• $ 1.7
  • € 1.98
  • ₽ 0.022094
  • ₺ 0.04
  • £ 2.266

Trol şəbəkəsindən narazılar - Meta-dan açıqlama, DİN-in "öz işimizdir" cavabı

Trol şəbəkəsindən narazılar -  Meta-dan açıqlama, DİN-in
18.04.2022 16:15
İctimai və siyasi fəallar, jurnalistlər, vətəndaş cəmiyyətinin nümayəndələri kibercinayətə, trol hücumuna məruz qalır, hücum edəni özləri tapır, müvafiq orqanlar isə heç bir tədbir görmür, bunu ictimai fəal Bəxtiyar Hacıyev deyib.
 
"Bir ilə yaxındır ki, 50-60 fərqli nömrədən mənə qarayaxma, təhdid, şantaj, təzyiq mesajları gəlirdi. Bu məzmunda mesajların sayı bəzi günlər 200, hətta minə çatırdı. Bu da böyük narahatlıq doğururdu. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət edəndə həmin şəxsləri tapa bilməyəcəyini dedilər. Daha sonra özüm texniki üsullar ilə həmin şəxslərdən birinin IP (İnternet Protokolu) ünvanını və port məlumatlarını tapdım. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) məlumat verdim. Həmin  şəxs etiraf edib ki, ona minə yaxın nömrə, hazır mətnlər verilib ki, o,  gün ərzində tapşırılan şəxslərə göndərsin. Bu işin müqabilində də kifayət qədər böyük məbləğ qazanır. Bütün bunları etiraf edən şəxsi nə DİN, nə də BMCMİ məsuliyyətə cəlb etdi. Tam əksinə, həmin şəxs sərbəst buraxıldı. Odur ki, məncə bu  kibercinayətkar dəstəni elə DİN himayə edir", - Hacıyev deyir. 
 
Bəxtiyar Hacıyev bildirir ki, böyük şirkətlərin bu hücumlar barədə bəyanat yayması Azərbaycana sanksiyalar tətbiq edilməsinə səbəb ola bilər. 
 
"Meta” şirkəti kimi nəhəng qurum Daxili İşlər Nazirliyinin onlayn hücumlara himayə etdiyini açıqlayıbsa bu Azərbaycanın nüfuzuna ciddi zərbədir.  Rusiyanın Ukraynaya hücumundan sonra tətbiq edilən sanksiyalar Azərbaycanı da gözləyə bilər. Müvafiq qurumlara çağırış edirəm ki, belə qeyri-qanuni hərəkətlərdən əl çəksinlər, nə bizi narahat etsinlər, nə də onları vəzifəyə təyin edən şəxslərə sanksiya tətbiq olunmasına səbəb olsunlar", - fəal vurğuladı.
 
"Meta” şirkəti - "Fəalları hədəf alan şəbəkəni Daxili İşlər Nazirliyi idarə edir"
 
Cari ilin aprelində "Facebook”, "Instagram”, "WhatsApp” kimi şirkətlərini özündə birləşdirən "Meta” təhdidlərlə bağlı hesabatını dərc edib. Hesabatda Azərbaycandakı təhdidlərin araşdırılması barədə məlumatlar öz əksini tapıb.
 
"Biz Azərbaycanda həm kibercasusluqla məşğul olan, həm də orijinal olmayan davranışlarından şübhələndiyimiz profillərdən ibarət şəbəkəni sildik. Bu şəbəkə ilk növbədə Azərbaycandan olan insanları, xüsusilə  fəalları, müxalifətçiləri, jurnalistləri və hökuməti tənqid edənləri hədəfəbaxımında  alıb. Bu məhsuldar, lakin idarəetmə baxımından  zəif şəbəkə  idi və Azərbaycanın Daxili İşlər Nazirliyi tərəfindən idarə olunurdu. Bu şəbəkə bir sıra taktikaları -  fişinq, sosial mühəndislik və hakerlikdən tutmuş əlaqələndirilmiş qeyri-müəyyən davranışları özündə birləşdirirdi”, - hesabatda qeyd olunub.

Hesabata görə,  Azərbaycanda demokratiya fəallarının, müxalifətçilərin və jurnalistlərin sosial şəbəkə hesablarını və digər bənzər onlayn platformalarını hədəfə almaq məqsədi güdüb. Məqsədlərin birincisi hədəflər haqqında şəxsi məlumat əldə etmək, ikincisi isə  onların adından böhtan xarakterli məlumat yaymaqdan ibarət idi.

Hesabatda həmçinin qeyd edilir ki, bu fəaliyyətin arxasında duran şəxslər səhifələri idarə etmək, bu səhifələrin və hesabların qanuni sahibləri kimi görünmək üçün saxta və təhlükəyə məruz qalmış hesablardan istifadə ediblər.:

"Onlar xəbər saytlarına, online platformalara, o cümlədən "Facebook”, "Twitter”, "LinkedIn”, "YouTube” və rusca olan "VK” və "OK”-ə  xüsusi diqqət yetiriblər. Bu, hibrid casusluq adlanır”, - hesabatda göstərilib.
 
"Trol himayəsi Daxili İşlər Nazirliyinə yönəlik qlobal səviyyədə iddiadır"
 
Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüzün fikrincə, sözügedən şirkət trol şəbəkənin DİN tərəfindən himayə edilməsi barədə əsaslı sübutlar təqdim etməlidir. 

"Hazırki durumda istənilən şəxs feysbukda saxta məlumatlar yaya, profillər yarada bilir. Bu imkanları sosial şəbəkə yalnız xakerlərə deyil, hər kəsə verib. Belə şəraitdə trol şəbəkənin, kiberhücumları kimin həyata keçirdiyini ciddi araşdırmaq lazımdır. Bu hücumları bir ölkə etmir. Fərqli ölkədə digər dövlətin İP ünvanı ilə üçüncü ölkədəki şəxsin hesabına hücumlar edilir. Həmin şirkət də əgər cinayəti himayə edəni tapmaq istəyirsə, adı keçən ölkələr ilə birgə araşdırıb, əsaslı sübutları ictimaiyyətin önünə qoymalıdır", - o bildirib.
 
Osman Gündüz bildirir ki, Daxili İşlər Nazirliyi bu ittiham ilə bağlı qlobal şirkət olan "Meta"ya  müraciət etməli, sorğu göndərməlidir.
 
"Qlobal şirkətdən belə bir ittiham səhv ictimai rəyin formalaşmasına gətirə bilər. Bundan dolayı, əvvəlcə DİN, bununla yanaşı hökümət, mövzu ilə bağlı rəsmi qurumlar sorğu ünvanlayıb, faktları tələb etməlidir", - o vurğuladı. 

"Deyilənlər uydurmadır, müraciət öz işimizdir” - Daxili işlər Nazirliyi 
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun sözlərinə görə, iddialar əsassız və uydurmadır

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ölkədə ictimai asayişi və ictimai təhlükəsizliyi təmin edir, cinayətkarlığın bütün növlərinə qarşı mübarizə aparır”, - DİN rəsmisi söylədi.

"Uydurma açıqlama yaydığını dediyiniz şirkətə rəsmi sorğu göndərib niyə məhz DİN-in adını çəkdiklərini soruşacaqsınızmı" sualına cavabında isə nazirlik sözçüsü bildirdi ki,  "bu, bizim öz işimizdir, sizin məsləhətinizə ehtiyacımız yoxdur" və  dərhal  telefonu söndürdü. 

Saxta hesablar ilə mübarizə yolları hansılardır?

Hüquqşünas Ələsgər Məmmədli bildirir ki, anonim hesablar konkret kimisə hədəfə alır, onun şərəfini, ləyaqətini nalayiq formada aşağılayır və yaxud da qanunla qadağan olunmuş informasiyalar yayırsa, o zaman müvafiq maddə ilə cinayət işi qaldırıla bilər.

"Əgər şəxs ölkə xaricindədirsə, böhtan və təhqirdən əlavə hər hansı cinayətə, məsələn, ölümlə hədələməyə yol verərsə, cinayət işi çərçivəsində onun müəyyən edilməsi və məsuliyyətə cəlb olunması tələb oluna bilər”, - ekspert dedi.
 
İnformasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov bildirir ki, DİN trolların tapılması, kibercinayətkarlığın üzə çıxarılması üzrə sosial şəbəkələrin özləri ilə yaxından əməkdaşlıq edə bilər. O vurğuladı ki, tapılması mürəkkəb proses olsa da, bu mümkündür və təhlükəsizlik məqsədi ilə vacibdir. 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-1-ci maddəsi İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmədən bəhs edir. 

İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə -
min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu maddədə "saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.
 
Azərbaycandakı trol şəbəkələrdən şübhələnənlər
 
2020-ci ildə Facebook sentyabr və oktyabrın ilk günlərində dünya boyunca blokladığı saxta hesab şəbəkələri barədə hesabatı dərc edib. Hesabatın Azərbaycana aid hissəsində yazılıb ki, Facebook ölkəyə bağlı 589 hesab, 7 min 906 səhifə və 447 Instagram hesabını "əlaqələndirilmiş saxta davranış"a görə bağlayıb.
 
Facebook həmin ildə "koordinasiya edilmiş saxta davranış” əleyhinə qaydalarını pozduqlarına görə YAP-la əlaqəsi olan 8,000 Facebook və Instagram hesabı və səhifəsini sildiyini elan edib.

Facebook-un əməkdaşı Sofi Janq Facebook-da saxta hesablardan gələn saxta layk, paylaşım və şərhlərə qarşı mübarizə komandasında çalışarkən trol əməliyyatının üstünü açıb. O, istifadəçi hesablarına bənzər yaradılan minlərlə Facebook səhifəsinin olduğunu və onlardan Azərbaycanda çox az sayda müstəqil xəbər portalı və müxalif siyasətçilərin səhifələrində şərh yazmaq üçün istifadə olunduğunu aşkarlayıb. Şərhlər isə demək olar yalnız həftə içi səhər saat 9-dan axşam saat 6-dək yazılıb.

 Azərbaycanda dövlət tərəfindən maliyyələşdirilən trol şəbəkəsinin mövcudluğu 2014-cü ildə ingilis dilində dərc olunan bir tədqiqatda və Amerikada yerləşən Gələcək üçün İnstitutunun (Institute for the Future) 2018-ci il hesabatı ilə sənədləşdirilib. 
 
Trol və Kiberhücum terminlərinin dəqiq anlamı
 
"Troll" balıqçılıqla bağlı termindir, ingilis dilində "balıq tutmaq üçün istifadə olunan tilov" (qarmaq), "tilovun ucuna taxılan yem", "suya tilov atıb balıq tutmaq" mənalarını verir. Müasir anlamda isə "trol" ayrı-ayrı saytların, sosial şəbəkələrdəki səhifələrin işini sabotaj edən internet istifadəçisidir. Azərbaycanda sosial şəbəkə trolları özlərini müxtəlif məqamlarda göstərir. Dini, siyasi, hökümətin tənqid olunduğu paylaşımlarda saxta hesablardan yazılan yüzlərlə şərhə rast gəlmək olur. Belə rəylər isə paylaşımı edən şəxs linçə məruz qalır, ictimai rəyi dəyişmək cəhdi olur. 

Kiber hücum isə internet sahəsində ixtisaslaşmış şəxslərin bir hack qrupu yaradaraq dövlət, polis, bank və şəxslərin kompüter sistemlərinə və hesablarına zərər vermə əməliyyatıdır. Kiber hücum sayəsində ələ keçirilən hesabdakı gizli məlumatlar ifşa oluna və ya çox mühüm məlumatlar silinə bilər. Şəxsi həyata birbaşa müdaxilə kimi qiymətləndirilir. 


Ləman Qasımova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Cəmiyyət 12:33
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Cəmiyyət 12:03
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
Cəmiyyət 16:21
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
Cəmiyyət 18:24
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
Cəmiyyət 14:28
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Cəmiyyət 20:46
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Seçkilərə gedən
Cəmiyyət 16:47
Seçkilərə gedən "Musavat" partiyasının qazandıqları - MÜSAHİBƏ/VIDEO
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Cəmiyyət 14:28
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol