Azərbaycan mediasının son bir ili - TƏHLİL
Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü ərəfəsində beynəlxalq media təşkilatları ölkədə media azadlığından qayğılandıqları barədə hesabatlar dərc edib.
“Sərhədsiz Reportyorlar” təşkilatının 2026-cı il Dünya Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə arasında 171-ci yerdə qərarlaşıb. Ölkənin mövqeyi 2025-ci illə müqayisədə dörd pillə geriləyib. Təşkilat Azərbaycanı mətbuat azadlığının vəziyyətinin ən ağır qiymətləndirildiyi son on ölkə sırasına daxil edib.
Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) son illik hesabatında isə Azərbaycan dünyada jurnalistləri ən çox həbs edən altı ölkədən altıncı kimi göstərilib.
CPJ bildirir ki, keçən il 2024-cü il ilə müqayisədə həbsdə olan jurnalistlərin sayı artıb. Azərbaycan hakimiyyəti isə ayrı-ayrı işlər üzrə ittihamların jurnalist fəaliyyəti ilə deyil, qanun pozuntuları və maliyyə cinayətləri ilə bağlı olduğunu bəyan edir.
Human Rights Watch da 2026-cı il dünya hesabatında Azərbaycanda müstəqil media və jurnalistlərə qarşı təzyiqlərin davam etdiyini, xüsusilə müstəqil media platformalarına qarşı cinayət işlərinin açıldığını qeyd edir.
Beynəlxalq təşkilatların rəyləri ölkədə fəaliyyət göstərən bir qism media mənsubları tərəfindən birmənalı qarşılanmır.
Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli hesab edir ki, son illər Azərbaycan mediasının təşkilati və struktur baxımından inkişafına xidmət edən müəyyən addımlar atılıb. Medianın İnkişafı Agentliyinin yaradılması, media qurumlarının maddi təminatı istiqamətində tədbirlərin həyata keçirilməsi, jurnalistlər üçün təlim və maarifləndirmə imkanlarının genişləndirilməsi müsbət tendensiyalar sırasındadır.
“Jurnalistlərin savadlanması, təlimlərdə iştirak etməsi üçün şərait yaradılır. Bunlar müsbət tendensiyalardır. Amma bütün bunların fonunda Azərbaycan mətbuatında problemlər də var. İlk növbədə, azad mətbuatın inkişafı ilə bağlı problemləri qeyd etmək lazımdır”, - Məhərrəmli bildirib.
Bununla yanaşı professorun jurnalistlərin həbs olunması ilə bağlı qiymətləndirmələri haqlı saydığını bildirib.
“Biz həbsxanada jurnalistlərin olduğunu, azad mətbuatla bağlı müəyyən problemlərin mövcudluğunu inkar edə bilmərik. Bu rəqəmlər beynəlxalq hesabatlara daxil edilir və Azərbaycanın mövqeyinə təsir göstərir”, – o deyib.
Onun sözlərinə görə, media cəmiyyətdəki müxtəlif mövqeləri tam şəkildə əks etdirə bilmir, araşdırma və tənqidi materialların sayı isə getdikcə azalır.
“Dünya artıq çox şəffafdır. Müxtəlif ölkələrin mediasında problemlər olsa da, məlumatlar və rəqəmlər müqayisə ediləndə xoşagəlməz tendensiyalar görünür. Aidiyyəti qurumlar elə fəaliyyət göstərməlidirlər ki, Azərbaycanın adı belə siyahılara düşməsin”, - professor əlavə edib.
“Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı son bir ili Azərbaycan mediası üçün həm ciddi transformasiya, həm də böyük məsuliyyət dövrü adlandırıb.
Onun fikrincə, informasiya mühiti əvvəlki illərlə müqayisədə daha mürəkkəb, dinamik və rəqabətli olub. Media artıq xəbər qurumları ilə deyil, sosial şəbəkələr, süni intellekt platformaları və sürətlə yayılan dezinformasiya ilə rəqabət aparır.
“Oxucu daha çox dəqiqliyə, etibarlı mənbəyə və peşəkar təhlilə üstünlük verir. Bu isə klassik jurnalistikanın dəyərlərinin aktuallığını qoruduğunu göstərir. Süni intellekt xəbəri yaza bilər, amma hadisəni qiymətləndirmək, kontekst yaratmaq və cəmiyyətə doğru istiqamət vermək hələ də peşəkar jurnalistin missiyasıdır”, - o əlavə edib.
O, gənc jurnalistlərin hazırlanmasını, etik prinsiplərin qorunmasını və faktların yoxlanılması mexanizmlərinin gücləndirilməsini prioritet istiqamətlər adlandırıb.
Millət vəkili Azər Allahverənov isə son bir ildə Azərbaycan mediasında peşəkarlığın və operativliyin hiss ediləcək dərəcədə artdığı qənaətindədir.
Onun sözlərinə görə, Azərbaycan mediasının dünya informasiya məkanına çıxışı genişlənib, rus və ingilis dillərində məzmun istehsal edən televiziya kanalları, informasiya agentlikləri və internet resurslarının sayı artıb.
Allahverənov beynəlxalq təşkilatların Azərbaycanla bağlı hesabatlarının obyektivliyini şübhə altına alır.
Onun fikrincə, həmin sənədlərdə ölkə mediasının inkişafı və əldə etdiyi uğurlar arxa planda saxlanılır, problemlər isə şişirdilmiş formada təqdim olunur.
" Avropa ölkələrində jurnalistlərə qarşı təzyiq və polis zorakılığı hallarına eyni həssaslıqla yanaşılmır. Bəzi beynəlxalq hesabatlar Azərbaycanın mənfi imicini formalaşdırmaq məqsədi daşıyır", - millət vəkili vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda media sahəsində problemlərin mövcudluğu inkar edilmir və onların aradan qaldırılması istiqamətində iş aparılır. Bununla yanaşı o hesab edir ki, həbsdə olan jurnalistlərlə bağlı işlər qiymətləndirilərkən məhkəmə qərarlarında göstərilən ittihamlar da nəzərə alınmalıdır.
“Bəzi hallarda məsuliyyətə cəlb olunan şəxslərlə bağlı ittihamlar sırf peşə fəaliyyəti ilə deyil, kommersiya fəaliyyəti, vəzifədən sui-istifadə və ya çirkli pulların yuyulması kimi əməllərlə əlaqələndirilir. Beynəlxalq hesabatlarda isə bu işlər birbaşa söz azadlığına təzyiq kimi təqdim olunur”, – Allahverənov bildirib.
CPJ və digər media hüquqları təşkilatları isə jurnalistlərə qarşı maliyyə cinayətləri üzrə ittihamların onların peşə fəaliyyətinə cavab olaraq irəli sürüldüyünü bildirir. Təqsirləndirilən jurnalistlər və onların vəkilləri də ittihamları rədd edirlər.
Allahverənov beynəlxalq hesabatlarda yalnız müəyyən tarixdə həbsdə olan şəxslərin sayının göstərildiyini, sonrakı dövrdə azadlığa buraxılan və ya əfv edilən jurnalistlərin isə hər zaman ümumi mənzərəyə daxil edilmədiyini söyləyib. O, bunun hesabatlarda “fraqmentar yanaşma” yaratdığını bildirib.
Jurnalistlərin mümkün əfvi məsələsinə toxunan deputat əvvəlki illərdə əfv sərəncamları ilə azadlığa buraxılmış jurnalistlərin olduğunu xatırladıb.
Bununla belə, o, 2026-cı ildə əfv edilən jurnalistlərlə bağlı konkret məlumat təqdim edə bilməyib və məsələni “həssas mövzu” adlandırıb.
RSF, CPJ, Avropa Şurası və digər beynəlxalq təşkilatlar diqqəti jurnalistlərin həbsinə, müstəqil redaksiyaların fəaliyyət imkanlarının məhdudlaşmasına və mətbuat azadlığı göstəricilərinin pisləşməsinə yönəldirlər. Rəsmi Bakı isə bu hesabatlarda ölkədəki media transformasiyasının, çoxdilli məzmun istehsalının, rəqəmsallaşmanın və peşəkarlıq sahəsində əldə olunan nəticələrin kifayət qədər əks etdirilmədiyini bildirir.
Son bir ildə Azərbaycanda media qanunvericiliyinə edilən dəyişikliklər əsasən nəzarət və tənzimləmə mexanizmlərinin genişləndirilməsi ilə yadda qalıb. Xarici media qurumlarının Azərbaycandakı filiallarının Media Reyestrinə daxil edilməsi məcburi olub, reyestr tələblərinə əməl etməyən filialların ləğvi və internet resurslarına çıxışın məhdudlaşdırılması imkanları müəyyənləşdirilib.
Media Reyestrində olmayan çap mediasının nəşri və yayımına görə cərimələr tətbiq olunub, informasiya agentlikləri üçün müqavilə və xarici ölkələrdə akkreditə olunmuş jurnalist sayı ilə bağlı yeni tələblər müəyyən edilib. Qanuna saxta məlumatların yayılmasına yol verilməməsi barədə ayrıca müddəa əlavə olunub.
2026-cı ildə isə süni intellektlə şəxsin razılığı olmadan hazırlanmış saxta, pornoqrafik və seksual məzmunun mediada yayılması qadağan edilib. Parlament həmçinin media sahəsindəki nəzarət və tənzimləmə səlahiyyətlərini vahid Media və Yayım Şurasında birləşdirməyi nəzərdə tutan dəyişiklikləri qəbul edib.
Gülnar Nazimqızı