Ana dilini normalarına düzgün əməl olunmur - Ekspertlərdən açıqlama
Bu gün 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib.
Bəs Azərbaycan dilinin norma və qayda-qanunlarına riayət olunurmu?
Media məsələləri üzrə ekspert, professor Qulu Məhərrəmlinin fikrincə bu gün xüsusən onlayn mediada Azərbaycan dili ilə bağlı ciddi problemlər var.
"Dil normalları qorunmur. Bir mənalı şəkildə belədir. Amma dilin keşiyində durmaq lazımdır. Bunun üçün xüsusi adımlar atılmalıdır. Rəsmi səviyyədə işlər görülür, ancaq əməl olunmur. Ana dilimizə lazımı şəkildə yiyələnməyən çoxlu sayda jurnalistlər var. Onların dil qaydalarına etinasız yanaşması problem yaradır. Televizyalarda da danışıq formaları ciddi şəkildə pozulur. Azərbaycanda dil bilgisi təəssüf ki, arzu olunan səviyyədə deyil",- ekspert bildirib.
Azərbaycanın dilçi-alimi, türkoloq, etimoloq, dil tarixçisi Baba Məhərrəmli bildirir ki, Azərbaycan dilinin hər üç normasında problemlər var.
"İstər reklam dilində, istərsə də, yazılı mətnlərdə dilin normalarına çox az riayət olunur. Məsələn Bakının bəzi küçərində, çimərlik adlarında inglis dilində adlardan istifadə olunur. Dövlət dili haqqında qanunun tələblərinə iş adamları, dövlət məmurları əməl etməlidirlər. Bu gün televizyalarda türk dilində danışmaq dəb halını alıb. Dilə biganə yanaşmaq olmaz. Dili qorumaq üçün mütailə vacibdir. Ancaq gəncləriminiz kitab oxumurlar. Müvafiq dövlət qurumları dilimizlə bağlı məsələlərə sərt mövqe qoymalıdırlar",- dilçi əlavə edib.
Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, onun rəsmi dövlət dili statusuna yüksəlməsi milli dövlətçilik tarixinin ən mühüm hadisələrindən biridir.
Aytac