• $
  • £

Prezident sərəncam imzalayıb

Prezident sərəncam imzalayıb
27.02.2026 17:13

Prezident İlham Əliyev "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Sənədə əsasən, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı və rəqəmsal texnologiyaların geniş tətbiqi sosial şəbəkələrin ictimai münasibətlər sistemində əhəmiyyətli yer tutmasına səbəb olmuşdur. Sosial münasibətlərin sürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması, həmin şəbəkələr vasitəsilə informasiyanın istehsalı, yayılması və istehlakının miqyasının artması bu sahədə hüquqi tənzimləmənin mövcud vəziyyətinin müasir texnoloji, sosial və təhlükəsizlik çağırışları baxımından təhlilini və təkmilləşdirilməsini zəruri edir.

Beynəlxalq təşkilatların və elmi tədqiqat qurumlarının araşdırmaları, digər ölkələrin təcrübəsi göstərir ki, uşaqların rəqəmsal mühitdə qorunmasına diqqət yetirilməsi, onların psixoloji rifahı və təhlükəsizliyi, sağlam inkişafı üçün xüsusi hüquqi müdafiə və texnoloji mühafizə mexanizmlərinin tətbiqi tələb olunur. Bu yanaşmada rəqəmsal mühitdə uşaqların şəxsi həyatının, ləyaqətinin və təhlükəsizliyinin bilavasitə dövlətlər tərəfindən qorunması tövsiyə edilir. Beynəlxalq təcrübədə, ilk növbədə, sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi, onlara uşaqlar üçün risklərin azaldılması, məlumatların daha ciddi mühafizəsi və təhlükəsizliyi ilə bağlı öhdəliklər müəyyən edən tələblərin tətbiqinin geniş vüsət alması müşahidə olunur.

Bu yeni tələblər sosial şəbəkələrin fəaliyyətinin sistemli hüquqi çərçivədə tənzimlənməsi, valideyn nəzarəti, platformadaxili təhlükəsizlik mexanizmləri və yaşa uyğun məzmun filtrləri vasitəsilə uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə təhlükəsizliyini təmin edir, həmçinin onların kritik informasiyanı təhliletmə, davranış və bilgi mədəniyyətinin inkişafına şərait yaradır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, uşaqların rəqəmsal mühitdə müdafiəsi sahəsində balanslaşdırılmış, sübuta əsaslanan və sistemli yanaşmanın, sosial şəbəkələrdən istifadə sahəsində rəqəmsal bacarıqların təşviqi, onlayn davranış mədəniyyətinin formalaşdırılması və yaradıcı rəqəmsal potensialın inkişaf etdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. aidiyyəti dövlət orqanlarını (qurumlarını), elmi müəssisə və təşkilatları, mütəxəssisləri və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə və beynəlxalq təcrübə nəzərə alınmaqla, ölkə ərazisində uşaqların sosial şəbəkələrdəki zərərli məzmun və təsirlərindən qorunmasını, o cümlədən sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqini əhatə edən normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydaların müəyyən edilməsi və tətbiqi ilə bağlı tədbirlər görülməsini təmin etsin;

1.3. məktəbəhazırlıq və ümumi təhsil fənləri üzrə təhsil proqramlarına (kurikulumlara), o cümlədən məzmun standartlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzularının daxil edilməsi, eyni zamanda mediada valideynlər, müəllimlər və uşaqlara yönələn maarifləndirmə proqramlarının hazırlanıb həyata keçirilməsi ilə bağlı tədbirlər görsün;

1.4. sosial şəbəkələrdən qanunauyğun istifadənin, belə istifadə zamanı uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı mütəmadi maarifləndirmə işinin həyata keçirilməsi, o cümlədən uşaqların rəqəmsal rifahına dair elmi tədqiqatlar aparılmasının təşviq edilməsi məqsədilə tədbirlər görsün;

1.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın namizədi BMT-də Komitə üzvlüyünə seçilib
Siyasət 22:12
Azərbaycanın namizədi BMT-də Komitə üzvlüyünə seçilib
Türkiyə səfirliyi Azərbaycan Ordusunu təbrik edib
Siyasət 17:07
Türkiyə səfirliyi Azərbaycan Ordusunu təbrik edib
Azərbaycan və İtaliya XİN başçıları strateji tərəfdaşlıq münasibətlərini müzakirə ediblər
Siyasət 16:50
Azərbaycan və İtaliya XİN başçıları strateji tərəfdaşlıq münasibətlərini müzakirə ediblər
Ursula fon der Lyayen Azərbaycana səfər edəcək
Siyasət 14:40
Ursula fon der Lyayen Azərbaycana səfər edəcək
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Siyasət 23:16
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub
Siyasət 20:38
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub
Muxtar Babayev BMT-nin Baş katibi ilə görüşüb
Siyasət 19:35
Muxtar Babayev BMT-nin Baş katibi ilə görüşüb
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb
Siyasət 19:04
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol