Bankların problemli kreditlərini azaltmaq üçün yeni mexanizm təklif olunur
Azərbaycanda sekuritizasiya fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən qanun layihəsi kredit təşkilatlarına aktivlərini kapital bazarında istiqrazlara çevirmək və həmin aktivlərdən gələcək pul vəsaitlərini vaxtından əvvəl əldə etmək imkanı yarada bilər. Deputat Vüqar Bayramovun sözlərinə görə, mexanizm problemli və gecikmiş kreditlərin bank portfelindəki payını azaltmağa, qiymətli kağızlar bazarında likvidliyi artırmağa xidmət edəcək.
“Sekuritizasiya kredit təşkilatlarına aktivlər üzrə daxil olacaq pul vəsaitlərini vaxtından əvvəl əldə etmək imkanı verən bir alətdir”, - Bayramov Milli Məclisdə çıxışı zamanı deyib.
Layihəyə əsasən, kredit təşkilatı aktivlərini sekuritizasiya şirkətinə sata, həmin şirkət isə bu aktivlər əsasında istiqrazlar buraxa biləcək. İstiqrazlar üzrə ödənişlər aktivlərdən daxil olan pul vəsaitləri hesabına həyata keçiriləcək.
Proses Mərkəzi Bankın təsdiqlədiyi plan əsasında aparılacaq. Plan təsdiqləndikdən sonra şirkət istiqraz buraxılışının dövlət qeydiyyatına alınması üçün 60 iş günü ərzində Mərkəzi Banka müraciət etməlidir.
Layihədə risklərin azaldılması üçün istiqrazları buraxan şirkətin həmin istiqrazların ən azı 5%-ni özü əldə etməsi və tədavül müddətinin sonunadək saxlaması nəzərdə tutulur. Bayramov bildirib ki, sənəd sekuritizasiya prosesinin iştirakçılarına, aktivlərin satışına, şirkətlərin funksiyalarına və şəffaflıq tələblərinə dair qaydaları da müəyyən edir.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox