• $
  • €
  • ₽
  • ₺
  • £

UNESCO: qadın jurnalistlərin 75%-i onlayn zorakılıqla üzləşib

UNESCO: qadın jurnalistlərin 75%-i onlayn zorakılıqla üzləşib
27.10.2026 12:59

UNESCO, BMT Qadınlar Təşkilatı və Beynəlxalq Jurnalistlər Mərkəzinin 2026-cı il tədqiqatına görə, sorğuda iştirak edən qadın jurnalistlərin dörddə üçü onlayn zorakılığa məruz qalıb, təxminən yarısı isə bu zorakılığın real həyatda da davam etdiyini bildirib. İştirakçıların 45%-i sosial mediada özünüsenzuraya əl atdığını deyib. Bunu UNESCO-nun baş direktorunun müavini Asa Regner Bakı forumunda çıxışı zamanı bildirib.

O, gender bərabərliyinin təmin olunması və qızlarla qadınların imkanlarının genişləndirilməsinin mədəniyyətlərarası dialoqun inkişafı üçün vacib olduğunu vurğulayıb.

Regnerin sözlərinə görə, qadınlar təhsil, jurnalistika, kitabxana işi, turizm və elmi tədqiqatlar da daxil olmaqla bir çox sahədə mühüm rol oynayırlar. Bununla belə, onların ictimai həyatda iştirakına və qərarların qəbuluna təsir imkanlarına müxtəlif sosial və iqtisadi amillər, eləcə də cəmiyyətdə formalaşmış stereotiplər mane olur.

UNESCO rəsmisi bildirib ki, gender bərabərliyinin təşviqində təhsil əsas istiqamətlərdən biridir. Onun qeyd etdiyi 2026-cı il Qlobal Təhsil Monitorinqinin Gender Hesabatına görə, bir çox ölkədə qızlar və gənc qadınlar akademik nəticələrinə görə oğlanları və gənc kişiləri üstələyirlər. Bununla yanaşı, dünyada 133 milyon qız təhsildən kənarda qalır.

Regner təhsilə çıxışın təmin edilməsinin təkbaşına kifayət etmədiyini, qızların imkanlarını məhdudlaşdıran və oğlanların gender bərabərliyinə münasibətini formalaşdıran stereotiplərə də qarşı çıxmağın vacibliyini bildirib. O, bəzi ölkələrdə oğlanların da təhsildə çətinliklərlə üzləşdiyini və geridə qalmaq təhlükəsi ilə qarşılaşdığını qeyd edib.

O, qadın jurnalistlərin üzləşdiyi təhlükələrə də diqqət çəkib.

“Qadınlar və kişilər eyni hüquqlara malikdirlər və onlar bu hüquqlardan qorxu və ya təqib olmadan istifadə edə bilməlidirlər. Qadın jurnalistlər, xüsusilə süni intellekt və rəqəmsallaşmanın geniş müzakirə olunduğu dövrdə, əks halda eşidilməyəcək perspektivləri önə çıxarırlar”, - o bildirib. 

UNESCO rəsmisi onlayn zorakılığın qadın jurnalistlərin fəaliyyətinə və ifadə azadlığına təsirindən narahatlığını bildirib. O deyib ki, UNESCO qadın jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi, genderə həssas təhlükəsizlik siyasətlərinin tətbiqi və hüquq-mühafizə sahəsində çalışan qurumlarla əməkdaşlığın gücləndirilməsi istiqamətində çalışır.

Regner süni intellekt və rəqəmsal texnologiyalar sahəsində qadınların təmsilçiliyinin də aşağı olduğunu vurğulayıb. Onun sözlərinə görə, qadınlar məlumat və süni intellekt sahəsində çalışanların yalnız 26%-ni, mühəndislərin 15%-ni, bulud hesablamaları sahəsində çalışanların isə 12%-ni təşkil edirlər.

“Dünyada mövcud olan 138 milli süni intellekt strategiyasından yalnız 24-ü gender məsələlərinə toxunur. Qadınlar dizayn və qərarların qəbul edilməsi proseslərindən kənarda qaldıqda, bərabərsizliklər sistemlərin özündə daha da dərinləşə bilər”, - o bildirib.

Regner gender bərabərliyinin yalnız qadınların hüquqlarının qorunması ilə məhdudlaşmadığını, həmçinin qızların və oğlanların təhsildə, ictimai həyatda və texnologiyaların inkişafında bərabər imkanlara malik olmasını əhatə etdiyini vurğulayıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşüb
Cəmiyyət 18:22
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşüb
İrandan Azərbaycana keçmək istəyən üç əfqan saxlanılıb
Cəmiyyət 18:19
İrandan Azərbaycana keçmək istəyən üç əfqan saxlanılıb
Bakı metrosunun 27 stansiyasında defibrilyatorlar quraşdırılacaq
Cəmiyyət 18:06
Bakı metrosunun 27 stansiyasında defibrilyatorlar quraşdırılacaq
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
Cəmiyyət 17:55
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
Əli Əsədov İƏT-in Baş katibi ilə görüşdü
Cəmiyyət 17:15
Əli Əsədov İƏT-in Baş katibi ilə görüşdü
Hava ilə bağlı xəbərdarlıq edilib
Cəmiyyət 16:53
Hava ilə bağlı xəbərdarlıq edilib
Salyanda bir ailənin üç üzvü bıçaqlandı- Ana öldü - yenilənib
Cəmiyyət 16:44
Salyanda bir ailənin üç üzvü bıçaqlandı- Ana öldü - yenilənib
Ölkədə 60 yaşından sonra kişi və qadınlar nə qədər yaşaya bilər? - statistika
Cəmiyyət 16:25
Ölkədə 60 yaşından sonra kişi və qadınlar nə qədər yaşaya bilər? - statistika
ADY Çindən yeni qatarlar alır
Cəmiyyət 16:10
ADY Çindən yeni qatarlar alır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol