Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Deputat Əlibala Məhərrəmzadə elektron ticarətlə məşğul olan subyektlər üçün nağdlaşdırma limitlərinin aradan qaldırılmasını və ödənişlər üzrə komissiyaların azaldılmasını təklif edib. Bu barədə deputat Milli Məclisin komitə iclası zamanı çıxışında deyib.
O bildirib ki, mövcud limitlər satıcıları nağd ödənişə üstünlük verməyə təşviq edir və bu, kölgə iqtisadiyyatına şərait yarada bilər.
Məhərrəmzadə komitə müzakirəsində sadələşdirilmiş vergi ödəyiciləri üçün 15 000 manat, ƏDV ödəyiciləri üçün isə 30 000 manat həddin elektron ticarətin inkişafını stimullaşdırmadığını deyib.
Onun sözlərinə görə, bəzi satıcılar nağd ödənişə endirim təklif edirlər.
“Əgər elektron ticarətlə ödənişlər baş verirsə və biz prosesi daha da sadələşdiririksə, digər tərəfdən nağdlaşdırma məhdudiyyətini götürməyin vaxtıdır”, - o bildirib.
O, bank və ödəniş xidmətləri üzrə tutulan komissiyaların da nəzərdən keçirilməsini istəyib.
Məhərrəmzadə bəzi hallarda 1 faizə çatan tutulmaların yüksək olduğunu, komissiyanın ödəniş məbləğinin faizi ilə deyil, göstərilən xidmətin haqqına uyğun hesablanmasının mümkünlüyünü qeyd edib.
Məhərrəmzadə qanunvericilikdə elektron ödəniş vasitələrinin daha geniş əhatə olunmasını da təklif edib. Onun sözlərinə görə, ödənişlər mobil cihazlarla yanaşı planşetlər və digər vasitələrlə də həyata keçirilir.
Gülnar Nazimqızı