• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
22.09.2026 12:43

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

"Hörmətli Forum iştirakçıları! Sizi “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumunda səmimi-qəlbdən salamlayıram.

Artıq dördüncü dəfə Bakıda keçirilən bu Forum müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbər və nümayəndələrini bir araya gətirməklə beynəlxalq təhlükəsizlik sahəsində fikir mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafı üçün mühüm imkan yaradır. Forumun iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsi və müzakirə olunan məsələlərin aktuallığı Bakı platformasının beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisidir. Əminəm ki, builki tədbir də təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı, qarşılıqlı fikir və təcrübə mübadiləsi baxımından əhəmiyyətli olacaqdır.

Bu gün dünya sürətli və mürəkkəb dəyişikliklər dövrünü yaşayır. Beynəlxalq münasibətlər sistemində baş verən proseslər, geosiyasi rəqabətin kəskinləşməsi, müxtəlif regionlarda davam edən münaqişələr və qarşıdurmalar qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərir. Etimad böhranının kəskinləşməsi və qarşılıqlı anlaşmanın çətinləşməsi milli təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsini və beynəlxalq sabitliyin qorunmasını bütün ölkələrin qarşısında duran fundamental və təxirəsalınmaz prioritetə çevirir.

Dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir. Müasir çağırışların miqyası və təhdidedici xarakteri qarşılıqlı əməkdaşlığın gücləndirilməsini, çevik və əlaqələndirilmiş yanaşmaların tətbiqini zəruri edir. Çünki təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır. Hər hansı bir regionda meydana gələn böhran və ya gərginlik ocağı qısa müddət ərzində digər regionlara təsir göstərə, siyasi və iqtisadi sabitliyə, enerji və ərzaq təhlükəsizliyinə xələl gətirə, nəqliyyat və kommunikasiya əlaqələrində ciddi fəsadlara yol aça bilir. Terrorçuluq və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, qanunsuz silah və narkotik dövriyyəsi, kibercinayətkarlıq və digər transsərhəd təhdidlər də məhz bu qarşılıqlı bağlılıqdan istifadə edərək daha mürəkkəb xarakter alır.

Xüsusilə müasir texnologiyaların və yeni imkanların terrorçuluğun fəaliyyət dairəsinin genişləndirilməsi üçün istifadə olunması ciddi narahatlıq doğurur. Rəqəmsal imkanlardan, o cümlədən süni intellektin bədniyyətli istifadəsi radikal ideyaların yayılmasına, terrorçu şəbəkələrin maliyyə mənbələrinin genişlənməsinə və yeni tərəfdarların cəlb edilməsinə təkan verərək terrorçuluğa qarşı mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır. Bu şəraitdə terrorçuluğa qarşı mübarizə yalnız ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalı, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin mühüm istiqamətlərindən biri olaraq qalmalıdır.

Təhlükəsizliyin etibarlı təmin olunması üçün yalnız mövcud təhdidlər və onların nəticələri ilə mübarizə aparmaq deyil, riskləri əvvəlcədən müəyyən etmək və onların qarşısını vaxtında almaq vacibdir. Bunun üçün dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, təhlükəsizlik orqanları arasında peşəkar əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı məlumat mübadiləsinin effektivliyinin artırılması xüsusi əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, açıq və etibarlı dialoq əsasında qurulan tərəfdaşlıqlar ən mürəkkəb təhlükəsizlik çağırışlarının belə daha çevik və effektiv şəkildə qarşısının alınmasına imkan yaradır.

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsini və əməkdaşlığın genişləndirilməsini əsas prioritetlərdən hesab edir. Ölkəmiz müxtəlif beynəlxalq və regional platformalarda təhlükəsizlik məsələləri ilə bağlı dialoqun təşviqinə, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə mühüm əhəmiyyət verir. Bakı Təhlükəsizlik Forumunun keçirilməsi də bu məqsədlərə xidmət edərək konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsinə şərait yaradır.

Əminəm ki, builki Forum çərçivəsində aparılacaq müzakirələr müasir qlobal təhlükəsizlik çağırışlarının daha dərindən dərk edilməsinə, onların qarşısının alınması istiqamətində yeni yanaşmaların müəyyənləşdirilməsinə, xüsusi xidmət və təhlükəsizlik orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsinə şərait yaradacaq, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə və gələcək nəsillər naminə daha sabit və təhlükəsiz dünyanın formalaşdırılmasına xidmət edəcəkdir.

IV Bakı Təhlükəsizlik Forumunun işinə uğurlar, bütün iştirakçılarına isə səmərəli müzakirələr və məhsuldar əməkdaşlıq arzulayıram".

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol