5-ci qrup üzrə qəbulda aşağı balla daxil olanların sayı hələ də yüksəkdir- DİM sədri

5-ci ixtisas qrupu üzrə qəbul olunanların əksəriyyəti aşağı nəticə göstərən abituriyentlərdir və dövlət sifarişi yerlərinin böyük hissəsi 300 baldan az toplayanlara verilir. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib.
Abbaszadənin sözlərinə görə, 5-ci qrup üzrə imtahan verənlərin yalnız 19–20%-i buraxılışda 200–300 bal arasında nəticə göstərib. Qəbul olunanların isə:
– 10%-i buraxılışda 200–300 bal arası,
– 27%-i isə 150–200 bal arası nəticə göstərib.
“Bu onu göstərir ki, bu sahələr üzrə kifayət qədər rəqabət var. Qabiliyyət imtahanları keçirilsə də, müsabiqə zamanı topladıqları ballar həlledici rol oynayır,” – Abbaszadə bildirib.
Dövlət sifarişi yerlərində vəziyyət
Abbaszadə qeyd edib ki, dövlət sifarişi üzrə yerlərin:
– 53%-i 300–500 bal arasında nəticə göstərənlərə,
– Yalnız 1%-i isə 500–700 bal arasında nəticə göstərənlərə verilib.
“Nəticədə, dövlət sifarişi ilə təhsil alan tələbələrin 80%-i 300 baldan aşağı nəticə göstərib. Bu onu göstərir ki, hazırda məktəblərdə oxuyan şagirdlərin əsas hədəfi ödənişsiz təhsil almaq üçün minimum 300 bala yaxın nəticə əldə etməkdir,” – o bildirib.
Kənd təsərrüfatı və səhiyyə ixtisasları: aşağı balla, amma dövlət dəstəyi ilə
DİM rəhbəri bildirib ki, 150–200 bal toplayan abituriyentlərin belə ödənişsiz əsasla qəbul olunduğu ixtisaslar əsasən kənd təsərrüfatı və səhiyyə sahələrinə aiddir.
“Dövlət bu sahələrdə mütəxəssis çatışmazlığını aradan qaldırmaq üçün belə siyasət yürüdür. Kim bu sahəyə gedirsə, dövlət onu oxutmağa hazırdır,” – deyə Abbaszadə qeyd edib.
Dövlət və özəl universitetlər arasında fərq artır.
Məleykə Abbaszadə özəl ali təhsil müəssisələri ilə bağlı da tənqidi fikir bildirib.
“Hazırda özəl universitetlər dövlət ali məktəbləri ilə rəqabətə tam davam gətirə bilmir. Çoxlu istinadlar və rəy var. Abituriyentlər konkret olaraq bəzi özəl universitetlərə getmək istəmirlər,” – o bildirib.
Sədr konkret ad çəkməkdən imtina etsə də, bəzi özəl ali məktəblərdə tədris keyfiyyətinin aşağı olduğunu və həmin müəssisələrin sadəcə formal qəbul apardığını vurğulayıb.
“Biz heç bir universiteti reklam etmirik və buna ehtiyac da yoxdur,” – o əlavə edib.
N.Təbrizli