Həbs edilən İlduzə Hacıyeva qəza yerindən qaçmayıb - vəkil Hikmət Əliyev
Yol-nəqliyyat hadisəsi ilə bağlı 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilən İlduzə Hacıyevanın vəkili Hikmət Əliyev onun yol nəqliyyat hadisəsində müdafiə etdiyi şəxsin təqsiri olmasi ve qəza yerindən qaçması barədə ittihamı rədd edir. Müdafiə tərəfi bildirir ki, Hacıyeva hadisədən sonra ərazidən yayınmayıb, 103-ə zəng edilib və o, nevroz vəziyyətində xəstəxanaya aparılıb.
Xəzər Rayon Məhkəməsinin hakimi Toğrul Məmmədov bu həftə Hacıyevanı 2025-ci ildə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı təqsirli bilərək 5 il 2 ay müddətinə azadlıqdan məhrum edib.
Müdafiə tərəfinin bildirdiyinə görə, Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci maddəsi — yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, zərərçəkən şəxsin ölümünə səbəb olduqda — və 264-cü maddəsi — yol-nəqliyyat hadisəsi yerindən qaçma — ilə təqsirli bilinib.
Hacıyevanın vəkili Hikmət Əliyev Anews.az-a bildirib ki, müdafiə tərəfi cinayət məcəlləsinin hər iki maddəsi ilə, xüsusilə hadisə yerindən qaçma ittihamı ilə razılaşmır.
“İlduzə Hacıyeva hadisə yerindən qaçmayıb. Hadisədən sonra 103 xidmətinə zəng edilib. Onun özü nevroz vəziyyətində olduğu üçün ətrafda olan tanimadiği İlham adlı şəxs onu huşsuz vəziyyətdə səhhətinin pis olmasini görüb avtomobilinə mindirərək xəstəxanaya aparıb", - vəkil bildirib.
Əliyevin sözlərinə görə, müdafiə tərəfinin əlində Hacıyevanın həmin gün xəstəxanada olduğunu təsdiqləyən foto və tibbi sənədlər var.

Həmin fotonun çəkilmə tarixi görünür ve beləliklə hadisədən sonra onun həqiqətən də xəstəxanaya aparılması və səhhətinin yaxşı olmaması açıq bilinir.
"Hacıyeva İlduzə Elmar qızı 27 iyun 2025-ci ildə tibb mərkəzinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə müraciət edib, ona “isterik nevroz” diaqnozu qoyulub, ilkin tibbi yardım göstərilib və ambulator müalicə təyin olunub", - Anews.az-a təqdim olunan Xəzər Tibb Mərkəzinin sənədində qeyd olunub.

Vəkil həmçinin Hacıyevanın xəstəxanada çarpayıda olan fotosunu göstərib.
Müdafiə tərəfi həmin fotonun Hacıyevanın hadisədən sonra xəstəxanaya aparıldığını təsdiqləyən sübutlardan biri olduğunu bildirir.
Hikmət Əliyevin sözlərinə görə, ilkin instansiya məhkəməsi zamanı müdafiə tərəfi ümumilikdə 11 vəsatət qaldırıb, lakin hakim Toğrul Məmmədov onların heç birini təmin etməyib.
“Biz 11 vəsatət verdik. Heç biri qəbul olunmadı. Halbu ki, cinayət işinin obyektiv və hərtərəfli araşdırılması üçün həmin vəsatətlərin təmin olunmasi zəruri idi", - vəkil deyib.
Hadisə ilə bağlı sosial şəbəkələrdə də müzakirələr başlayıb. Jurnalist Qənirə Ataşovanın paylaşımına yazılan bir sıra şərhlərdə bəzi istifadəçilər özlərini hadisə yerində olmuş və ya əraziyə yaxın şəxslər kimi təqdim edərək Hacıyevanın qəza yerindən qaçmadığını iddia ediblər.

"Tamam da, İlruzədən də ekspertiza götürərdilər. Prokukornan hakim dedi ki qəza yerindən qaçıb, amma biz qonşu olaraq qəza yerində idik, və heç yerə qaçmamışdı, Müjgan da orda idi, İlduzənin qızı da orda idi, uşaq şok keçirib panik atak keçirmişdi, yarım saat 40 dəqə sonra İlduzə gil uşağı klinikaya apardılar. Eh ədalət, çətin imişsən)”, - İstifadəçilərdən biri, kr1stina25, şərhdə yazıb.

Digər istifadəçi, crypto_rovsan, avtomobilin yüksək sürətlə hərəkət etdiyini və bunun kameraya düşdüyünü iddia edib.
“@badamkhanim sureti minimum 160km/s olub. Bizim evin kamerasina dushmushdu, raket kimi keçir kuceni. 5-6 saniye sonra qeza bash verir. Bizden qeza olan yere qeder mesafe 400m-dir. Hemin an yolu adam kecse ustunden ezib kecerdı”, - o bildirib.

Başqa bir şərhdə hovuz.baku adlı istifadəçi qəza yerində kamera olduğunu yazıb.
“@fateh.metin gedib bizim uwaqlar elave mawinin duz duwduyu yerdede abyekt var oraninda kamerasi var duwub hamsi mawinin patpresinden nece cixirlar bayra hamsi dusub”, - şərhdə yazılıb.

Eyni müzakirədə fateh.metin adlı istifadəçi isə hadisə yerində kömək edən şəxslərin şahid kimi çağırılıb-çağırılmadığını soruşub: “@hovuz.baku bir şey maraqlı gəldi mənə, şahid olaraq çağırılmışdınız sizdə, orda kömək edənlərdə? Ən azından şahidlərin ifadəsi köməklik edir.”


Anews.az sosial şəbəkə şərhlərindəki iddiaları müstəqil şəkildə təsdiqləyə bilməyib.
Müdafiə tərəfi hesab edir ki, xəstəxana sənədi, hadisədən sonra çəkilən foto, sosial şəbəkələrdə özlərini hadisə yerində olan şəxslər kimi təqdim edən istifadəçilərin yazdıqları və məhkəmədə təmin olunmayan vəsatətlər Hacıyevanın hadisə yerindən qaçması ittihamının yenidən araşdırılması üçün əsas yaradır.
Vəkilin sözlərinə görə, məhkəmə hökmündən apellyasiya şikayəti veriləcək.
Anews.az məsələ ilə bağlı Xəzər Rayon Məhkəməsi və hüquq-mühafizə orqanlarının mövqeyini öyrənməyə çalışır.
N.Təbrizli
Son xəbərlər
Daha çox