“Dördüncü Sovxoz” adının dəyişdirmək üçün maliyyə lazımdır - deputat
“Dördüncü Sovxoz” adının dəyişdirilməsi 15 min nəfərin sənədlərində və kommunal xidmətlərin ünvan məlumatlarında dəyişiklik tələb edə bilər. Deputat Siyavuş Novruzov bu səbəbdən məsələnin mərhələli həll oluna biləcəyini deyib.
Deputat Fazil Mustafa Milli Məclisdə yaşayış məntəqəsinin adının dəyişdirilməsini təklif edib.
Onun sözlərinə görə, sənədlərdə ünvan “Dördüncü Sovxoz 2 filan küçə” kimi göstərilir.
“Bunun adının dəyişdirilməsi məsələsini operativ həll etmək, hamısını bir yerdə və çox maddi vəsait xərcləmədən həll etmək daha doğru olar”, - Mustafa bildirib.
O, Pirşağı bələdiyyəsinin tərkibində olan 15 min nəfərlik yaşayış məntəqəsinin adını “müstəqil dövlətimizin mahiyyətinə uyğun olmayan” adlandırıb.
Novruzov isə ad dəyişikliyinin xərclərini nəzərə almağa çağırıb.
“Təsəvvür eləyin, 15 min nəfərin şəxsiyyət vəsiqəsi dəyişilməlidir. Orada ünvan dəyişəcək. 15 min nəfərin küçə ünvanı, qaz ünvanı, işıq ünvanı və su ünvanı dəyişəcək. Bütün bunlar dövlət büdcəsindən sərf oluna biləcək vəsaitdir”, - Novruzov bildirib.
Onun sözlərinə görə, vacib hesab olunan adların dəyişdirilməsi mərhələli şəkildə davam etdiriləcək.
Gülnar Nazimqızı