Universitet məcburi köçkündən 5400 manat tələb edir - Universitetdən rəsmi cavab
Azərbaycanda məcburi köçkünlərin təhsil xərcləri dövlət büdcəsi hesabına ödənilməli olduğu halda Sumqayıt Dövlət Universiteti (SDU) məcburi köçkündən 5400 manat təhsil haqqını ödəməyi tələb edir, bunu təhsil müəssisəsinin tələbəsi Nəzrin Nəbizadənin atası Səməndər Nəbizadə anews.az-a açıqlamasında bildirib. Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətindən isə bildirildi ki, tələbə təhsil müəsisəsinə yaxınlaşsın və onun problemi araşdırılsın.
Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il Sərəncamına əsasən, 2011/2012-ci tədris ilindən etibarən məcburi köçkünlərin təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 1988-1992-ci illərdə anadan olan qaçqınlar da dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqını ödəməkdən azaddırlar.
Nəzrin Nəbizadə Sumqayıt Dövlət Universitetinin 5-ci kurs tələbəsidir. Universitetin kimya-biologiya ixtisasında təhsil alan tələbə Kəlbəcərdən məcburi köçkündür.
Tələbənin atası Səməndər Nəbizadənin sözlərinə görə, 2019-cu ildə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə övladı məcburi köçkün kimi tanınıb. Amma təhsil müəssisəsi həmin qərarı qəbul etmir.
"Qızım SDU-ya 2017-ci ildə qəbul olub. 2 il məcburi köçkün statusu olmadığı üçün təhsil haqqını ödəmişik. İndi deyirlər ki, 5400 manat pul ödəməlisiniz. 2019-cu ildə 1 saylı İnzibati-İqtisadi Məhkəməsi qərar verdi ki, qızım məcburi köçkün kimi tanınsın. Universitetin rəhbərliyinin qəbulunda da olmuşam. Təhsil haqqını ödəmədiyinə görə kəsrləri də yaranıb. Bəzi imtahanlara buraxmayıblar. Mən məhkəmənin qərarını onlara vermişəm. Həmçinin, rektorun qəbulunda da olmuşam. Biz i arxayyın etdilər ki, yaxşı olacaq. Təhsil Nazirliyindən isə dedilər ki, sizin iki il üçün ödədiyiniz pul da geri qaytarılmalıdı. Rektor deyir ki, get yenidən məhkəməyə müraciət et, ya da həmin pulu ödə. Ödəsən tələbənin kəsrləri də düzələcək. Kəsirlərə də 3000-5000 manat arası pul tələb edirlər”, - valideyn bildirir.
SDU-nun mətbuat xidmətindən anews.az- bildirib ki, tələbə ərizə yazıb rəsmi şəkildə müraciət etməlidir ki, problemə baxılsın.
"Tələbə sonradan məcburi köçkün statusu alıb. Rektorun qəbulunda da olub. Hüquqşünasa da deyilib ki, getsin müraciət eləsin və ərizə yazılsın. Tələbə universitetə yaxınlaşsın yerində araşdırıb tələbənin
problemini həll etməyə çalışacıyıq. Kəsirlər isə tələbənin öz problemidir. O pul ödəyərək imtahanları verməlidir”, - universitet rəsmisi söylədi.
Kəlbəcər rayonundan Milli Məclisə deputat seçilmiş Aqil Məmmədov bildirdi ki, problemdən xəbərdardır və bununla bağlı təhsil müəssisəsi ilə əlaqə saxlayıb.
"Məhkəmə sistemi elə bir sistemdir ki, o qurum dövlətin adından qərar çıxarır. Əgər o qərar icra olunmursa, artıq problem təhsil müəssisəsindədir. Mən həmin universitetin rəhbərliyi ilə daha öncə də əlaqə saxlamışam. Yenə də əlaqə saxlayıb danışaram ki, bu nə məsələdir. Məhkəmə qərarına inam yoxdurmu? Məhkəmədən çıxmış qərarı düşünürəm ki, onlar normal qəbul etməlidir", - millət vəkili söyləyib.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, tələbə əgər məcburi köçkün statusu alıbsa ödənişi dövlət edir, universitetin təhsil haqqı tələbi əsassızdır.
"Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bununla bağlı sərəncamı var. Dövlət ali təhsil müəssisələrində əyani təhsil alan məcburi köçkünlərin təhsil haqqları dövlət büdcəsinin vəsaiti hesabına ödənilir və universitetin belə bir tələbi əsassızdır. Kəsr pulunun isə buna aidiyatı yoxdur. Əgər tələbənin kəsri yaranıbsa, o kəsr pulunu ödəyib yenidən imtahan verməlidir”, - ekspert məlumat verdi.
2022-ci ilin rəsmi rəqəmlərinə görə, Azərbaycanda 13400 tələbə məcburi köçkün statusu alıb.
İsmayıl Bakuvi

www.anews.az