Azərbaycanın regionlarına 2025-ci ildə 10 milyard manatdan çox investisiya yatırılıb
Azərbaycanın regionlarına 2025-ci ildə 10 milyard manatdan çox investisiya qoyulub. Bu, ölkə üzrə həmin il yatırılan sərmayələrin 47,5%-ni təşkil edib. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
“İqtisadiyyat dayanıqlı olmaqla yanaşı, inklüziv və regional baxımdan əhatəli olmalıdır”, - Bayramov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayındakı çıxışını iqtisadi baxımdan şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın ümumi daxili məhsulunun təxminən üçdə biri regionlarda formalaşır.
Son 20 ildə regionların inkişafına 110 milyard manatdan çox investisiya yatırılıb. 2025-ci ildə Abşeron rayonu, Gəncə şəhəri və Xızı rayonuna yönəldilən investisiyaların ümumi həcmi isə 1,5 milyard manatı ötüb.
Bayramov bildirib ki, ölkə iqtisadiyyatına 2025-ci ildə 34,2 milyard manat investisiya qoyulub. Bu, əvvəlki illə müqayisədə 3,3% çoxdur. Xarici investisiyaların həcmi isə 17% artaraq təxminən 10 milyard dollara çatıb.
Deputatın sözlərinə görə, son illərdə işğaldan azad edilmiş ərazilərə dövlət büdcəsindən bərpa və yenidənqurma işləri üçün 26 milyard manata yaxın vəsait ayrılıb. Hazırda həmin ərazilərdə 100 min nəfər çalışır, onların 40 mini keçmiş məcburi köçkündür.
O, aqrar məhsulların Azərbaycanın qeyri-neft-qaz ixracında payının 1,1 milyard dollar olduğunu bildirib. Bələdiyyələrin maliyyə mənbələrinin şaxələndirilməsinin də regionların inkişafına dəstək baxımından vacib olduğunu deyən Bayramov, 2025-ci ildə bələdiyyələrin vergi daxilolmalarının 26,5% artdığını qeyd edib.
Bayramov Azərbaycanın xarici borcunun ümumi daxili məhsula nisbətinin 5,6% olduğunu, valyuta ehtiyatlarının isə xarici borcu 10 dəfə üstələdiyini deyib. Onun sözlərinə görə, bu göstəricilər ölkədə makroiqtisadi sabitlik üçün zəmin yaradır.
Deputat bildirib ki, Azərbaycanın iki beynəlxalq investisiya forumunda xarici şirkətlərlə imzaladığı müqavilələrin ümumi dəyəri 20 milyard dolları ötüb. O, qeyri-neft-qaz sektoruna daha çox investisiya cəlb edilməsinin iqtisadi inkişaf üçün əhəmiyyətini vurğulayıb.
Gülnar Nazimqızı