• $
  • £

Kartdan-karta limitlər nağd dövriyyəni artıra bilər - ekspert

Kartdan-karta limitlər nağd dövriyyəni artıra bilər - ekspert
03.08.2026 08:12

Avqustun 1-dən Azərbaycanda Mərkəzi Bankla kommersiya bankları arasında əldə olunduğu bildirilən razılaşma əsasında kartdan-karta köçürmələrə yeni məhdudiyyətlər tətbiq olunmağa başlayıb.

Yeni qaydalara görə, müştəri gün ərzində ən çox beş köçürmə edə və beş köçürmə qəbul edə bilər. Əməliyyatların günlük ümumi məbləğinə limit qoyulmasa da, aylıq limit 20 min manat müəyyən edilib. Müştərinin özünə məxsus kartlar və hesablar arasındakı köçürmələr məhdudiyyətə daxil deyil.

Elektron pul kisələrinin sayına da limit tətbiq olunub. Bir müştəri manatla ən çox iki, hər bir xarici valyuta üzrə isə bir elektron pul kisəsinə sahib ola bilər.

Yeni qaydalar barədə hələlik yalnız Azər Türk Bank açıq məlumat yayıb. Mərkəzi Bankın saytında məhdudiyyətlərin hüquqi əsaslarını və tətbiq mexanizmini ətraflı izah edən ayrıca qərar və ya press-reliz tapılmayıb.

Məhdudiyyətlərin fırıldaqçılıq, vergidən yayınma, çirkli pulların yuyulması və bank kartlarından qanunsuz qumar fəaliyyətində istifadənin qarşısının alınmasına xidmət etdiyi bildirilir.

Bank məsələləri üzrə ekspert və hüquqşünas Əkrəm Həsənov məqsədlərin əsaslı olduğunu, lakin seçilən mexanizmin mübahisə doğurduğunu bildirib. Onun fikrincə, bütün vətəndaşlara ümumi limitlərin tətbiqi əvəzinə risk əsaslı rəqəmsal monitorinqdən və gəlirlərin ümumi bəyan edilməsi sistemindən istifadə edilməlidir.

Həsənov bildirib ki, inkişaf etmiş maliyyə nəzarəti sisteminə malik ölkələrdə vətəndaşlar gəlirlərini və onların mənbələrini mütəmadi bəyan edirlər. Bank hesablarına daxil olan vəsaitlərlə bəyan edilmiş gəlirlər arasında uyğunsuzluq yarandıqda vergi və hüquq-mühafizə orqanları araşdırma apara bilir.

Azərbaycanda isə ümumi gəlir bəyannaməsi sistemi tətbiq olunmur, vəzifəli şəxslərin gəlirlərinin bəyan edilməsini nəzərdə tutan qanunvericilik mexanizmi də faktiki işləmir. Ekspertin fikrincə, buna görə dövlət şübhəli və qanuni əməliyyatları fərqləndirməyən ümumi məhdudiyyətlər tətbiq edir.

Həsənov vətəndaşların maliyyə əməliyyatlarına birbaşa təsir göstərən məhdudiyyətlərin Mərkəzi Bankla kommersiya bankları arasında razılaşma əsasında tətbiq edilməsinin hüquqi əsaslarını da sual altına alıb.

“Necə ola bilər ki, Mərkəzi Bank banklarla razılıq əldə edib? Belə çıxır ki, banklar öz dövriyyəsini azaldan məhdudiyyəti könüllü qəbul ediblər. Normal bazar iqtisadiyyatında vətəndaşların hüquqlarına birbaşa təsir edən məhdudiyyətlər qanunla müəyyən edilməlidir”, — o bildirib.

Ekspertin fikrincə, əhalinin böyük hissəsi gündə beşdən çox köçürmə etmədiyi və ay ərzində 20 min manat göndərmədiyi üçün yeni qaydaların ciddi təsirini hiss etməyəcək. Lakin məhdudiyyətlər müştərilərdən ödənişləri şəxsi kartlarına qəbul edən mikrosahibkarlar üçün çətinlik yarada bilər.

Həsənov bildirib ki, belə şəxslər ödənişləri yaxınlarının kartlarına yönəltməklə və ya nağd şəkildə qəbul etməklə limitləri keçməyə çalışa bilərlər. O, bunu yeni qaydaların əsas mümkün mənfi nəticəsi hesab edir.

“Dövlət indiyədək heç olmasa nağdsız əməliyyatları görürdü. Bundan sonra limitdən artıq ödənişlər nağd dövriyyəyə keçə və dövlət onları ümumiyyətlə görməyə bilər”, — ekspert deyib.

Məhdudiyyətlər fiziki şəxslər arasında qanuni köçürmələrə də mane ola bilər. Məsələn, bir şəxsin sənədlə təsdiqlənə bilən 25 min manatlıq borcu qaytarması aylıq limitə görə kartdan-karta əməliyyatla mümkün olmayacaq.

Həsənov hesab edir ki, belə əməliyyatlar qadağan edilməməli, risk əlamətləri yarandıqda vəsaitin mənbəyi və ödənişin real səbəbi araşdırılmalıdır.

Onun fikrincə, kölgə iqtisadiyyatı ilə mübarizə ümumi limitlərə deyil, gəlirlərin bəyan edilməsinə, şübhəli əməliyyatların ünvanlı monitorinqinə və fərdi risk qiymətləndirilməsinə əsaslanmalıdır.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-nin İrana zərbə planından imtina etməsindən sonra neft 4 dollardan çox ucuzlaşıb
İqtisadiyyat 08:41
ABŞ-nin İrana zərbə planından imtina etməsindən sonra neft 4 dollardan çox ucuzlaşıb
Dolların zəifləməsi fonunda qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 08:37
Dolların zəifləməsi fonunda qızıl və gümüş bahalaşıb
Kartdan-karta limitlər nağd dövriyyəni artıra bilər - ekspert
İqtisadiyyat 08:12
Kartdan-karta limitlər nağd dövriyyəni artıra bilər - ekspert
OPEC+ sentyabrda neft hasilatını gündəlik 188 min barel artıracaq
İqtisadiyyat 21:30
OPEC+ sentyabrda neft hasilatını gündəlik 188 min barel artıracaq
Türkiyənin turizm sektorunda böhran yaşanır
İqtisadiyyat 19:00
Türkiyənin turizm sektorunda böhran yaşanır
Avtomobil bazarında durğunluq yaşanır
İqtisadiyyat 18:30
Avtomobil bazarında durğunluq yaşanır
İranda demoqrafik böhran yaşanır
İqtisadiyyat 18:03
İranda demoqrafik böhran yaşanır
Kartdan-karta köçürmələr gündə 5 əməliyyatla məhdudlaşdırıla bilər
İqtisadiyyat 09:45
Kartdan-karta köçürmələr gündə 5 əməliyyatla məhdudlaşdırıla bilər
Keçmiş nazir vəfat etdi
İqtisadiyyat 23:30
Keçmiş nazir vəfat etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol