Azərbaycan məktəblərində dərslərin 60%-də çatışmazlıqlar var -MÜSAHİBƏ
Azərbaycan növbəti PISA beynəlxalq qiymətləndirməsində oxu, riyaziyyat və təbiət elmləri üzrə baza səviyyəsindən aşağı nəticə göstərən şagirdlərin payını azaltmağı, hər üç istiqamətdə ən azı 5% yaxşılaşmaya nail olmağı hədəfləyir. Bunu Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev anews.az-a müsahibəsində deyib.
Əliyev bu göstəricini dəqiq nəticə proqnozundan daha çox minimum hədəf kimi təqdim edib. Onun sözlərinə görə, müəllimlərin sertifikatlaşdırılması, məktəb mühitinin yaxşılaşdırılması və tədris məzmununun yenilənməsinin təsirləri qarşıdakı beynəlxalq qiymətləndirmələrdə daha aydın görünməlidir.
PISA üzrə hədəf: ən azı 5% yaxşılaşma
“Baza göstəricisinin altında olan uşaqların sayının azaldılması hazırda ən əsas fokuslarımızdan biridir. Hər üç sahə üzrə ən azı 5% yaxşılaşma hədəfləyirik. Bunun üstündə olacaq nəticə bizi qane edə bilər”, - Əliyev bildirib.
Onun sözlərinə görə, belə bir dəyişiklik ilk baxışda kiçik görünsə də, beynəlxalq müqayisələr baxımından əhəmiyyətlidir. Əsasən inkişaf etmiş ölkələri birləşdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) riyaziyyat üzrə ikinci səviyyədən aşağı nəticə göstərən şagirdlərin orta payı 30%-dən çoxdur.
Əliyev Azərbaycanın iqtisadi hədəflərinə çatması üçün insan kapitalının inkişafının vacibliyini qəbul etsə də, təhsildə qısa müddətdə böyük sıçrayışlar vəd etməyin doğru saymır.
“Biz real olmalıyıq. Yalandan 30-40% demək doğru olmaz. Addımlarımızı düzgün ata bilsək, bir PISA dövründə sistemin təxminən 20 bal yaxşılaşa biləcəyinə inanırıq”, - o bildirib.
Onun sözlərinə görə, 2022–2026-cı illəri əhatə edən strategiyada orta nəticənin 20 bal artırılması hədəfi qoyulub və bu, asan əldə edilən göstərici deyildi.
Əliyev davamlı irəliləyişin uzunmüddətli nəticələr verə biləcəyini, hər il yaxşılaşma təmin olunarsa, təxminən 15 ildən sonra ən yaxşı nəticə göstərən 20 ölkə arasında yer almağın mümkün ola biləcəyini söyləyib.
“Baza səviyyəsindən aşağı olan şagirdlərin göstəricilərində minimum 5% yaxşılaşmanın sonrakı mərhələlərdə daha sürətli irəliləyiş üçün zəmin yarada bilər, - o bildirib.
Bu yüksəliş hansı islahatların nəticəsində əldə olunacaq?
Əliyevin sözlərinə görə, müəllimlərin sertifikatlaşdırılmasının təsirləri 2029 və 2033-cü illərin PISA qiymətləndirmələrində daha aydın görünəcək. İbtidai təhsildə aparılan islahatların ilk dalğasının nəticələrini isə daha yaxın müddətdə qiymətləndirmək mümkün olacaq.
“PIRLS 2026-nın nəticələri gələn ilin sonunda elan olunacaq. Bu, ibtidai siniflərin sonunda şagirdlərin oxu bacarığını ölçən beynəlxalq qiymətləndirmədir. Orada ibtidai təhsildə aparılan islahatların birinci dalğasının nəticələrini görə biləcəyik”, - o deyib.

Əliyev insan kapitalının inkişafının dövlət proqramlarında və strateji sənədlərdə uzun müddətdir əsas hədəflərdən biri olduğunu bildirib. O, son beş-altı ildəki dəyişiklikləri qiymətləndirərkən Bakı üzrə PISA nəticələrini nümunə göstərib.
Onun sözlərinə görə, 2018-ci ildə Bakıda oxu üzrə baza səviyyəsindən aşağı nəticə göstərən şagirdlərin payı təxminən 50–51% olduğu halda, sonrakı nəticələrdə bu göstərici təxminən 37%-ə düşüb. Əliyev bunu müsbət dəyişiklik kimi qiymətləndirib.
Müəllimlərin peşəkarlığının artırılmasını nəticələrə təsir edən başlıca amil adlandıran Əliyev bildirib ki, sertifikatlaşdırma bu istiqamətdə atılmış ən böyük addımlardan biridir.
Onun sözlərinə görə, sistemdə işini lazımi səviyyədə yerinə yetirə bilməyən müəllimlərin kənarlaşdırılması ilə yanaşı, yeni müəllimlərin qəbulunda istifadə olunan imtahanlar da təkmilləşdirilir.
“Müəllim faktorunu iki tərəfdən tənzimləməyə çalışırıq: girişdən və çıxışdan”, - Əliyev deyib.
O əlavə edib ki, müəllimlərə metodik dəstəyin əhatəsi hər il genişləndirilir. Pedaqoji kadr hazırlayan ali təhsil müəssisələri ilə də iş aparılır ki, onların tədris proqramları məktəblərin ehtiyaclarını və şagirdlərdə inkişaf etdirilməli bacarıqları daha ciddi nəzərə alsın.
Əliyev universitetlərdəki dəyişikliklərin məktəb nəticələrinə dərhal təsir etməyəcəyini, bunun yeni məzunlar məktəblərdə işləməyə başladıqdan sonra görünəcəyini bildirib.
İslahatların digər istiqaməti məktəb mühitidir. Əliyevin sözlərinə görə, regionlarda və kəndlərdə bəzi məktəblərin infrastrukturunda ciddi çətinliklər qalır. Məktəb-valideyn və müəllim-şagird münasibətləri də uşaqların inkişafına təsir edir.
O bildirib ki, yeni məktəblərin tikilməsi, mövcud binaların təmiri, bullinqə qarşı mübarizə, şagirdlərin sağlamlığı və təhlükəsizliyi ilə bağlı hesabatlılıq və nəzarət tədbirləri məktəb mühitinin yaxşılaşdırılmasına xidmət edir.
Dövlət standartları ilin sonunadək yenilənə bilər
Tədris planlarının, proqramlarının və dərsliklərin yenilənməsi də əsas istiqamətlərdəndir. Əliyev hazırda ümumi təhsilin dövlət standartlarının yenilənməsi üzərində iş aparıldığını, prosesin ilin sonuna qədər tamamlanmasını gözlədiklərini deyib.
Onun sözlərinə görə, dəyişikliklər xüsusilə məzmunu əhatə edəcək və bacarıq və səriştələrin inkişafına daha çox yer ayrılacaq.
“Son texnoloji dəyişikliklər göstərir ki, bilik əsaslı düşüncədən bacarıq və səriştə əsaslı düşüncəyə daha çox keçmək lazımdır. Biz buna doğru gedirik”, - Əliyev bildirib.
Bir şagirdə düşən vəsait 2 min manatın altındadır
Təhsilin maliyyələşdirilməsinə toxunan Əliyev deyib ki, orta büdcə şagird sayına bölündükdə hazırda bir uşağa düşən vəsait təxminən 2 min manatın altındadır. O, bu göstəricinin bir çox ölkə ilə müqayisədə aşağı olduğunu bildirib.
Əliyev nəticələri yalnız ayrılan pulla izah etməyin düzgün olmadığını, maliyyənin necə istifadə olunmasının da əhəmiyyət daşıdığını söyləyib. Onun fikrincə, Azərbaycanın nəticələri xərclənən vəsait nəzərə alındıqda kifayət qədər yaxşıdır.
O, bir şagirdə düşən xərclərin artdığını desə də, illik artım tempini açıqlamayıb. ( bunu rəqəm əlavə edilsə yaxşı olar - red)
Əliyevin sözlərinə görə, bu artım davam edərsə, növbəti beş ildə daha yaxşı nəticələr əldə etmək mümkün ola bilər.
“Daha çox vəsait ayrılmasını gözləyirik və istəyirik. Bizim işimiz isə ayrılan vəsaitdən daha səmərəli istifadə etməkdir”, - o deyib.
Əliyev hökumətin ümumi təhsil, ali təhsil və məktəbəqədər təhsilin maliyyələşdirilməsində müsbət addımlar atdığını bildirib.
Gürcüstan PİSA-da iki göstərici üzrə regionda liderdir
Gürcüstan son PISA beynəlxalq qiymətləndirməsində oxu bacarıqları üzrə Azərbaycandan 10 bal, Ermənistandan isə 36 bal yüksək nəticə göstərib. PISA 2025-in nəticələrinə əsasən, Gürcüstanın oxu üzrə orta göstəricisi 384, Azərbaycanın 374, Ermənistanın isə 348 bal olub.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının - OECD-nin 2026-cı il sentyabrın 8-də açıqladığı nəticələrdə Gürcüstan təbiət elmləri üzrə də Cənubi Qafqazın digər iki ölkəsindən yüksək göstərici əldə edib. Riyaziyyatda isə üç ölkə arasında ən yüksək orta nəticə Azərbaycana məxsusdur.
Mövcud fərgi Əliyev Gürcüstanda adambaşı maliyyələşməyə keçidin və kiçik məktəblərin birləşdirilməsi daxil olmaqla məktəb şəbəkəsinin optimallaşdırılmasının daha əvvəl başladığını bildirib. Onun fikrincə, bu tədbirlər hər şagirdə ayrılan vəsaitdən daha səmərəli istifadəyə imkan verir.
Azərbaycanda da 2022–2026-cı illər strategiyasında məktəblərin adambaşı maliyyələşməyə keçidi ilə bağlı tapşırıq müəyyənləşdirilib.
Əliyevin sözlərinə görə, 2026-cı ilin sonuna qədər 100 ümumtəhsil məktəbinin bu prinsip əsasında maliyyələşdirilməsi gözlənilir.
İndiyədək məktəblərin büdcəsi əsasən müəllim və digər işçilərin əməkhaqları, dərs yükü, kommunal xidmətlər və binanın saxlanma xərcləri əsasında hesablanıb. Adambaşına maliyyələşmədə isə məktəbə ayrılan əsas vəsait şagirdlərin sayı və hər şagird üçün müəyyənləşdirilən illik məbləğ üzrə hesablanacaq. Təhsil səviyyəsinə uyğun əmsallar da nəzərə alınacaq.
Keçidin məqsədi məktəblər arasında vəsait bölgüsünü daha şəffaf etmək, hər şagirdin təhsilinə ayrılan məbləği müqayisə etməyə və resurslardan daha səmərəli istifadə etməyə imkan yaratmaqdır.
Gürcüstan bu modelə 2005-ci ildə keçib. Məktəbin aldığı vəsait şagird sayına bağlanıb, məktəblərə büdcələrini idarə etmək üçün daha çox sərbəstlik verilib. Dünya Bankı 2014-cü il qiymətləndirməsində Gürcüstanın adambaşına maliyyələşmə sisteminin şəffaf olduğunu bildirib.
Ancaq Gürcüstanın PISA-da irəliləyişini məhz bu keçidin yaratdığı sübut olunmayıb. Dünya Bankı vurğulayıb ki, səmərəli maliyyə bölgüsü müəllimlərin hazırlığı ilə bağlı problemləri öz-özünə həll etmir. Yəni nəticənin yüksəlməsi üçün maliyyələşmə ilə yanaşı müəllim hazırlığı, tədris məzmunu və məktəb idarəçiliyi də yaxşılaşmalıdır.
PISA nəticələrini saxtalaşdırmaq mümkündürmü?
PISA nəticələrinin obyektivliyinə dair suala cavab verən Əliyev bildirib ki, Təhsil İnstitutu şagirdlərin nəticələrini özü formalaşdırıb beynəlxalq təşkilata təqdim etmir. Qiymətləndirmə xüsusi platformada aparılır və Azərbaycan tərəfinin həmin platformaya müdaxilə etmək imkanı yoxdur.
Onun sözlərinə görə, elektron sistemdən məktəblərin və şagirdlərin siyahısı adlar göstərilmədən, kodlarla PISA-nın mərkəzi qərargahına göndərilir. Məktəbləri və iştirakçı şagirdləri isə beynəlxalq tərəf öz metodologiyası əsasında təsadüfi seçimlə müəyyənləşdirir.
Seçimdə şəhər və kənd, böyük və kiçik məktəblər, müxtəlif coğrafi ərazilər nəzərə alınır. Əliyev bu yolla təxminən 200–300 məktəbin seçildiyini, siyahının qiymətləndirməyə bir neçə ay qalmış məlum olduğunu deyib.
“Daha sonra həmin məktəblərdə iştirak edəcək şagirdlər ayrıca seçilir. Məktəblərin yalnız yaxşı nəticə göstərən uşaqları qiymətləndirməyə göndərmək imkanı olmur” - Əliyev bildirib.
Onun sözlərinə görə, iştirak göstəriciləri də OECD tərəfindən sərt yoxlanılır.
“Seçilmiş uşaqların iştirak etməməsi üçün müəyyən hədd var və bu həddin aşılması nəticələrə şübhə sala, ölkənin göstəricilərinin hesabatda dərc edilməməsinə səbəb ola bilər” - Əliyev deyib.
Cavabların statistik təhlili də mümkün müdaxilələri müəyyənləşdirməyə kömək edir.
Nazirlik rəsmisinin sözlərinə görə, təxminən 90 ölkədə oxşar tapşırıqlara verilən cavablar müqayisə olunur. Zəif nəticə göstərən şagirdlərin asan sualları cavablandırmadığı halda mürəkkəb suallara düzgün cavab verməsi kimi qeyri-adi hallar əlavə araşdırma üçün əsas yaradır.
O, oxşar statistik alətlərdən Azərbaycanın dördüncü sinif monitorinqlərində də istifadə edildiyini, qeyri-adi görünən nəticələrin ayrıca araşdırıldığını bildirib. Əliyev bu məqsədlə IRT kimi qiymətləndirmə alətlərinin tətbiq olunduğunu deyib.
Onun sözlərinə görə, son üç PISA tədqiqatının heç birində Azərbaycana iştirakçı şagirdlərin və məktəblərin sayı, yaxud statistik baxımdan şübhəli məlumatlarla bağlı irad bildirilməyib.
“Biz özümüzü niyə aldadaq? Beynəlxalq tədqiqata qoşulmağın mənası obyektiv nəticə almaqdır”, - Əliyev deyib.
O bildirib ki, qiymətləndirmənin hazırlanmasına institutun böyük komandası, məktəblər və texniki təminat üzrə heyət cəlb olunur, proses üzərində iki il iş aparılır. Məqsəd görülən tədbirlərin real təsirini öyrənməkdir.
Hər 10 dərsdən altısında zəif hallar aşkarlanıb
Azərbaycanda məktəblərdə aparılan keyfiyyət monitorinqləri zamanı müşahidə olunan hər 10 dərsdən altısında zəif hallar müəyyən edilib. Kafi və yaxşı qiymətləndirilən dərslərin payı isə ötən illə müqayisədə 30%-dən 40%-ə yüksəlib.
Onun sözlərinə görə, ötən il açıqlanan nəticələr təxminən 17 min dərsin müşahidəsinə əsaslanıb. Müsbət qiymətləndirilən dərslərin payında 10 faiz bəndi artım olsa da, yaxşılaşma aşağı sürətlə gedir. O, müəllimlərin fənn bilikləri ilə yanaşı, metodik və pedaqoji bacarıqlarının da inkişaf etdirilməsinə ehtiyac olduğunu bildirib.
Bu məqsədlə məktəb metodisti proqramı çərçivəsində ötən il 350, bu il isə 500 məktəbdə metodik dəstək göstərilib. Sertifikatlaşdırmada yüksək nəticə göstərmiş müəllimlər arasından müsabiqə ilə seçilən və təlim keçən metodistlər öz məktəblərində həmkarlarının dərslərini müşahidə edir, açıq dərslər və qarşılıqlı dərs dinləmələri təşkil edirlər.
Əliyev bildirib ki, beş ildə 600-dən artıq kompleks məktəb yoxlaması aparılıb. Təxminən 100 məktəb təkrar yoxlanıldığı üçün monitorinqə cəlb olunan ayrı-ayrı məktəblərin sayı 500-ə yaxındır. Yoxlamalar əsasən Bakı, Sumqayıt və Abşeronda aparılıb və bu ərazilərin hər birində məktəblərin təxminən yarısını əhatə edib. Regionlar üzrə nəticələrin açıqlanmaması isə yoxlanılmış məktəblərin sayının statistik baxımdan etibarlı müqayisə üçün hələ kifayət etməməsi ilə bağlıdır.
Təkrar yoxlanılmış məktəblərin 70%-dən çoxunda irəliləyiş var
Məktəblərin yerli monitorinqlərinə toxunan Əliyev bildirib ki, əvvəl zəif nəticə göstərən və təkrar yoxlanılan 50 məktəbin 70%-dən çoxu beşballıq şkalada ikinci səviyyədən üçüncü səviyyəyə yüksəlib.
O, bunun hələ yalnız həmin 50 məktəb üzrə müşahidə olunan mənzərə olduğunu vurğulayıb. Gələn il əvvəllər zəif nəticə göstərən əlavə 60-70 məktəbin təkrar yoxlanılması planlaşdırılır. Bundan sonra təxminən 100–150 məktəbin nəticələri əsasında daha geniş qənaətə gəlmək mümkün olacaq.
Əliyev monitorinqlərin əhatəsinin insan resursları ilə məhdudlaşdığını bildirib. İnstitut hazırda ildə təxminən 150 yoxlama apara bilir.
“Bir monitorinq iki-üç gün davam edir və ən azı üç-dörd mütəxəssisin iştirakını tələb edir. Tədris ilinin ilk ayında məktəblərdə prosesin başlaması gözlənilir, ilin sonunda və yarımillik imtahanlar zamanı da monitorinqlər aparılır”, - Əliyev deyib.
Onun hesablamasına görə, il ərzində yoxlamalar üçün təxminən 20 həftə qalır. Bir komanda həmin müddətdə təxminən 30–40 monitorinq həyata keçirə bilir. Hazırda bu işlə məşğul olan dörd-beş komanda var.
Komandalara institutun əməkdaşları ilə yanaşı xüsusi imtahandan keçən və təlim almış məktəb direktorları və direktor müavinləri də cəlb olunur. Ölkədə bu qaydada hazırlanan təxminən 40 mütəxəssis olsa da, onlar öz məktəblərindən davamlı şəkildə ayrıla bilmirlər.
Əliyev belə mütəxəssislərin, məsələn, ayda bir dəfə monitorinqə qoşulduğunu, hazırkı heyətlə yoxlamaların sayını əhəmiyyətli dərəcədə artırmağın mümkün olmadığını deyib.
Müəllimin sertifikatlaşdırma balı şagirdlərin nəticələri ilə əlaqəlidir
Müəllimlərin sertifikatlaşdırma nəticələri ilə şagirdlərin göstəriciləri arasında müsbət əlaqə müşahidə olunur. Əliyevin sözlərinə görə, institut son üç ildə dördüncü siniflərin oxu və riyaziyyat nəticələrini müxtəlif amillər üzrə təhlil edir.
Sertifikatlaşdırmada 50 baldan yuxarı nəticə göstərən müəllimlərin şagirdləri, ümumən, daha yaxşı nəticələr əldə edirlər. Bu əlaqə həm kənd, həm də şəhər məktəblərində görünür.
Əliyev bunun şagirdin nəticəsini yalnız müəllimin balının müəyyənləşdirdiyi anlamına gəlmədiyini vurğulayıb. Ailə, məktəb mühiti, məktəbəhazırlıqda iştirak və digər amillər də nəticələrə təsir edə bilər.
