə, ona öz planlarından danış”. Sağlamlıq, sülh əmin-amanlıq olsun, bizlər də işlərimizi davam etdirək. Hər şey Allahın əlindədir – nə olacaq, olacaq. 

-  Oxucularımıza və xalqımıza nə arzulayardınız?

- Xalqımıza həmrəylik, birlik arzu edərdim. Allah hər birimizi müxtəlif cür yaradıb, heç birimiz bir-birimizə oxşamırıq. Ancaq buna baxmayaraq, biz bir olmağı, dövlət və xalq ətrafında bir yumruq kimi birləşməyi bacarmalıyıq. İnanmaq istəyirəm ki, biz adət-ənənəmizi, saflığımızı, vətənpərvərliyimizi saxlaya biləcəyik. 

Bütün canlı varlıqları sevmək, ətraf mühiti qorumaq lazımdır ki, Tanrı bizim yaradılanlara olan sevgimizi görsün və bizi zorakılıqdan, müharibədən, faciələrdən hifz etsin. Bu mənim arzumdur və inanıram ki, bunlar həyata keçəcək. Sadəcə gələcəyə inamla baxmaq lazımdır. Onda hər şey yaxşı olacaq. 

Materialı Bəhram Bağırzadə təqdim edib. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Məşhur Şəki karvansarayı - FOTOREPORTAJ
Mədəniyyət 11:49
Məşhur Şəki karvansarayı - FOTOREPORTAJ
Viktoriya və Albert muzeyinin heykəltaraşlıq zalı -FOTOREPORTAJ
Mədəniyyət 11:46
Viktoriya və Albert muzeyinin heykəltaraşlıq zalı -FOTOREPORTAJ
Tahir İmanov: Cahillik və adilliyin mübarizəsi əbədidir - MÜSAHİBƏ
Mədəniyyət 10:34
Tahir İmanov: Cahillik və adilliyin mübarizəsi əbədidir - MÜSAHİBƏ
İki rəssam dostun sərgisi - REPORTAJ
Mədəniyyət 09:40
İki rəssam dostun sərgisi - REPORTAJ
İstanbul küçələrində qraffitilər - FOTO
Mədəniyyət 09:38
İstanbul küçələrində qraffitilər - FOTO
İstanbulun keramika muzeyinin təmtəraqlı kolleksiyası - FOTO
Mədəniyyət 09:05
İstanbulun keramika muzeyinin təmtəraqlı kolleksiyası - FOTO
Filarmoniyada klassik musiqi konserti - REPORTAJ
Mədəniyyət 08:34
Filarmoniyada klassik musiqi konserti - REPORTAJ
Etibar Əsədli: “Mən Azərbaycan musiqisini dünya miqyasında görmək istəyirəm” – MÜSAHİBƏ
Mədəniyyət 08:33
Etibar Əsədli: “Mən Azərbaycan musiqisini dünya miqyasında görmək istəyirəm” – MÜSAHİBƏ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol