Neftin qiymətində 5-20 dollarlıq dəyişiklik Azərbaycanın büdcə balansına təsir edə bilər
Neftin bir barelinin qiymətinin proqnozlaşdırılan səviyyədən 5-20 dollar yuxarı və ya aşağı dəyişməsi Azərbaycanın icmal büdcə balansına və Dövlət Neft Fondunun (ARDNF) aktivlərinə təsir edə bilər. Bu barədə Maliyyə Nazirliyinin 2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində bildirilib.
Sənəddə neftin qiymətinin baza proqnozundan 5, 10, 15 və 20 dollar fərqləndiyi alternativ ssenarilər üzrə fiskal göstəricilərin mümkün dəyişiklikləri qiymətləndirilib.
Baza ssenarisinə əsasən, 2030-cu ilədək ARDNF-in aktivlərinin 73,9 milyard dollara çatacağı gözlənilir. Alternativ ssenarilərdə Fondun aktivlərinin baza göstəricisindən təxminən 0,9-1,8 milyard dollar fərqlənəcəyi proqnozlaşdırılır.
Neft qiymətlərindəki dəyişikliklərin 2027-ci ildə icmal büdcə balansına da təsir edəcəyi gözlənilir. Baza ssenarisində icmal büdcə balansının ümumi daxili məhsula (ÜDM) nisbətinin mənfi 2% olacağı proqnozlaşdırılır. Alternativ ssenarilərdə bu göstəricinin baza ssenarisindən 1,4-2,7 faiz bəndi fərqlənəcəyi bildirilir.
Sənəddə qeyd olunur ki, neft-qaz sektorunun dövlət büdcəsi gəlirlərində və ixracda əhəmiyyətli paya malik olması neftin qiyməti və hasilat həcmindəki dəyişiklikləri fiskal və makroiqtisadi göstəricilərə təsir edən əsas amillərdən birinə çevirir. Neft qiymətlərinin proqnozlaşdırılandan aşağı düşməsi neft-qaz gəlirlərinin, icmal büdcə balansının və ARDNF-in aktivlərinin azalmasına səbəb ola bilər.
Bununla belə, Maliyyə Nazirliyi qlobal enerji bazarındakı dəyişkənliyə baxmayaraq, 2027-ci ildə neftin bir barelinin qiymətinin 65 dollardan aşağı düşməsi ehtimalını aşağı qiymətləndirir. Sənəddə neft qiymətləri ilə bağlı fiskal risklər də aşağı səviyyədə dəyərləndirilir.
Neft qiymətləri və hasilat həcmindəki dəyişikliklərin dövlət maliyyəsinə təsirini məhdudlaşdırmaq məqsədilə büdcə qaydasının tətbiqinin davam etdirildiyi bildirilir. Bu çərçivədə qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin və ARDNF-dən dövlət büdcəsinə transfertlərin ortamüddətli dövrdə mərhələli şəkildə azaldılması nəzərdə tutulur.
Sənəddə həmçinin qeyd olunur ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin manatla müəyyən edilməsi neft qiymətləri, hasilat həcmi və valyuta məzənnəsindəki dəyişikliklərin büdcə gəlirlərinə birbaşa təsirini məhdudlaşdırır.
Bu tədbirlərin neft-qaz gəlirlərindən asılılığın azaldılmasına, fiskal dayanıqlığın qorunmasına və Fondun aktivlərinin uzunmüddətli perspektivdə saxlanılmasına yönəldiyi vurğulanır.