• $
  • £

Zaur Kərimov: “İnnovasiya iqtisadi inkişafın əsas şərtidir” - MÜSAHİBƏ

Zaur Kərimov: “İnnovasiya iqtisadi inkişafın əsas şərtidir” - MÜSAHİBƏ
22.06.2026 10:00

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlbi ölkənin qarşısında duran əsas prioritetlərdəndir. Bu prosesdə biznes ictimaiyyəti ilə dövlət arasında dialoq mühüm rol oynayır.

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) artıq uzun illərdir ki, ölkədə fəaliyyət göstərən yerli və xarici şirkətlərin maraqlarını təmsil edən ən nüfuzlu biznes platformalarından biri kimi çıxış edir. Palatanın icraçı direktoru Zaur Kərimov hesab edir ki, iqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı olmadan mümkün deyil.

Zaur Kərimovla söhbətimizdə Azərbaycanın investisiya mühiti, biznesin qarşılaşdığı çağırışlar, özəl sektorun iqtisadi inkişafda rolu, rəqəmsal transformasiya və ölkənin beynəlxalq investorlar üçün cəlbediciliyini artırmaq istiqamətində atılmalı addımlar barədə danışdıq:

- Bu gün innovasiya və yeni texnologiyalar iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən hesab olunur. Azərbaycanın biznes sektoru innovasiyaların təşviqində hansı rolu oynaya bilər?


- Müasir dövrdə rəqabət qabiliyyətinin artırılması üçün innovasiya artıq seçim deyil, zərurətdir. Özəl sektor yeni texnologiyaların tətbiqi, rəqəmsal həllərin inteqrasiyası, startap ekosisteminin inkişafı və innovativ biznes modellərinin formalaşdırılmasında aparıcı rol oynayır.

Azərbaycanda innovasiya ekosisteminin inkişafında biznes sektorunun rolu yalnız yeni texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Şirkətlər eyni zamanda innovasiya mədəniyyətinin formalaşdırılması, tədqiqat və inkişaf təşəbbüslərinin dəstəklənməsi, startaplarla əməkdaşlıq və gələcəyin bacarıqlarına investisiyalar vasitəsilə bu prosesə mühüm töhfə verə bilərlər. Bu istiqamətdə biznes, dövlət və akademik dairələr arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Məhz bu əməkdaşlığın təşviqi AmCham Azərbaycanın fəaliyyətinin əsas istiqamətlərindən biridir. Biz innovasiya və rəqəmsal transformasiyanı ölkənin iqtisadi inkişafının vacib prioritetlərindən biri hesab edir və bu sahədə biznes ictimaiyyətinin fəal iştirakını dəstəkləyirik. Bu gün Palata nəzdində fəaliyyət göstərən 11 komitə və 3 işçi qrupu vasitəsilə müxtəlif sektorları təmsil edən şirkətləri bir araya gətiririk. Xüsusilə İnnovasiya və Rəqəmsal İqtisadiyyat Komitəsi, eləcə də Süni İntellekt üzrə İşçi Qrupu innovasiya ekosisteminin inkişafına yönəlmiş təşəbbüslərin formalaşdırılmasında fəal rol oynayır.

Biz mütəmadi olaraq dövlət qurumları və özəl sektor nümayəndələri arasında dialoq platformaları təşkil edir, biznes ictimaiyyətinin mövqeyini əks etdirən təkliflər və mövqe sənədləri hazırlayırıq. Bu təşəbbüslərin bir çoxu sonradan mövqe sənədlərində və hər iki ildən bir təqdim olunan Ağ Sənəddə öz əksini taparaq aidiyyəti dövlət qurumlarına təqdim olunur.

Bununla yanaşı, süni intellekt, rəqəmsal transformasiya və innovasiya mövzularında forumlar, panel müzakirələri, hackathonlar və digər təşəbbüslər vasitəsilə maraqlı tərəflər arasında bilik mübadiləsini və əməkdaşlığı təşviq edirik. Hesab edirik ki, innovasiya ekosisteminin inkişafı üçün texnologiya ilə yanaşı əməkdaşlıq, bilik mübadiləsi və əlverişli biznes mühiti də həlledici əhəmiyyət daşıyır.


- Qlobal biznes mühitində ESG prinsipləri dayanıqlı iqtisadi inkişafın mühüm elementlərindən biri kimi qəbul olunur. Siz bu yanaşmanın Azərbaycanda biznes mühitinin inkişafına və qeyri-neft sektorunun rəqabət qabiliyyətinə təsirini necə qiymətləndirirsiniz?

- Dayanıqlı iqtisadi inkişafın əsas şərtlərindən biri bizneslərin uzunmüddətli dəyər yaratmağa yönəlmiş və məsuliyyətli idarəetmə prinsiplərinə əsaslanan fəaliyyət modelidir. Azərbaycanın qeyri-neft sektorunda böyük potensial mövcuddur və bu potensialın reallaşdırılması üçün dayanıqlı biznes təcrübələrinin geniş tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Bu gün qlobal iqtisadiyyatda rəqabət qabiliyyəti artıq yalnız maliyyə göstəriciləri ilə deyil, həm də şirkətlərin dayanıqlılıq prinsiplərinə sadiqliyi və məsuliyyətli idarəetmə yanaşmaları ilə qiymətləndirilir. Bu baxımdan, Azərbaycanın qeyri-neft sektorunun inkişafında ESG prinsiplərinin tətbiqi mühüm rol oynayacaq.

AmCham Azərbaycan olaraq biz bu istiqamətdə biznes ictimaiyyətində maarifləndirmənin və qabaqcıl təcrübələrin təşviqinə xüsusi önəm veririk. Bunun nümunələrindən biri Palatamız tərəfindən hazırlanmış Dayanıqlılıq üzrə Təlimat Kitabıdır (Sustainability Handbook). Bu təşəbbüs şirkətlərə ESG prinsiplərinin tətbiqi və dayanıqlı biznes yanaşmalarının mənimsənilməsi istiqamətində praktiki dəstək göstərir.

İnanırıq ki, iqtisadi transformasiyanın uğuru yalnız texnoloji inkişafla deyil, eyni zamanda dayanıqlı və inklüziv inkişaf prinsiplərinin biznes mühitində geniş tətbiqi ilə mümkün olacaq. AmCham Azərbaycan gələcəkdə də ölkənin iqtisadi şaxələndirilməsi və dayanıqlı inkişaf məqsədlərinə töhfə verən təşəbbüslərin dəstəklənməsində fəal rol oynamağa davam edəcək.

-  Azərbaycanın növbəti inkişaf mərhələsində ölkənin innovasiya, investisiya və rəqabət qabiliyyətini daha da gücləndirmək üçün hansı istiqamətlərə xüsusi diqqət yetirilməlidir?

- İlk növbədə qeyd etmək istərdim ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafına göstərilən diqqət, rəqəmsallaşma, innovasiya və yaşıl enerji sahələrində həyata keçirilən təşəbbüslər Azərbaycanın dayanıqlı iqtisadi inkişafı üçün möhkəm zəmin formalaşdırıb.

Mən hesab edirəm ki, Azərbaycanın innovasiya, investisiya və rəqabət qabiliyyətinin daha da gücləndirilməsi üçün növbəti mərhələdə əsas diqqət yüksək əlavə dəyər yaradan sahələrin inkişafına, texnologiya və bilik əsaslı sahibkarlığın təşviqinə, insan kapitalına investisiyaların artırılmasına və beynəlxalq investisiyaların cəlb edilməsinə yönəlməlidir. Eyni zamanda, ölkəmizin regional innovasiya və biznes mərkəzi kimi mövqeyinin daha da möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın strateji coğrafi mövqeyi, inkişaf edən nəqliyyat-logistika infrastrukturu, yaşıl enerji potensialı və beynəlxalq tərəfdaşlıqları bu istiqamətdə mühüm üstünlüklər yaradır. Bu imkanların effektiv şəkildə dəyərləndirilməsi dövlət və özəl sektor arasında əməkdaşlığın daha da gücləndirilməsini tələb edir.

AmCham Azərbaycan olaraq biz ölkə rəhbərliyi tərəfindən müəyyən edilmiş strateji inkişaf prioritetlərini yüksək qiymətləndirir və biznes ictimaiyyətinin bu məqsədlərə töhfəsini artırmaq üçün fəaliyyətimizi davam etdiririk. İnanırıq ki, bu istiqamətdə atılan addımlar Azərbaycanın uzunmüddətli rəqabət qabiliyyətinin və investisiya cəlbediciliyinin daha da artmasına xidmət edəcək. 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Bu il Azərbaycan nə qədər qızıl ixrac edib? -AÇIQLAMA
İqtisadiyyat 11:51
Bu il Azərbaycan nə qədər qızıl ixrac edib? -AÇIQLAMA
Zaur Kərimov: “İnnovasiya iqtisadi inkişafın əsas şərtidir” - MÜSAHİBƏ
İqtisadiyyat 10:00
Zaur Kərimov: “İnnovasiya iqtisadi inkişafın əsas şərtidir” - MÜSAHİBƏ
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
İqtisadiyyat 11:40
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:21
Azərbaycan nefti bahalaşıb
Azərbaycan islam maliyyəsi alətlərinin tətbiqi imkanlarını qiymətləndirir
İqtisadiyyat 16:01
Azərbaycan islam maliyyəsi alətlərinin tətbiqi imkanlarını qiymətləndirir
Azərbaycan İslam İnkişaf Bankı ilə əməkdaşlıq üzrə növbəti 5 ilin prioritetlərini müəyyən edib
İqtisadiyyat 15:52
Azərbaycan İslam İnkişaf Bankı ilə əməkdaşlıq üzrə növbəti 5 ilin prioritetlərini müəyyən edib
Azərbaycan İslam İnkişaf Bankı ilə 640 milyon dollarlıq 11 layihə icra edir
İqtisadiyyat 15:47
Azərbaycan İslam İnkişaf Bankı ilə 640 milyon dollarlıq 11 layihə icra edir

Son 5-6 ildə qeyri-neft sektoru iqtisadi inkişafın aparıcı qüvvəsi olub- nazir
İqtisadiyyat 15:42
Son 5-6 ildə qeyri-neft sektoru iqtisadi inkişafın aparıcı qüvvəsi olub- nazir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol