Sahibə Qafarova TÜRKPA-nı gənclər siyasətində səyləri artırmağa çağırıb
Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nı və gənc parlamentariləri gənclər siyasəti sahəsində səylərini gücləndirməyə çağırıb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qafarova bu barədə Bişkekdə keçirilən TÜRKPA-nın 15-ci plenar iclasında çıxışı zamanı danışıb.
O bildirib ki, TÜRKPA üzv ölkələrin parlamentləri arasında səmərəli dialoq və əməkdaşlıq platformasına çevrilib, beynəlxalq aləmdə tanınan mühüm təşkilat kimi formalaşıb.
Spiker parlamentlərarası əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsində Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Qafarova qeyd edib ki, Türk Dövlətləri Təşkilatının hazırkı sədri, Azərbaycan Prezidenti İlham Əliyev ötən ay Bakıda təşkilata üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarını qəbul edərkən ölkələrin üzləşdiyi təhdidlər barədə fikirlərini bölüşüb və təşkilatı gənclər siyasəti sahəsində fəal işləməyə dəvət edib.
Spiker, həmçinin süni intellekt sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunub. O xatırladıb ki, ötən ilin oktyabrında Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşünün Yekun Bəyannaməsində bu istiqamətdə əməkdaşlıq xüsusi vurğulanıb.
Qafarova Azərbaycan və Qazaxıstan arasında rəqəmsal infrastruktur sahəsində əməkdaşlığı da qeyd edib. O, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Rəqəmsal İpək Yolu” təşəbbüsü çərçivəsində iki ölkənin reallaşdırdığı Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışının keçirildiyini bildirib.
Milli Məclisin sədri TÜRKPA-ya sədrliyi dövründə Qırğızıstan parlamentinin — Joqorku Keneşin sədri Marlen Mamataliyevə uğurlar arzulayıb. O, 15-ci plenar iclasda aparılacaq müzakirələrin və qəbul ediləcək qərarların parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Son xəbərlər
Daha çox