Britaniya müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb - YENİLƏNİB
(Azərbaycan XİN açıqlması əlavə olunub)
Böyük Britaniyanın Bakıdakı səfirliyi Londonda Azərbaycan səfirliyinə hücumu pisləyir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin bəyanatında bildirilir.
"Polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb. 8 nəfər həbs edilib. Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan səfirliyi ilə əlaqə saxlayır", Biratinayın Azərbaycandakı səfirliyinin cümə günü yaymladığı məlumatında bildirilir.
Səfirlik həmçinin məsələ ilə bağlı hərtərəfli araşdırmanın getdiyini də vurğulayıb.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili bu gün Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
Londondakı Azərbaycan səfirliyinə qarşı dini radikal qrup tərəfindən törədilən hücumla bağlı XİN-ə çağırılan Britaniya müvəqqəti işlər vəkilinə qəti etiraz bildirilib.
Bu təxribatın diplomatik nümayəndəliyin təhlükəsizliyinin təminatı məsələsini ciddi şəkildə üzə çıxardığını və ev sahibi ölkəsinin beynəlxalq hüquqi öhdəliklərinə uyğun olaraq təhlükəsizlik tədbirlərini görməli olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. Belə halların bir daha təkrarlanmayacağına dair qarşı tərəfdən zəmanət tələb edilib.
Baş vermiş vandallıq aktı ilə bağlı Birləşmiş Krallığın müvafiq qurumları tərəfindən hərtərəfli istintaq araşdırmanın aparılması və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi tələbi səsləndirilib.
Britaniya müvəqqəti işlər vəkili baş vermiş hadisə ilə bağlı dərin təəssüf hissi və narahatlıqlarını ifadə edib. Hadisə ilə bağlı istintaqın aparıldığı bildirilib.
Avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb.
2022-ci il avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücum olub. Bir qrup dindar ərəbcə yazılan şüarlarla səfirliyin balkonuna çıxıb, Azərbaycan bayrağını yerə salıb, dini şüarlar səsləndirib. Hücum zamanı Azərbaycan Prezidenti İlham Əliyev və eks prezident Heydər Əliyevin şəkilləri, eləcə də dövlət bayrağı tapdalanıb. Bir müddət sonra səfirliyin təhlükəsizliyi təmin edilib və hücum edənlər saxlanılıb. Britaniya mediasının yazdığına görə, hücumu Mehdi Nökərləri Birliyi (MNB) təşkil edib. Səbəb kimi isə Azərbaycanda şiə müsəlmanların təzyiqə məruz qaldıqları göstərilib. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər