AYİB: Orta Dəhliz regionun iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilə bilər
Orta Dəhliz nəqliyyat əlaqəsindən kənara çıxaraq, regionun iqtisadi inkişafının hərəkətverici qüvvəsinə çevrilmək potensialına malikdir. Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Mouravidze Bakıda keçirilən Aİ–Azərbaycan Biznes Forumunda bildirib.
O qeyd edib ki, dəhlizin əsas dəyəri investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin yaradılması və özəl sektorun inkişafındadır. Eyni zamanda, infrastrukturun inkişafı vacib olsa da, əsas vəzifə dəhlizin vahid sistem kimi səmərəli, proqnozlaşdırıla bilən və kommersiya baxımından dayanıqlı fəaliyyətini təmin etməkdir.
Mouravidze üç əsas prioritet istiqaməti vurğulayıb: infrastruktur məhdudiyyətlərinin aradan qaldırılmasına yönəlmiş məqsədli investisiyalar, rəqəmsallaşma və prosedurların koordinasiyası, habelə nəqliyyat sahəsindən kənar iqtisadi imkanların genişləndirilməsi.
O vurğulayıb ki, Orta Dəhlizin uğuru yalnız yükdaşımalarının həcmi ilə deyil, həm də cəlb olunan investisiyalar, yaradılan iş yerləri və biznes fəallığının artımı ilə qiymətləndirilməlidir.
AYİB-in nümayəndəlik rəhbərinin fikrincə, dəhlizin inkişafı logistika xidmətlərinin, anbar təsərrüfatının, emal, istehsalat və ixracyönümlü biznesin genişləndirilməsi üçün yeni imkanlar açır. Bu isə regionda əlavə iqtisadi dəyərin yaradılmasına imkan verəcək.
Mouravidze, həmçinin investorlar, infrastruktur operatorları, logistika şirkətləri və hökumətlər arasında əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Beynəlxalq maliyyə institutları islahatları, layihələrin hazırlanmasını və tərəflər arasında əməkdaşlığı dəstəkləməklə bu prosesə töhfə verə bilərlər.
"Nəqliyyatın inkişafının dayanıqlı inkişaf və energetika keçidi məqsədləri ilə inteqrasiyası Orta Dəhlizin adi nəqliyyat marşrutundan bütün regionun iqtisadi artımının tamdəyərli drayverinə çevrilməsinə şərait yaradacaq",- o əlavə edib.
Aytac
Son xəbərlər