Zahid Oruc: Süni intellekt dövlət qulluqçusunu əvəz edə bilməz
Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması və Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Bununla yanaşı, süni intellekt dövlət qulluqçusunun işini asanlaşdırmalı, dövlətin vətəndaş qarşısında hüquqi məsuliyyətini əvəz etməməlidir. Bunu deputat Zahid Oruc “Dövlət xidmətləri haqqında” qanunun icrası ilə əlaqədar qanunvericiliyə təklif olunan dəyişiklikləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, qanun layihəsi mövcud qanunvericiliyin təkmilləşdirilməsini, elektron xidmət anlayışının dəqiqləşdirilməsini və EHİS-in tətbiq imkanlarının genişləndirilməsini nəzərdə tutur.
Deputat qeyd edib ki, dövlət xidmətlərinin inkişafı vətəndaşların vaxtına qənaət edilməsinə, onların müxtəlif qurumlar arasında vaxt itirməsinin qarşısının alınmasına və xidmətlərin əlçatanlığının artırılmasına yönəlməlidir.
“Azərbaycan ASAN xidmət modeli ilə mühüm yeniliklərə imza atıb. İndi elektron xidmətlər və EHİS üzərindən elektron kabinet imkanlarının genişləndirilməsi dövlət idarəçiliyində növbəti mərhələdir”, deputat bildirib.
O, gələcəkdə süni intellekt əsaslı dövlət xidmətlərinin genişlənəcəyini düşünür. Deputatın fikrincə, vətəndaşların müraciətlərini anlayan, qanunvericiliyi izah edən, tələb olunan sənədləri müəyyənləşdirən və müxtəlif qurumların xidmətlərini əlaqələndirən platformalar dövlət idarəçiliyinin tərkib hissəsinə çevrilə bilər.
“Lakin süni intellekt dövlət qulluqçusunun işini asanlaşdırmalı, dövlətin vətəndaş qarşısındakı hüquqi məsuliyyətini isə əvəz etməməlidir”, - o vurğulayıb.
Deputat əlavə edib ki, dövlət xidmətlərinin inkişafı yeni idarələrin yaradılmasından daha çox vətəndaşların idarələrə müraciət ehtiyacının azaldılmasına xidmət etməlidir.
“Yeni rəqəmsal platformaların Azərbaycanda dövlət xidmətinin effektivliyini artıracağına inanırıq”, - deputat bildirib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox