• $
  • £

Qobustan haqqında sənədli film və kataloqun təqdimatı keçirildi

Qobustan haqqında sənədli film və kataloqun təqdimatı keçirildi
04.08.2022 23:00
Mədəniyyət Nazirliyinin dəstəyi, Qobustan Milli Tarix-Bədii Qoruğunun sifarişi ilə "Bəşəriyyətin ortaq dəyəri – Qobustan” adlı sənədli film çəkilib. Həmçinin qoruq tərəfindən "Qobustan – Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloq hazırlanaraq nəşr edilib.

Avqustun 3-də "Park İNN” hotelində film və kataloqun təqdimat mərasimi keçirildi. Qonaqlar öncə Qobustan qoruğunun nəşr etdiyi kitab, jurnal və bukletlərdən ibarət sərgi ilə tanış oldular.

Açılış nitqi ilə çıxış edən Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev qonaqları salamlayaraq bildirdi ki, qoruqda elmi tədqiqat müəssisəsi kimi yerli və xarici mütəxəssislərin iştirakı ilə mütəmadi tədqiqatlar və arxeoloji işlər aparılır: "2016-cı ildə Qobustan qoruğunda "Qobustan qayaüstü incəsənətinin rəqəmsal məlumat bazasının yaradılması” layihəsinə başlanılıb. Müasir metodlar tətbiq etməklə Qobustan qayaüstü təsvirlərini yenidən sənədləşdirmək, qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasını və yeni kataloqunu yaratmaq məqsədi daşıyan layihədə sənədləşdirilmiş materialların elmi, həmçinin menecment məqsədləri üçün istifadəsi nəzərdə tutulub. Layihə çərçivəsində Qobustanda ilk dəfə olaraq abidələrin öyrənilməsində 3D modelləşdirmə metodundan istifadə olunub. Tədqiqat layihəsinin ilkin nəticələri "Qobustan-Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqda əksini tapıb”.

Direktor qeyd etdi ki, Qobustan abidələrinin öyrənilməsi və təbliği qoruğun əsas fəaliyyət istiqamətlərindən biridir. Qoruq aparılan elmi tədqiqat işlərinin nəticələri barədə ictimaiyyətin məlumatlandırılması işini də diqqətdə saxlayır: "Həmçinin qeyd edim ki, üçillik tədqiqatın nəticəsi olaraq Cingirdağ-Yazılıtəpə ərazisində 169 təsvirli daşda (tədqiqata qədər 151 idi) 1347 (tədqiqata qədər 877 idi) qayaüstü təsvir, işarə, dəlmə və çapma sənədləşdirilərək qeydiyyata alınıb”.

Film haqqında söz açan Vüqar İsayev dedi ki, qoruğun sifarişi ilə ərsəyə gələn "Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli ekran işi dünyanın ilk sivilizasiya mərkəzlərindən biri olan Qobustan abidələrindən, burada aparılan elmi tədqiqat işlərindən bəhs edir.

Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov diqqətə çatdırdı ki, 2007-ci ildə "Qobustan qaya sənəti mədəni landşaftı” UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qobustan qayaüstü rəsmləri böyük tədqiqatlar üçün əhəmiyyətli abidədir: "Ölkəmizi dünyada bəşər mədəniyyətinin ilk məskənlərindən biri kimi təqdim edən Qobustan abidələri haqqında hər iki layihə çox önəmlidir. Biri nazirliyin dəstəyi ilə lentə alınan sənədli filmdir, digər isə kataloq. Film Qobustanın tarixinə, burada qayaüstü rəsmlərə yeni bir baxışı təqdim edir. Hər iki layihə vasitəsilə Qobustanın qayaüstü təsvirləri haqqında geniş məlumat əldə etmək mümkündür. Kataloqda qayaüstü təsvirlər müasir texniki vasitələrlə rəqəmsallaşdırılaraq təqdim edilib. Qobustanda olan 7000 təsvir kataloqa daxil edilib və nəşrin ikinci cildi də hazırlıq mərhələsindədir. Bu kataloq tədqiqatçılar üçün mühüm elmi mənbədir. Eyni zamanda ictimaiyyət və xarici mütəxəssislər üçün çox dolğun bir məlumat bazasıdır. Həyata keçirilən layihələr həm də onu deməyə əsas verir ki, Qobustan zənginlikləri bundan sonra da araşdırılmalıdır. Azərbaycanın qədim sivilizasiya məkanı olmasını sübut edən bu qoruq ərazisindəki abidələr xaricdən dəvət olunmuş mütəxəssislərin də iştirakı ilə tədqiq edilməlidir. Eyni zamanda Qobustana qədim sivilizasiya məkanı kimi turist axınına nail olmaq da əsas vəzifələrdən biridir”.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Füruzə Muradova Qobustan qoruğunda aparılan tədqiqat işləri haqqında söz açdı. Qeyd etdi ki, qoruğun ilk tədqiqatçısı, arxeoloq və etnoqraf, tarix elmlər namizədi İshaq Cəfərzadə 1939-1950-ci illərdə Abşeron, Səbail, Qobustan və s. arxeoloji ekspedisiyaların təşkilatçısı və rəhbəri olub. 1966-cı ildə Qobustan qoruğu SSRİ Nazirlər Sovetinin qərarına əsasən, Qobustan Dövlət Tarix Qoruğu statusunu alıb. 2007-ci ildə Qobustan qoruğu Birinci vitse-prezident Mehriban Əliyevanın böyük dəstəyi ilə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bundan sonra Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, qoruq "milli” statusu alıb. 2011-ci ildə Qobustan Milli Tarix-Bədii Qoruğunun yeni inzibati binası tikilib. Bu bina qoruğun zəngin fondu sayəsində 2013-cü ildə Avropanın ən yaxşı 10 muzeyinin sırasında yer alıb. Qoruq 2019-cu ildə İCESCO-nun İslam İrsi Siyahısına daxil edilib.

Füruzə Muradova Qobustan qoruğu ilə bağlı hər iki layihədə əməyi keçənlərə təşəkkürünü ifadə etdi.

Çıxışlardan sonra qonaqlar "Bəşəriyyətin ortaq dəyəri – Qobustan" sənədli filmini izlədilər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
Mədəniyyət 14:19
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Mədəniyyət 17:12
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Mədəniyyət 13:07
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Mədəniyyət 20:00
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Mədəniyyət 12:26
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Mədəniyyət 16:23
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Cəmiyyət 15:10
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Cəmiyyət 11:22
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Nəriman Həsənzadə vəfat edib
Mədəniyyət 08:50
Nəriman Həsənzadə vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol