Putin Tramp və Si Cinpinlə Ukrayna məsələsini müzakirə etməyi təklif edib
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpinə noyabrda Ukraynadakı müharibənin başa çatdırılması yollarını müzakirə etmək üçün üçtərəfli görüş keçirməyi təklif edib.
“Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən yazır ki, təşəbbüsün məqsədi Moskva üçün əlverişli şərtlərlə dörd ildir davam edən münaqişəyə son qoymaqdır.
Məlumata görə, Putin bu təklifi oktyabrın 9-da Trampla telefon danışığı zamanı irəli sürüb. Kreml görüşün Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək sammiti çərçivəsində baş tutmasını təklif edib.
Kremlin sözçüsü Dmitri Peskov mümkün görüşlə bağlı müzakirələrin aparıldığını təsdiqləyib. Bununla belə, o bildirib ki, görüşün keçirilməsi və mümkün gündəliyi barədə hələlik dəqiq razılaşma yoxdur. ABŞ rəsmisi isə Trampın təkliflə razılaşmadığını, lakin təşəbbüsə müsbət yanaşa biləcəyini deyib.
WSJ qeyd edir ki, Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı olmadan keçirilə biləcək belə bir görüş Ukrayna və ABŞ-ın Avropadakı müttəfiqləri arasında narahatlıq yarada bilər. Təşəbbüs həmçinin Rusiyanın Vaşinqtonla münasibətlərdə son dövrdə yaranmış yaxınlaşmadan istifadə etmək cəhdi kimi qiymətləndirilir.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Müharibənin dayandırılması ilə bağlı diplomatik təşəbbüslərə baxmayaraq, münaqişənin həlli üzrə tərəflər arasında əsas məsələlərdə razılıq əldə olunmayıb.
Aytac