“Sumqayıt”ın kapitanı əməliyyat olunub - 5 ay yaşıl meydanlardan uzaq qalacaq
“Sumqayıt” Futbol Klubunun kapitanı Səbuhi Abdullazadə “Neftçi” ilə oyunda aldığı ciddi zədə səbəbindən əməliyyat olunub.
Klubun yaydığı məlumata görə, 24 yaşlı yarımmüdafiəçinin Bakıdakı özəl xəstəxanalardan birində keçirilən əməliyyatı uğurla başa çatıb. Futbolçunun təxminən beş ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Abdullazadə Misli Premyer Liqasının ilk turunda “Neftçi” ilə matçın 74-cü dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulub. Bundan sonra əsəbiləşərək stadiondan çıxmaq istəyərkən qapıya yumruq vurub. Qapının sınması nəticəsində şüşə parçaları onun ayağına düşüb.
İlkin tibbi müayinədə futbolçunun ayağında çoxsaylı kəsiklər olduğu müəyyən edilib.
“Sumqayıt” ilk turda “Neftçi”yə 1:3 hesabı ilə məğlub olub. Abdullazadənin zədəsi komandanın mövsümün əvvəlində kapitanından uzun müddət istifadə edə bilməyəcəyi anlamına gəlir.