“Biz çoxlu faktorun içində birinə baxırıq. Gördüyümüz odur ki, müəllimin sertifikatlaşdırma balı ilə şagirdlərinin nəticələri arasında müsbət uyğunluq var”, - o deyib.
İbtidai siniflərdə birinci növbənin nəticələri bir qədər yaxşıdır
Sinifdə şagird sayının çoxluğu ilə bağlı təhlillər fərqli mənzərə göstərib. Əliyev bildirib ki, ardıcıl üç ilin məlumatlarında ibtidai siniflərdə şagird sayının çoxluğuna görə nəticələrin aşağı düşdüyü müşahidə edilməyib.
Müəllimin hazırlığı ilə bağlı fərq isə görünür
Tədris növbəsi üzrə müqayisədə ibtidai siniflərdə müəyyən fərq qeydə alınıb. Əliyev deyib ki, eyni məktəbdə müəllimlərin sertifikatlaşdırma balları yaxın olduqda birinci növbədə oxuyan dördüncü sinif şagirdlərinin nəticələri ikinci növbədə oxuyanlardan bir qədər yaxşı olur.
Bu mənzərə üç il ardıcıl müşahidə edilib. Buna görə aidiyyəti agentliyə və regional təhsil idarələrinə məktəbin imkanları daxilində birinci–dördüncü siniflərin birinci növbədə yerləşdirilməsi tövsiyə olunub.
Altıncı siniflərdə isə növbələr arasında nəticə fərqi müşahidə edilməyib.
Dərsliklərdə xarici adların çoxluğu araşdırılır
Dərsliklərlə bağlı ictimai narazılıqlara münasibət bildirən Əliyev “problemlidir” ifadəsinin çox geniş olduğunu və təkmilləşdirmə üçün konkret iradlara ehtiyacın yarandığını deyib.
Onun sözlərinə görə, alternativ və ehtiyat dərsliklərin hazırlanması, pilot tətbiqi və mövcud məzmunun yenilənməsi istiqamətində iş aparılır. Riyaziyyat, Azərbaycan dili, həyat bilgisi, təbiət, kimya, biologiya, fizika, coğrafiya və ingilis dili dərslikləri üzrə yenilənmə prosesi gedir.
Azərbaycan dili dərsliklərinin yenilənməsi birinci sinifdən başlayıb və səkkizinci sinfə çatıb. Riyaziyyat dərslikləri üzrə dəyişikliklər də birinci sinifdən başlanıb.
Əliyev bildirib ki, yenilənmə zamanı beynəlxalq standartlar, beynəlxalq qiymətləndirmələrin çərçivə sənədləri və müsbət xarici təcrübə nəzərə alınır. Dərsliklərin yerli şəraitdə necə işlədiyini müəyyənləşdirmək üçün onlar bir və ya iki il pilot qaydada tətbiq edilir.
Məsələn, 50 məktəbdə sınaqdan keçirilən dərsliklərdə ortaya çıxan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra kütləvi istifadəyə verilir.
Əliyev Azərbaycan dili dərsliklərinə yönələn tənqidlərin bir hissəsinin konkret olmadığını söyləyib.
“Yaxşı deyil, uşaqlara çətindir, maraqsızdır kimi ümumi rəylərlə dərsliyi təkmilləşdirmək mümkün deyil. Konkret qeydlərə əsaslanaraq dəyişiklik etmək olar”, - o deyib.
Bu iradları dinləmək üçün institutun təxminən 10 nəfərlik heyəti peşəkar müəllimlərlə birlikdə ilin birinci yarısında üç regionda görüşlər keçirib. Hər regionda təxminən 100 müəllim - 50 ibtidai sinif və 50 yuxarı sinif Azərbaycan dili müəllimi ilə müzakirələr aparılıb.
Müəllimlərdən əvvəlcədən dərsliklərlə bağlı problemləri qeyd etmək istənilib
Bir neçə regionda oxu mətnlərində xarici adlara çox yer verildiyi bildirilib. İnstitut hazırda dərsliklərdəki adların ümumi sayını, onların nə qədərinin xarici, nə qədərinin Azərbaycan və milli kontekstlə bağlı olduğunu araşdırır.
Dil qaydalarından çox oxu bacarıqlarına diqqət
Müəllimlərin digər iradı dil qaydalarına ayrılan yerin azalmasıdır. Əliyev institutun bu məsələdə oxu bacarıqlarına diqqətin artırılmasını dəstəklədiyini bildirib.
Onun sözlərinə görə, Azərbaycan məktəblilərinin beynəlxalq qiymətləndirmələrdə oxu nəticələri yaxşılaşsa da, hələ aşağıdır. Buna görə dərsliklərdə, müəllimlərin işə qəbulu tapşırıqlarında və metodik dəstək proqramlarında oxuya ayrılan diqqət artırılıb.
Son beş ildə hər il bir neçə min müəllim oxu bacarıqlarını daha yaxşı tədris etmək üzrə təlimlərə cəlb olunub. Əliyev bu işlərin təsirinin hiss edildiyini deyib.
O bildirib ki, bəzi müəllimlər universitetə qəbul imtahanlarını əsas gətirərək dil qaydalarına daha çox yer ayrılmasını istəyirlər. Lakin məktəbin, xüsusilə ibtidai təhsilin vəzifəsi uşaqları həyata və cəmiyyətə hazırlamaqdır. Dövlət İmtahan Mərkəzinin tapşırıqlarında da oxu suallarının sayı artırılır.
Beşyaşlı uşaqların nəticələri gözləniləndən yaxşı olub
Beşyaşlı uşaqların beynəlxalq qiymətləndirilməsinə toxunan Əliyev həmin tədqiqatın Azərbaycan üçün ilk növbədə diaqnostik xarakter daşıdığını bildirib.
Onun sözlərinə görə, Azərbaycan tədqiqata qoşulmaq üçün 2022-ci ildə müraciət edib, qiymətləndirmə 2023-cü ildə aparılıb. Bu, ölkənin ilk iştirakı olub.
Əliyev məktəbəqədər təhsillə əhatə olunan uşaqların böyük hissəsinin Bakı–Abşeronda cəmləşdiyini, regionlarda əhatənin daha aşağı olduğunu deyib. İlk mərhələdə mərkəzi ərazilərdə vəziyyəti anlamaq məqsədi qoyulub.
Qiymətləndirmə planşet üzərindən aparılıb və hər uşağın yanında köməkçi olub. Əliyev bunun geniş miqyasda təşkil edilməsinin asan olmadığını bildirib.
Əliyev iştirakçı sayının az olmasının müqayisə imkanlarını məhdudlaşdırdığını qeyd edib. Bununla belə, erkən yaşda riyazi təfəkkür üzrə nəticələri müsbət qiymətləndirib və PISA-da riyaziyyat üzrə müşahidə olunan mənzərə ilə müəyyən oxşarlıq gördüklərini deyib.
O, bunun tarixən riyaziyyata verilən diqqətlə əlaqəli ola biləcəyini ehtimal edib.
Növbəti tədqiqatın vaxtı hələ elan edilməyib. Əliyev belə bir qiymətləndirmə keçirilərsə, Azərbaycanın yenidən qoşulmaq və bütün ölkənin iştirakını təmin etmək niyyətində olduğunu bildirib.
“Bu, həm Bakı-Abşeron üzrə əvvəlki nəticələrlə müqayisə aparmağa, həm də ölkə üzrə ümumi vəziyyəti anlamağa imkan verəcək. Biz nəticəyə görə qoşulmuruq. Bu, reytinq deyil, özünü müqayisə etmək, güzgüyə baxmaq üçün imkandır”, - Əliyev deyib.
Azərbaycan bir təhsil modelini olduğu kimi tətbiq etməyəcək
Azərbaycanın hansı təhsil modelinə istiqamətləndiyi barədə danışan Əliyev bir ölkənin sistemini olduğu kimi tətbiq etməyi düzgün saymadığını bildirib.
Onun sözlərinə görə, məktəbəqədər təhsilin məzmunu yenilənərkən Finlandiya və Estoniya ilə yanaşı Sinqapur, Koreya və Yaponiya kimi ölkələrin təcrübəsinə də baxılır.
Əliyev bəzi Qərb ölkələrinin nəticələrinin hələ yüksək olsa da, son beynəlxalq qiymətləndirmələrdə gerilədiyini, Yaponiya, Koreya, Çin və Sinqapur kimi ölkələrin isə güclü göstəricilər nümayiş etdirdiyini söyləyib.
O bildirib ki, Azərbaycanın tarixi və mədəni konteksti, müəllim hazırlığı və valideynlərin yanaşması fərqlidir. Buna görə qəfil, köklü dəyişikliklərin faydalı olacağına əmin deyil.
“Bir sistemi götürüb olduğu kimi tətbiq etmək doğru olmaz. Dəyişikliklər edirik, onların təsirini ölçürük və bu yolla irəliləyirik”, - Əliyev deyib.
İnstitut məzmunun yenilənməsində IB beynəlxalq təhsil təşkilatı ilə, dərsliklərin təkmilləşdirilməsində Sinqapur nəşriyyatları ilə, dördüncü sinif qiymətləndirmələrinin inkişafında isə Avstraliyanın ACER təşkilatı ilə əməkdaşlıq edir.
Əliyev məqsədin müxtəlif sistemlərin faydalı və elmi tədqiqatlara əsaslanan tərəflərini yerli şəraitə uyğunlaşdırmaq olduğunu bildirib. Onun sözlərinə görə, hər mərhələdə yeni hədəflər qoyulacaq və daha yaxşı nəticəyə çatmaq üçün iş davam edəcək.
Azərbaycan bölməsinin nəticələri rus bölməsindən bir qədər yüksəkdir
Azərbaycan və rus bölmələrinin nəticələrini müqayisə edən Əliyev son üç ildə dördüncü sinif monitorinqlərində Azərbaycan bölməsinin şagirdlərinin bir qədər daha yaxşı nəticə göstərdiyini deyib.
Müqayisə eyni məktəbdəki Azərbaycan və rus bölmələri arasında aparılıb, sonra nəticələr ölkə üzrə təhlil olunub. Fərq böyük olmasa da, üç monitorinqdə də müşahidə edilib.
Əliyev bunun rus bölməsi üzrə müəllim hazırlığı ilə əlaqəli ola biləcəyini bildirib. O, rus bölməsi üzrə ali məktəblərə qəbulda müsabiqə ballarının daha aşağı olmasının sonradan məktəblərdə tədris keyfiyyətinə təsir göstərdiyini deyib.
Valideynlər uşaqlarının nəticələrini orta göstərici ilə müqayisə edə biləcəklər
Dördüncü sinif monitorinqinin nəticələrinin valideynlərə çatdırılmasına dair Əliyev deyib ki, məktəblərə detallı statistikanın bir hissəsi göndərilib və təhlillər məktəblər üçün əlçatan olacaq.
Onun sözlərinə görə, monitorinq ayrı-ayrı uşaqlara qiymət verməkdən daha çox məktəbin və təhsil sisteminin vəziyyətini müəyyənləşdirmək üçündür. Nəticələr şagirdin qiymətinə və beşinci sinfə keçməsinə təsir etmir.
Bununla yanaşı, valideynlərin öz övladlarının nəticələrini ölkə üzrə orta göstərici ilə müqayisə etmək imkanı olacaq.
Süni intellekt düşüncəni əvəz etməməlidir
“Təhsilin İnformasiyalaşdırılması İdarəsi bu istiqamətdə işləyir və bir qrup müəllim üçün Gemini-nin Pro versiyası əlçatan edilib. Təhsil İnstitutu hər il bir neçə min müəllimə süni intellekt alətlərindən səmərəli istifadə üzrə təlim keçir. Təlimlərə məktəb direktorları da cəlb olunur və bu iş gələn il də davam etdiriləcək” , - Əliyev deyib.
O həmçinin bildirib ki, süni intelektdən köməkçi kimi istifadə olunmalıdır. “
Mənim əvəzimə işi görsün, mən istirahət edim yanaşması ilə yox”, - o vurğulayıb.
Gülnar Nazimqızı