Deputat hər iqtisadi region üçün ayrıca inkişaf modelinin hazırlanmasını təklif edib
Milli Məclisin deputatı Tahir Mirkişili Azərbaycanın hər bir iqtisadi regionunun üstünlüklərinə uyğun inkişaf modelinin hazırlanmasını təklif edib.
“Azərbaycanın hər bir iqtisadi regionunun özünə uyğun profili və iqtisadi inkişaf modelini hazırlamaq daha düzgün ola bilərdi”, - Mirkişili deyib.
Onun sözlərinə görə, bəzi regionlarda kənd təsərrüfatı, digərlərində turizm və ya sənaye daha çox inkişaf edib və siyasət bu üstünlükləri nəzərə almalıdır.
Deputat yerli idarəetmə orqanları ilə mərkəzi qurumlar arasında koordinasiyanın gücləndirilməsinə, bələdiyyələrin xidmətlərinin və maliyyə hesabatlılığının şəffaflığının artırılmasına çağırıb.
Mirkişili regionların dayanıqlı inkişafı üçün özəl sektorun və sahibkarlığın genişlənməsinin vacibliyini vurğulayıb.
“Dövlət imkan yaradır, dövlət resurs verir, sahibkar isə iş yeri yaradır və büdcəyə vergi ödəyir”, - o deyib.
Deputat işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda sahibkarlar üçün vergi güzəştlərinin tətbiq olunduğunu, bəzi kommunal xərclərin isə dövlət tərəfindən qarşılandığını bildirib.
Onun fikrincə, bu ərazilərdə tətbiq olunan iqtisadi model gələcəkdə ölkənin digər iqtisadi rayonlarında da istifadə oluna bilər.
O, bələdiyyələrin rəqəmsal xidmətlərinin də genişləndirilməsini istəyib. “Vətəndaş üçün daha rahat və bələdiyyə xidmətlərini görə biləcəyi rəqəmsal platformalara geniş ehtiyac var”, - Mirkişili deyib.
Gülnar Nazimqızı