DİN və Baş Prokurorluq kafedəki hadisə ilə bağlı məlumat yayıb - video
Bakının Xətai rayonunda 43 yaşlı C.Mirağayevin qətlə yetirilməsi ilə bağlı 11 nəfər həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilib.
Məlumata görə, hadisə oktyabrın 23-də saat 00:10 radələrində Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində baş verib. C.Mirağayev bıçaq xəsarətlərindən ölüb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan, əvvəllər məhkum edilmiş Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu və Xəyyam Səfixanov, həmçinin Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev həbs ediliblər.
Birgə məlumatda qeyd olunub ki, həmin şəxslərin cinayətkar aləmin qaydalarına uyğun həyat tərzi keçirdikləri, mütəmadi qanunsuz fəaliyyətlə məşğul olduqları, hədə-qorxu ilə pul tələb etmək, kriminal dairələrdə nüfuz qazanmaq və tələblərinə tabe olmayan şəxsləri cəzalandırmaq məqsədilə cinayətkar birlik yaratdıqları, eləcə də onun fəaliyyətində iştirak etdikləri müəyyən edilib.
Bildirilib ki, cinayətkar birlik üzvlərinin odlu və soyuq silahlardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurmaq məqsədi güddükləri də müəyyən olunub.
Cinayət işi üzrə bütün halların, saxlanılan şəxslərin hər birinin cinayətdə iştirakının, cinayətkar birliyin fəaliyyət istiqamətləri və əlaqələrinin müəyyən edilməsi üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.