“Azərkosmos”un peyk əməliyyatından əldə etdiyi gəlirlər azalıb

2022-ci ilin yanvar-sentyabrında "Azərkosmos”un peyklərin kommersiya istismarından əldə etdiyi gəlir 19,3 milyon dollar təşkil edib. Bu da keçən ilin göstəricisindən 40,2% azalıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat verib.
2021-ci ilin yanvar-sentyabrında "Azərkosmos”un peyklərin kommersiya istismarından əldə etdiyi gəlir 32,3 milyon ABŞ dolları təşkil edib.
Eyni zamanda, şirkətin ümumi gəlirinin 82%-i telekommunikasiya və optik peyk xidmətlərinin ixracından əldə olunub. Hesabat dövründə şirkətin xidmətlərinin əsas hissəsi Böyük Britaniya (5 milyon dollar), Fransa (3,9 milyon dollar), Lüksemburq (3,3 milyon dollar), BƏƏ (1,8 milyon dollar) və Pakistanın (1,1 milyon dollar) payına düşüb.
Sentyabrda "Azərkosmos” 2,1 milyon ABŞ dolları məbləğində bu xidmətləri 35 ölkəyə ixrac edib.
2021-ci ildə "Azərkosmos”un peyklərin kommersiya istismarından əldə etdiyi gəlir 45,3 milyon dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 0,4% çoxdur.
"Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransız Qvianasında – red) orbitə buraxılıb.
2014-cü ilin dekabrında "Azərkosmos” və Fransanın "Airbus Defence and Space” şirkəti "Azersky” peykinin "Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalayıb. Peyk 2014-cü ilin iyununda orbitə çıxarılıb və 12 il orbitdə qalacaq.
2018-ci ilin sentyabrında Azərbaycan Kuru kosmodromundan "Azerspace-2” telekommunikasiya peykini orbitə çıxarıb.
"Azərkosmos” 2010-cu ildə yaradılıb. Onun funksiyalarına peyklərin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlərin alınması üçün sığorta şirkətlərinin seçilməsi, kosmik (peyk) operatorları ilə əməkdaşlığın qurulması və bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər